17/02/2023
00:00
2506
| A A A
Konfrans Liqası: Qarabağ Gent-i məğlub etdi (VİDEO)

Qarabağ UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

Goal.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Bakıda Belçikanın Gent klubu ilə üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanı Məhəmməd Al-Hakimin rəhbərlik etdiyi İsveçdən olan hakimlər briqadası idarə edib. Matç Türkiyə və Suriyada baş vermiş zəlzələdə dünyasını dəyişənlərin xatirəsinə görə bir dəqiqəlik sükutla başlayıb.

Görüşün ilk dəqiqələri kəşfiyyat xarakteri daşıyıb. 8-ci dəqiqədə rəqib hesabı açmağa yaxın olsa da, istəyinə nail ola bilməyib. 24-cü dəqiqədə "Gent"in növbəti hücumu da təhlükəli alınıb. Azərbaycan çempionu ilk yarım saatda çərçivəyə düşməkdə çətinlik çəkib. 32-ci dəqiqədə Elvin Cəfərquliyevin zərbəsindən sonra top toru yandan silkələyib. İlk hissə qolsuz bərabərliklə yekunlaşıb.

İkinci yarıya "köhlən atlar" daha fəal başlayan tərəf olub. 47-ci dəqiqədə Ramil Şeydayevin fərqlənməsinə rəqib qapıçı imkan verməyib. Ardınca referi VAR-a baxdıqdan sonra qonaqların qapısına penalti təyin edib. Ramil Şeydayev 51-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib. 10 dəqiqə sonra Qarabağ-ın hücumu növbəti dəfə təhlükəli alınıb. Ağdam təmsilçisi sonlara yaxın Gent-i öz cərimə meydançasında sıxmağa başlayıb. Bunun məntiqli nəticəsi kimi 78-ci dəqiqədə Leandro Andrade topu rəqib qapısından keçirib. 89-cu dəqiqə Redon Cicanın zərbəsindən sonra top dirəyə dəyib.

Beləliklə, matç Azərbaycan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Cavab görüşü fevralın 23-də Belçikada baş tutacaq. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI