29/07/2022
13:29
1399
| A A A
Ramin Musayev Peşəkar Futbol Liqasının prezidenti vəzifəsindən ayrılıb

Peşəkar Futbol Liqası (PFL) qurumun prezidenti Ramin Musayevin istefası ilə bağlı məlumat yayıb.

Goal.az xəbər verir ki, funksioner səhhəti ilə əlaqədar postunu tərk edib.

14 ildir PFL prezidenti olan Ramin Musayev 2004-cü ildən futbol fəaliyyəti ilə məşğul olur. 2004-cü ilin aprelində Neftçi PFK-nin icraçı direktoru, həmin ilin noyabrında isə vitse-prezidenti təyin olunub. “Ağ-qaralar”da işlədiyi müddətdə komanda ilə Azərbaycan çempionu adına yiyələnib, avrokuboklarda mərhələlər keçib, 2006-cı ildə Birlik Kubokunun ilk qalibi olub.

2008-ci il iyulun 2-də AFFA-da keçirilən səsvermənin nəticəsinə əsasən, yeni yaradılan Peşəkar Futbol Liqasının ilk prezidenti seçilib və vəzifəsini 4 il icra edib. Yeni vəzifəyə seçildikdən sonra o, “Neftçi” klubundakı vitse-prezident postunu tərk edib.

2012-ci il iyulun 3-də Musayev AFFA prezidenti Rövnəq Abdullayev və klub rəhbərlərinin iştirakı ilə keçirilən növbəti seçkidə yekdilliklə ikinci müddətə PFL-in prezidenti seçilib. Funksioner 2016-cı il iyulun 5-də və 2020-ci il sentyabrın 14-dəki seçkilərin də qalibi olub.