04/12/2018
13:51
866
| A A A
Topaz Premyer Liqasında qış çempionu müəyyənləşdi

Topaz Premyer Liqasında qış çempionu müəyyənləşib.

Goal.az xəbər verir ki, mövsümün ilk yarısı başa çatmasa da, “Neftçi”nın qış fasiləsinə 1-ci pillədə yollanacağı rəsmiləşib. Buna “ağ-qaralar”ın XIII turda səfərdə “Sabah” üzərində 2:1 hesablı qələbəsi səbəb olub. Xal hesabını 32-yə çatdıran Roberto Bordinin yetirmələri ilin son turunun nəticələrindən asılı olmayaraq fasiləyə 1-ci pillədə yollanacağını təmin edib.

Bu, “Neftçi”nin Azərbaycan çempionatları tarixində 8-ci qış çempionluğudur. Bakılılar 1994/95, 1996/97, 2000/01, 2001/02, 2003/04, 2010/11 və 2011/12 mövsümlərində də qış fasiləsinə lider kimi yollanmışdı. Paytaxt təmsilçisi bu göstəricidə mütləq rekordçudur. “Neftçi”dən başqa “Qarabağ” 6, “Kəpəz”lə “İnter” (indiki “Keşlə”) hərəyə 3 dəfə qış çempionu olub. “Xəzri”, “Şəmkir”, “Karvan”, “Xəzər Lənkəran” və “Olimpik”in (indiki “Şüvəlan”) hərəyə 1 belə uğuru var.