Keşlə klubu Azərbaycan Premyer Liqasının 1-ci dövrəsində səfərdə qol buraxmayan yeganə komanda olub.
Goal.az xəbər verir ki, bütün qolları evdə buraxan paytaxt klubu 7-ci turun Sumqayıt-la rəqib meydanındakı matçda (0:0) seriyasını 4-ə çatdırıb.
Tərlan Əhmədovun yetirmələri mövsümün əvvəlki səfər matçlarında Sabah (1:0), Qəbələ (3:0) və Neftçi-dən (0:0) də qol buraxmamışdı.
Keşlə rəqib meydanında sonuncu dəfə ötən mövsümün sonunda – mayın 11-də keçirilən Səbail-lə qarşılaşmada qol buraxıb. 4:1 hesabı ilə qalib gələn qonaqları 54-cü dəqiqədə Oke Akpoveta məyus edib. Həmin qoldan sonra Keşlə 396 dəqiqədir səfərdə qapısını toxunulmaz saxlayır.
Keşlə-nin tarixində rəqib meydanında belə quru seriyalar olsa da, heç vaxt starta təsadüf etməyib. Bakılılar ilk dəfə mövsümün əvvəlində belə seriyaya imza atıb. Bunadək startda ən yaxşı nəticə 2009/10 mövsümündə qeydə alınmışdı. Həmin vaxt ilk üç oyunda Turan (3:0), Xəzər Lənkəran (0:0) və Qəbələ-dən (1:0) qol buraxmayan paytaxt klubunun seriyası Gəncədə Kəpəz-lə görüşdə qırılıb – 0:1.
Keşlə növbəti səfər oyununu 10-cu tur çərçivəsində “Səbail”ə qarşı keçirəcək.