08/03/2023
18:49
19577
| A A A
"Bir futbolçunu Torino-ya məsləhət görmüşəm"

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi "İctimai" TV-də yayımlanan "Bol İdman" verilişinə müsahibə verib.

Goal.az həmin müsahibəni təqdim edir:

- 2022-ci ili Azərbaycan yığması üçün necə dəyərləndirirsiz?

- Ötən ilin sonları bizim üçün yaxşı keçdi. İnkişaf göz qabağındadır, millidə birlik var. Yoldaşlıq görüşlərində və Millətlər Liqasında qələbələr qazandıq. Məni təəssüfləndirən odur ki, Qazaxıstanla oyunda uduzduq. Buna layiq deyildik. Qələbə qazansaydıq, Millətlər Liqasında qrupdan çıxa bilərdik.

- Ardıcıl 5 oyunluq qələbə sayı var. Bu, rekorddur. Lakin bəzən bunlara böyük əhəmiyyət vermirlər. Siz özünüz necə düşünürsüz? Burada gördüyünüz işlərdən razısızmı?

- Latviya və Malta ilə oyunlardan sonra komandadan narazılıqlar çox oldu. Sonra bir sıra dəyişikliklər oldu. Eksperimentlər də futbolun bir hissəsidir. Bunun nəticəsində Millətlər Liqasında yaxşı nəticələr əldə etdik. Kimlərsə bunlara əhəmiyyət verməyə bilər, amma artıq yaxşı oynamağa başlamışıq.

- Komandaya bu vaxta kimi nəyi aşılamısız?

- Əsas modul taktika deyil, onu meydanda necə icra etməkdir. Futbolçularla danışanda mənə onlar üçün üç müdafiəçi ilə oynamağın rahat olduğunu dedilər. Məğlubiyyət zamanı hamı səbəb axtarır. Futbolu dərindən bilməyənlər rəqəmlərdən danışır.

- 2024-cü ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində Avstriya, İsveç, Belçika və Estoniya ilə qarşılaşacaqsız...

- Çox çətin qrupda yer almışıq. Bu, o anlama gəlməməlidir ki, mən bəhanə axtarıram. Qrupumuzda güclü komandalar var. İlk səfər oyunlarımız çətin olacaq. Potensialımızı yaxşı bilirik. Özümüz-özümüzə çətinlik yaratmayaq. Futbolda sürpriz nəticələr olur. Bu yaxınlarda "Almeriya" "Barselona"nı məğlub etdi. Bütün matçlar 0:0 hesabıyla başlayır. Gücümüzü qoyub, yaxşı nəticələr əldə etməyə çalışacağıq.

- Mətbuatda yayıaln xəbərlərə görə 3 klub və bir milli komandadan təklif almısız...

- Başqa milli komandadan təklif var idi. Lakin mən başladığım işi bitirmək istəyirəm. Müqaviləmə hörmətlə yanaşıram. AFFA özü mənlə əməkdaşlıq maraqlı olmasaydı, digər təklifləri nəzərdən keçirərdim.

- Müzakirə mövzularından biri də milli üzvlərinin böyük məbləğdə mükafat almasıdır. Azarkeşlərdə belə düşüncə var ki, nə üçün Millətlər Liqasında qələbələrə görə böyük məbləğdə mükafat verilməlidir?

- Bu mövzuda danışmağı sevmirəm. Sosial şəbəkələrdə yazılanların 90 faizi düzgün deyil. Yığmalarda hər zaman mükafat olur. İnsan ilk növbədə işini sevdiyi üçün görür. Uğur varsa, mükafat da olmalıdır. Futbolçular millidə maaş almır. Burada bu məsələyə çox fiki verirlər. Hamı soruşur ki, nə qədər qazandız? İlk növbədə qələbə qazanmaq lazımdır. Azərbaycana pul yox, uğur qazanmaq üçün gəlmişəm. İstəməsəm, işləməzdim və ailəmlə oturardım.

- "Qarabağ"ın avrokubok oyunlarında stadion azarkeşlərlə dolur, ancaq millinin görüşlərinə az sayda fanat gəlir...

- Bu sualı özümə də verirəm. Bu, məni narahat edir. "Qarabağ"ın avrokubok oyunlarını izləyirəm. Orada 25-30 min azarkeş gəlir, amma yığmanın oyunlarında belə olmur. Başa düşürəm, nəticə yaxşı olmayanda fanatlar stadiona gəlmək istəmmir. Amma biz onlarla birlikdə yaxşı nəticələr qazanmaq istəyirik.

- Millinin qarşıdakı oyunları üçün heyətdə yeni adlar olacaq?

- Bütün futbolçuları izləyirəm. Xaricdə çıxış edən oyunçular daim diqqət mərkəzindədir. Təxminən eyni heyət olacaq. Yeni çağırılanlar arasında "Sabah"ın qapıçısı Yusif İmanov var. O, özünü yaxşı tərəfdən göstərə bilib.

- Qapıçı mövqeyi üçün seçiminiz nə olacaq?

- Səlahət Ağayev və Emil Balayevi çox bəyənirəm. Yusifin təcrübəsi az olsa da, gec-tez bunu qazanmalıdır. Məsələn, Buffon 17 yaşında A Seriyasında oynamağa başlayıb. İndi nəyisə açıqlamaq istəmirəm.

- Azərbaycan çempionatının durumu necədir?

- Azərbaycan Premyer Liqası inkişaf edib. Məni ən çox təəccübləndirən "Sabah" olub. "Neftçi" və "Qarabağ" arasında da son oyun maraqlı alındı. Duman səbəbindən ilk hissəni yaxşı izləyə bilmədim.

- Nə üçün yerli futbolçularımız Avropaya çıxmaq istəmir?

- Azərbaycanlı futbolçu burada özünü yaxşı hiss edir və kənara çıxmaq istəmir. İnkişaf üçün xaricə çıxmaq lazımdır. Təzyiq, çətinlik görməlisiz. Bu olmasa, inkişaf da olmayacaq.

- Burada işlədiyiniz vaxtdan xarici klublara məsləhət gördüyünüz oyunçular olubmu?

- İtaliya klublarına məsləhət gördüyüm azərbaycanlı futbolçular olur. Təzə gələndə bir futbolçunu çox bəyənmişdim. "Atalanta"nın o vaxtki idman direktoruna zəng etdim və ona məsləhət göstərdim. İki-üç oyundan sonra həmin futbolçunu izlədim və yanıldığımı gördüm. Digər bir futbolçunu "Torino"ya məsləhət görmüşəm və hələ də izləyirlər. Birinin İtaliyaya getməsi digər futbolçuların da yollarını aça bilər.

GÜNÜN ƏN ÇOX OXUNANLARI