13/08/2019
23:39
1448
| A A A
APOEL-in baş məşqçisi: "Addım-addım istəyimizə çatdıq"

"Komanda olaraq, çıxışımızdan razı qaldım. Çətin oyun alındı. Qapıçımız ilk yarıda əla top çıxardı. Qapımızı toxunulmaz saxlamaqla istəyimizə nail olduq". 

Goal.az-ın məlumatına görə, bunu Kipr APOEL-inin baş məşqçisi Tomas Doll Bakıda "Qarabağ"a 2:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib. 

Almaniyalı mütəxəssis bildirib ki, penalti olmasaydı belə, ilk qolu vurmasaydılar belə, fərqlənmək imkanları yaranacaqdı. O, bunu ilk matçdan fərqli çıxış etmələri ilə əlaqələndirib: "Rəqibi bir az irəlidə qarşıladıq, yüksək motivasiya ilə çıxış etdik. Cəsur, ürəkli və sürətlə oynadıq. İlk oyunla müqayisədə nəyisə dəyişməyə nail olduq. İkinci hissənin ilk 15 dəqiqəsində çətinlik çəkdik. Bu bölümdə qapımızı toxunulmaz saxlayaraq, addım-addım istəyimizə çatdıq".

Doll sələfi Paolo Trametsaninin rolunu da vurğulayıb: "Bura gələndə komandama dedim ki, mərhələ keçsək, Trametsaninin rolu böyük olacaq. Ona və daim bizimlə olan klub prezidentinə minnətdaram".

Baş məşqçi qələbədə komandada özünəinam hissi yaratmalarının böyük rol oynadığını da vurğulayıb. O, ilk oyunla müqayisədə sistemi dəyişdirdiklərini bildirib. Təcrübəli mütəxəssis 4-3-3 sistemi ilə oyuna başladıqları halda, "Qarabağ"ın hücumları ilə əlaqədar ikinci hissənin əvvəllərində sistemi dəyişdirdiklərini və yalnız növbəti qoldan sonra 4-3-3-ə qayıtdıqlarını əlavə edib.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
7217 səs