08/11/2019
14:24
430
| A A A
"Komandamız ən azı iki yerdən birini tutmalıdır"

“Hamısı tanış rəqiblərdir. Rusiya, Xorvatiya və Slovakiya ilə müxtəlif illərdə qarşılaşmışıq. Xüsusən, Slovakiya ilə cəmi 15 gün əvvəl rəqib olduğumuzu qeyd etməliyəm”.

Goal.az xəbər verir ki, bunu Azərbaycan millisinin futzalçısı Rizvan Fərzəliyev DÇ-2020-nin elit-raundunun püşkünü dəyərləndirərkən deyib. 40 yaşlı oyunçu Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında qrupu bir qədər əlverişli adlandırıb: “Ciddi hazırlaşmalıyıq. Çünki burada zəif rəqib olmur. Komandamız ən azı iki yerdən birini tutmalıdır. Rusiya millisi ilə sonuncu dəfə sentyabrda üz-üzə gəlmişik. Oyun üslublarına bələdik. Onları qrupun mütləq favoriti adlandırmaq düzgün olmazdı. Xorvatiya meydan sahibi olacaq, amma bu, bizi narahat etməməlidir. Düzdür, bizimlə görüş onlar üçün də bir qədər rahat olacaq. Çünki rəqiblərimiz də bizi yaxından tanıyır, necə oynadığımızı bilirlər. Bu baxımdan razıyam, vəziyyət bərabərdir”.

Fərzəliyev bütün komandaların şanslarının bərabər olduğunu söyləyib: “İndiyə qədər əldə olunan nəticələrə diqqət yetirsək, Rusiya millisinin oturuşmuş heyətə malik olduğunu və sabit çıxış etdiyini qabartmalıyıq. Bu komanda Avropa və dünya çempionatlarının finalında oynamağa alışıb. Xorvatiya ilə isə 2015-ci ildə qarşılaşmışdıq. Həmin vaxt yenə dünya çempionatının qrup oyunlarına onlar evsahibliyi edirdilər. Heç-heçə etsək də, biz qrupun qalibi olduq və pley-offda Niderland millisi ilə qarşılaşdıq, Kolumbiyaya vəsiqəni əldə etdik. Təbii ki, bu oyun 4 il əvvəl olub. İndi Avropada zəif komanda yoxdur, hər bir milli inkişaf edir, güclənir. Ona görə də qrupdakı 4 komandanın hər birinin birinci yeri tutmaq sanşı var. Birinci yeri tutsaq, əla olar. Ən pis halda pley-off mərhələsində oynamaqla bu vəsiqəni qazanmalıyıq”.

Qeyd edək ki, Azərbaycan millisi elit-raundda Rusiya, Xorvatiya və Slovakiya ilə birgə C qrupunda yer alıb. Bu qrupun oyunları gələn il yanvarın 27-dən fevralın 5-dək Xorvatiyada keçiriləcək. Qrup qalibləri birbaşa final mərhələsinə vəsiqə qazanacaq. İkinci pillənin sahibləri isə pley-off oyunlarında üz-üzə gələcək. C qrupunda yer alan milli qrupunda ikinci pilləni tutarsa, D qrupunun ikincisi ilə üz-üzə gələcək. Qalib komanda gələn il sentyabrın 12-dən oktyabrın 4-dək Litvada təşkil ediləcək final mərhələsinə vəsiqə qazanacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39322 səs