11/10/2018
18:26
820
| A A A
Neftçi-nin ilk dövrədə statistikası

Neftçi Topaz Premyer Liqasında ilk dövrəni lider kimi bitirdi.

Goal.az xəbər verir ki, 7 turdan sonra 19 xal toplayan Roberto Bordinin komandası əqiblərini geridə qoyub.

Hesabında 6 qələbə, 1 heç-heçə olan flaqman rəqib qapılarından hamıdan çox – 15 top keçirib, öz qapısından hamıdan az – 3 top buraxıb. Yeri gəlmişkən, bu mövsüm qeydə alınmış ən böyükhesablı qələbə də Neftçi-yə məxsusdur. Komanda 6-cı turda Səbailin qapısından 4 cavabsız top keçirib.

8 futbolçu – Səlahət Ağayev, Məhəmməd Mirzəbəyov, Baqali Dabo, Soni Mustivar, Qoran Paratski, Tural Axundov, Dario Frederiko və Mirabdulla Abbasov bütün oyunlarda meydana çıxıblar. Bunlardan yalnız Səlahət Ağayev və Məhəmməd Mirzəbəyov əvəzlənməyiblər.

Neftçinin heyətində rəqib qapıçılarını ən çox məyus edən futbolçu Baqali Dabodur – 4 qol. Dario Frederiko 3 dəfə adını tabloya yazdırıb. Emin Mahmudov, Mirabdulla Abbasov və Qoran Paratski 2 qolun müəllifidi. Kvame Karikari və Anton Krivotsyuk isə 1 dəfə qol sevinci yaşayıblar.

Cəzalandırılmış futbolçulara gəlincə, ən çox sarı vərəqə alan Anton Krivotsyukdur – 4 dəfə. Müdafiəçi məhz bu səbəbdən 7-ci turda Sabahla oyunu buraxmışdı. Tural Axundovun 2 "sarı”sı var. Məhəmməd Mirzəbəyov, Soni Mustivar, Emin Mahmudov və Qoran Paratski hərəyə bir dəfə hakimləri əlini cibinə atmağa vadar ediblər. Slavko Braliç isə Neftçinin ilk dövrədə qırmızı vərəqə alan yeganə futbolçusudur. Son turda iki sarı vərəqəyə görə qarşısında "qırmızı” görmüş xorvatiyalı müdafiəçi məhz bu səbəbdən Qəbələ ilə matçı buraxacaq.