06/07/2022
19:20
571
| A A A
Azərbaycan millisi Avropa çempionatına bu heyətlə yollanır

Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə Avropa çempionatı keçiriləcək.

Goal.az xəbər verir ki, sabah U-17, növbəti gün isə U-20 yaş qrupunda qitə birinciliyinin medalçıları müəyyənləşəcək.

Baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında U-17 yaş qrupunda Hüseyn Sevdimov (50 kq), Ziya Göyüşov (60 kq), Vüsal Əliyev (70 kq) və Anar Cəfərli (80 kq), U-20 yaş qrupunda isə Rübail İbrahimli, Hüseyn Əliyev (hər ikisi 70 kq), Fərid Yusifov (80 kq), Fərid Cabbarov (90 kq) və Zəfər Əliyev (+90 kq) ölkəmizi təmsil edəcək.

Proqrama əsasən, qrup mərhələsinin görüşləri Bakı vaxtı ilə 11:00-da başlayacaq. Pley-off və medallar uğrunda mübarizəyə isə 17:00-da start veriləcək.

Həftəsonu isə böyüklər arasında dünya seriyasının 4-cü mərhələsi baş tutacaq. İyulun 9-10-da keçiriləcək turnirdə həmişə olduğu kimi, Ramiz Həsənov (70 kq), Omid Kamaliaqdam (80 kq) və İbrahim Yusubov (90 kq) çıxış edəcək.

Beynəlxalq dərəcəli hakim Bəşir İsazadə bu yarışlarda ədaləti qoruyacaq.