27/12/2016
19:46
2079
| A A A
Adil Şükürov "Zirə"dən ayrıldı

“Zirə” futbol klubunun rəhbərliyi və baş məşqçi Adil Şükürovun iştirakı ilə klubdaxili iclas keçirilib.

Goal.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, müzakirələr nəticəsində Premyer Liqanın ilk iki dövrəsi və Azərbaycan Kuboku uğrunda yarışda qeydə alınan nəticələr nəzərə alınaraq, komandada məşqçi dəyişikliyinin aparılması haqqında qərar qəbul edilib.

Qarşılıqlı razılaşma əsasında Adil Şükürov baş məşqçi vəzifəsindən ayrılıb. Premyer Liqada hazırki gərgin vəziyyət nəzərə alınaraq, bu vəzifə mövsümün sonuna qədər komandanı yaxından tanıyan, klub strategiyasına bələd olan Ayxan Abbasova həvalə olunub. Ötən mövsüm əsas komandada məşqçi olan Ayxan Abbasov cari mövsümün əvvəlindən əvəzedici komandamızın baş məşqçisi vəzifəsində çalışıb. Klub rəhbərliyi mövsümün sonunda əldə olunacaq nəticələrə əsasən, baş məşqçi məsələsinə yenidən baxacaq.

A.Şükürov isə bundan sonra da "Zirə"də fəaliyyətini davam etdirəcək. Onun komandanın həm formalaşmasında, həm də Premyer Liqada ilk mövsümdə gümüş medalları qazanmasında böyük əməyi olub. Klub rəhbərliyi bu dəyişiklikdən sonra A.Şükürovun xidmətindən yararlanmaq niyyətindədir. Gənc mütəxəssis bundan sonra klubun Futbol Akademiyanın koordinatoru vəzifəsində çalışacaq.