27/12/2018
14:28
516
| A A A
Qəbələ 2018-də: İlin 12 hadisəsi

Son günlərini yaşadığımız 2018-ci ildə “Qəbələ” İdman Klubunun futbol komandaları və digər növlər üzrə təmsilçiləri bir sıra yarışlarda qüvvəsini sınayıb.

Goal.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, idmançılar həm futbol meydanlarında, həm də digər idman qurğularında ili nailiyyətlərlə başa vurublar. “Qırmızı-qaralar” həm komanda, həm fərdi yarışlarda uğurları ilə azarkeşlərini sevindirməyə nail olublar.

“Qəbələ"nin rəsmi saytı 2018-ci ilin 12 ayının ən yaddaqalan 12 məqamını açıqlayıb:

1. Ardıcıl 5-ci mükafat

2005-ci ildə yaranmasına baxmayaraq, qısa müddətdə Azərbaycan futbolunun liderləri sırasına qoşulan “Qəbələ” Topaz Premyer Liqasının 2017/18 mövsümünü də yüksək sıralarda bitirib. Roman Qriqorçukun baş məşqçisi olduğu komanda çempionatı 2-ci pillədə başa vurub. Bu, “qırmızı-qaralar”ın ardıcıl 2-ci gümüş mükafatı olub. Ümumilikdə isə komanda ardıcıl 5-ci dəfə mövsümü medalçılar sırasında yekunlaşdırıb. 2013/14, 2014/15 və 2015/16 mövsümlərində Premyer Liqanın üçüncüsü olan futbolçular 2016/17 və 2017/18 mövsümlərində gümüşə yiyələniblər.

2. Qəbələdə 2-ci futbol bayramı, “Qəbələ”nin 3-cü finalı

Qəbələ şəhər stadionu tarixində 2-ci dəfə Azərbaycan kubokunun finalını qəbul edib. Bu dəfə həlledici qarşılaşma 28 May – Respublika gününə təsadüf etməsi ilə yanaşı meydan sahibinin də bu görüşdə iştirakı ilə əlamətdar olub. Düzdür, “Qəbələ” “Keşlə” ilə qarşılaşmada nominal meydan sahibi olub. Lakin 3-cü dəfə finala yüksələn “qırmızı-qaralar” bu dəfə “doğma divarlar” arasında oynayıb. Həlledici matçda uduzan komanda 2013/14 və 2016/17 mövsümlərindəki nəticəsini təkrarlayaraq kubokun finalçısı olub.

3. “Qol kralı”

“Qəbələ” futbolçuları təkcə komanda deyil, fərqi uğura da imza atıb. Bu dəfə Baqali Dabo fərqlənib. O, Topaz Premyer Liqasının 2017/18 mövsümünün ən yaxşı bombardiri adına yiyələnib. 13 dəfə rəqib qapılarına yol tapan “Qol kralı” bu titulun “Qəbələ”də qalmasına səbəb olub. Bir il öncə 11 qol vuran Filip Ozobiç bu adın şərikli sahiblərindən idi.

4. Akademiyadan 4 çempionluq

Futbol akademiyasının komandalarının AFFA-nın təşkil etdiyi liqalardakı hegemonluğu artıq neçə ildir ənənəvi hal alıb. 2018-ci il də bu mənada istisna olmayıb. 4 komandamız 2017/18 mövsümünü çempion kimi başa vurub. U-19, U-17, U-16 və U-13 Azərbaycanın ən güclüsü olduqlarını sübut ediblər. U-15 və U-10 gümüş mükafata yiyələnibsə, U-11-in qazancı bürünc medal olub. Bundan başqa qızlardan ibarət komanda Yüksək Liqada 2-ci yeri tutub. Həmçinin əvəzedici komanda da 2017/18 mövsümünü mükafatçılar sırasında başa vurub. “Qırmızı-qaralar” gümüş medallara yiyələnib.

5. Avropada 5-ci sınaq

Premyer Liqada 2-ci yeri tutması “Qəbələ”yə avrokuboklara vəsiqə qazandırıb. “Qırmızı-qaralar” ardıcıl olmaqla tarixində 5-ci dəfə qitə səhnəsinə çıxıb. UEFA Avropa Liqasının daimi iştirakçılarından birinə çevrilən komanda mübarizəyə I təsnifat mərhələsindən qoşulub. Lakin son üç ildən fərqli olaraq bu dəfə ilk sədd keçilməz qalıb.

6. Moldovada tarixi uğur

AFFA-nın Gənclər Liqasında çempion olan U-19 komanda UEFA miqyaslı turnirə də vəsiqə əldə edib. Tarixində 2-ci dəfə UEFA Gənclər Liqasına yüksələn “Qəbələ” bu yarışda mərhələ keçən ilk Azərbaycan komandası adına yiyələnib. Emin İmaməliyevin baş məşqçisi olduğu U-19 Moldovanın “Şerif” klubunun müvafiq yaş qrupu üzrə komandasını mübarizədən kənarlaşdırıb. Bu tarixi zəfərə səfərdə imza atan futbolçular növbəti raundda Almaniya çempionu “Herta” ilə başabaş oynasa da, mübarizəni dayandırmalı olub.

7. UEFA Millətlər Liqasında ilk qol

2018-ci il ərzində “Qəbələ”nin 7 futbolçusu Azərbaycan millisinə çağırılıb. Bunlar Cavid Hüseynov, Ürfan Abbasov, Ruslan Qurbanov, Təmkin Xəlilzadə, Rauf Əliyev, İlqar Qurbanov və Asif Məmmədovdur. Sonuncu millidə bu il debüt edibsə, Təmkin, İlqar və Rauf ilk dəfə yığmada “Qəbələ”ni təmsil edib. Ürfanla Təmkin Azərbaycanın əsas komandasında qol hesabını da bu il açıb. Xəlilzadənin Maltada meydan sahiblərinin qapısından keçirdiyi top yığmamızın tarixinə UEFA Millətlər Liqasındakı ilk qol kimi düşüb.

8. Dünya çempionatında gümüş medal

2018-ci ildə cüdo üzrə dünya çempionatı Azərbaycanda keçirilib. Milli komandanın heyətində “Qəbələ” İdman Klubunun iki üzvü də yer alıb. +100 kq çəki dərəcəsində çıxış edən Uşangi Kokauri finala qədər bütün rəqiblərinə qalib gəlib. Yalnız həlledici görüşdə uduzan cüdoçu dünya ikincisi adına yiyələnib. 60 kq çəki dərəcəsində çıxış edən Kəramət Hüseynov isə 5-ci yerin sahibi olub.

9. Boksçulardan ikiqat uğur

2018-ci ildə boks üzrə Azərbaycan çempionatı 2 dəfə keçirilib. Dəri əlcək ustaları həm yanvarda, həm də ilin sonunda ölkənin ən güclülərini müəyyənləşdirib. Hər iki yarış “Qəbələ” boksçularının dominantlığı ilə keçib. Öncə 8, sonra 7 medala yiyələnən "Qəbələ" təmsilçiləri komanda hesabında hər iki çempionatın qalibi olub. Bununla da idmançılar bu uğurlu seriyanı 3-ə çatdırıb. Boksçuların əldə etdiyi 15 medaldan 7-si qızıl, 5-i gümüş, 3-ü bürünc olub.

10. Əfsanədən ilk

Dünya karatesinin əfsanələrindən birinə çevrilən “Qəbələ” İdman Klubunun təmsilçisi Rafael Ağayev uğurlarını 2018-ci ildə də davam etdirib. 5 qat dünya çempionu karyerasında ilk dəfə nüfuzlu Premyer Liqanın qalibi adına yiyələnib. Dubay (BƏƏ) və Rabat (Mərakeş) turnirlərində qalib olan, Paris (Fransa) və Berlində (Almaniya) yalnız finalda uduzub, Rotterdamda (Hollandiya) bürünclə kifayətlənən Ağayev Yaponiyanın Tokio şəhərində keçirilən seriyanın sonuncu turniri baş tutmamış ümumi hesabda 1-ci yeri təmin edib. Karateçimiz 11-ci Avropa çempionluğunu və dünya çempionatlarındakı ilk bürünc medalını da 2018-ci ildə əldə edib.

11. Olimpiadada bürünc medal

Bu il Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunları baş tutub. Yarışda “Qəbələ” İdman Klubunun taekvondoçusu Cavad Ağayev də uğurla çıxış edib. 2018-ci ildə gənclər arasında dünya çempionu adını qazanan idmançı Cənubi Amerikada bürünc mükafata yiyələnib. O, 63 kq çəki dərəcəsində fəxri kürsüyə qalxıb.

12. İki dünya kəməri

2018-ci il “Qəbələ” İdman Klubunun müxtəlif döyüş növlərində çıxış edən təmsilçiləri üçün də uğurlu alınıb. İdmançılar il ərzində bir sıra qələbələr qazanıb ki, onlardan ikisi dünya kəməri uğrunda duellər olub. Bəxtiyar Abbasov Bakıda təşkil edilən Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş MMA üzrə beynəlxalq turnirdə fərqlənib. O, 84 kq çəki dərəcəsində “MMA GEFC Global”ın (Grand European Fighting Championship) dünya çempionu tituluna yiyələnib. Pərviz Abdullayev isə kikboksinq üzrə “ACB KB”nin dünya kəmərinə yiyələnib. 77 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz bu uğura Rusiyanın paytaxtı Moskvada keçirilən “ACB KB 15” turnirində imza atıb. Daha iki idmançı - Nəriman Abbasovla (77 kq) Hüseyn Əliyev (70 kq) Ukraynanın Odessa şəhərində təşkil olunan WMMAF üzrə beynəlxalq çempionatın qalibi adına yiyələniblər