29/11/2018
23:46
1214
| A A A
Qarabağ qapısından 6 qol buraxdı

UEFA Avropa Liqasının V turu çərçivəsində keçirilən Qarabağ - Sporting qarşılaşması qonaqların 1:6 hesablı qələbəsi ilə yekunlaşıb.

Goal.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın ilk dəqiqələrindən hücuma atılan qonaqlar istəklərinə nail olublar. Oyunun 4-cü dəqiqəsində Yakub Jezniçak Bas Dosta qarşı sərt oynayaraq komandasının qapısına 11 metrlik zərbənin səbəbkarı olub. Penalti zərbəsini dəqiq yerinə yetirən Dost 5-ci dəqiqədə hesabı açıb. Qoldan dərhal sonra Qarabağ hücumlara atılıb və 14-cü dəqiqədə Geryenin məhsuldar ötürməsi ilə Abdullah Zubir hesabı bərabərləşdirib. Qapısında qol görən portuqallar çox keçməmiş hesabı öz xeyirlərinə dəyişdiriblər. 20-ci dəqiqədə Bruno Fernandeş uzaq zərbədən hesabı 1:2 edib. 33-cü dəqiqədə isə Luiş Nani mahir ustalığı sayəsində hesab arasında ki fərqi artırıb. İlk hissə 1:3 hesabı ilə bitib. İkinci hissəyə Qarabağ istəkli başlasa da, 65-ci dəqiqədə Abdullaye Diabi komandamızı məyus edib - 1:4. Daha sonra 75-ci dəqiqədə ilk öncə Fernandeş, 82-ci dəqiqədə isə Diabi dubl edib. Oyun 1:6 hesabı ilə bitib. Bu oyundan sonra Qarabağ 3 xalla sonuncu, Sporting isə 10 xalla ikinci pillədə qərarlaşıb.