18/05/2022
10:00
2188
| A A A
Bu gün UEFA Avropa Liqasının qalibi bəlli olacaq

Bu gün UEFA Avropa Liqasında 2021/2022 mövsümünə yekun vurulacaq.

Goal.az xəbər verir ki, turnirin final oyununda Eintracht Frankfurt və Rangers üz-üzə gələcəklər. İspaniyanın Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edəcək.

İki komanda ilk dəfə avrokubokların finalında qarşılaşacaq. Daha əvvəl 1959/1960 mövsümündə Çempion Klublar Kubokunun (indiki Çempionlar Liqası) yarımfinalında Qlazqo klubuna rəqib olan Eintracht ilk matçda 6:1, cavab görüşündə isə 6:3 hesabı ilə qalib gələrək, finala adlamış, lakin titulun 1 addımlığında Real Madrid-ə uduzmuşdu.

Almaniya təmsilçisi daha sonra 1966/1967 mövsümündə İntertoto Kubokunu, 1979/1980 mövsümündə isə UEFA Kubokunu (indiki Avropa Liqası) qazanıb.

Beynəlxalq arenada 6-cı dəfə finala çıxan Rangers isə əvvəlki 5 həlledici qarşılaşmanın yalnız birində titula sahib çıxıb. Covanni van Bronkhorstun rəhbərlik etdiyi komanda 1971/1972 mövsümündə UEFA Kuboklar Kubokunun finalında Dynamo Moskva-nı məğlub edib.

UEFA Avropa Liqası

Final

18 may

23:00. Eintracht - Rangers

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

Sevilya, "Ramon Sançes Pisxuan" stadionu.

Qeyd edək ki, Avropa Liqasının son qalibi Villarreal olub. (report)