28/05/2019
15:35
3652
| A A A
"Dumanlı Abion"dan "küləklər şəhəri"nə - tarixi rəqabət...

Bu yazıda Chelsea - Arsenal matçı ilə bağlı maraqlı faktları, 2 klub arasındakı tarixi rəqabəti və statistik göstəriciləri oxucularımıza çatdırmağa çalışacağıq.

Uzun zamandan bəri gözlədiyimiz tarixi an nəhayət ki, gəlib çatdı. Söhbət paytaxtımızda baş tutacaq UEFA Avropa Liqasının final matçından gedir. Köhnə qitənin ikinci dərəcəli klub turnirinin püşkü atılanda həm Chelsea, həm də Arsenal favoritlər arasında göstərilsə də, heç kimin ağlına gələ bilməzdi ki, bu iki ingilis nəhəngi Bakıdakı finalda qarşı-qarşıya gələcək. Dünyada 1 milyarddan çox insan izləyəcəyi gözlənilən finalda Dumanlı Albion təmsilçiləri münasibətlərə aydınlıq gətirəcəklər. Bir sözlə, küləklər şəhəri “dumana qərq olacaq”. Əvvəla qeyd edək ki, Bakı Olimpiya stadionunda baş tutacaq final matçı yerli vaxtla saat 23:00-da başlayacaq. Görüşü Canluka Rokkinin rəhbərlik etdiyi italiyalı hakimlər briqadası idarə edəcək.

London derbisi

Həm Arsenal, həm də Chelsea eyni şəhəri təmsil etdiyinə görə bu iki klub arasında baş tutan matçlar derbi hesab edilir. Arsenal şimali Londonu (şəhərin Holloway səmtini), ingilis futbolunun zadəganları hesab olunan Chelsea isə Qərbi Londonu (şəhərin Chelsea rayonunu) təmsil edir. Bir çox səbəbdən Chelsea - Arsenal matçları həmişə öz prinsipiallığı ilə yadda qalıb.

İlk və son oyunlar

İlk oyun XX əsrin əvvəlinə təsadüf edir. Yerli London Liqasında mübarizə aparan Chelsea və Arsenal klubları tarixdə ilk dəfə 1907-ci il noyabrın 9-da üz-üzə gəlib. Həmin görüşdə ev sahibi olan Chelsea Arsenal-a 2-1 hesabı ilə qalib gəlib. İki klub arasındakı sonuncu matç isə bu mövsümə təsadüf edir. 2019-cu il yanvarın 19-da İngiltərə Premyer Liqası çərçivəsində baş tutan matçda ev sahibi Arsenal əzəli və əbədi rəqibi Chelsea-ni 2-0 hhesabı ilə məğlub edib.

Картинки по запросу london derby chelsea arsenal  1907

Son 10 oyun

Son 10 oyuna nəzər salsaq, komandaların “bərabərlik sindromu”na tutulduğunu görə bilərik. Belə ki, sözügedən 10 matçın 5-i heç-heçə yekunlaşıb. Qalan 5 matçın 3-də Arsenal, 2-də isə Chelsea sevinən tərəf olub:

1. Arsenal 2-1 Chelsea

2. Arsenal 0-3 Chelsea

3. Arsenal 1-1 Chelsea

4. Chelsea 0-0 Arsenal

5. Arsenal 2-2 Chelsea

6. Chelsea 0-0 Arsenal

7. Arsenal 2-1 Chelsea

8. Arsenal 1-1 Chelsea

9. Chelsea 3-2 Arsenal

10. Arsenal 2-0 Chelsea

Statistika Arsenal deyir

Bütün turnirləri nəzərə alsaq, görərik ki, Arsenal-ın Chelsea yə qarşı oyunlarda cüzi üstünlüyü var. Bu günə kimi iki klub arasında 197 rəsmi görüş baş tutub. Bunun 76-da topçular, 63-də isə zadəganlar qələbəni bayram edib. 58 matç isə sülhlə yekunlaşıb. Bu görüşlərdə Arsenal 275, Chelsea isə 256 dəfə rəqibini məyus edib. Topların nisbəti 19 xallıq göstərici ilə topçuların xeyrinədir.

Картинки по запросу arsenal 2-0 chelsea

Ən böyük hesablı qələbə

Bütün dünyada əzəli rəqiblərin azarkeşləri bir-birilərini qıcıqlandırmaq üçün ən böyük hesablı qələbələrini həmişə “əllərində bayraq etmək”dədir. İngilis futbolunda bu tendensiya o qədər də geniş yayılmasa da, bir faktı qeyd edək ki, Chelsea fanatlarının bu sarıdan bəxti gətirib. Uzun sözün qısası, zadəganlar 2014-cü il martın 22-də rəqibin qapısından 6 cavabsız top keçirib ki, bu da Chelsea-Arsenal matçlarında ən böyük hesablı qələbə sayılır. Tarix ərzində Chelsea-Arsenal duelində ən çox qol vuran futbolçu isə bir vaxtlar zadəganların şərəfini qorumuş Didye Droqbadır. Hazırda kot-d’ivuarlı hücumçu 13 topla əlçatmazdır.

Chelsea avrokuboklarda

İngilis futbolunun zadəganı tarixi ərzində köhnə qitənin bir nömrəli klub turniri Çempionlar Liqasında 2 dəfə final (2007/2008; 2011/2012) oynayıb və bunların birində kuboku öz muzeyinə apara bilib. 2012/2013-cü illər mövsümündə isə UEFA Avropa Liqasının finalına çıxan Chelsea Portuqaliya təmsilçisi Benfica-nı məğlub edərək kubokun sahibi olmuşdur. Bundan əlavə Chelsea 2 dəfə Kuboklar kubokunun (1970/1971; 1997/1998), 1 dəfə də UEFA Super Kubokunun (1998/1999) qalibi olmuşdur.

Картинки по запросу chelsea - benfica

Arsenal avrokuboklarda

Əzəli rəqibi Chelsea -dən fərqli olaraq Arsenal avrokuboklarda o qədər də çoxsaylı titullara yiyələnə bilməyib. 2005/2006-cı illər mövsümündə UEFA Çempionlar Liqasının finalına yüksələn topçular İspaniya təmsilçisi Barcelona-ya 2-1 hesabı ilə məğlub olmuşdular. Arsenal-ın UEFA Avropa Liqasında da bəxti gətirmir. 1999-2000-ci illər mövsümündə o vaxtkı adı ilə UEFA kubokunun finalında Türkiyə təmsilçisi Galatasaray-la qarşılaşan Arsenal penalti zərbələrində rəqibinə məğlub olmuşdu. Topçuların avrokuboklardakı yeganə titulu hazıda mövcud olmayan Kuboklar kubokudur. Klub 1993/1994-cü illər mövsümündə sözügedən kubokun sahibi olub.

Chelsea-nin biləyi bükülmür...

Bakıdakı finala vəsiqə qazanan Mauritsio Sarri yetirmələri bu mövsüm UEFA Avropa Liqasında məğubiyyətin nə olduğunu unudub. Turnirin həlledici görüşünə kimi 14 matça çıxan zadəganlar bunun 11-də qələbə qazanıb və 3 oyun heç-heçə yekunlaşıb. Yunanıstanın PAOK, Macarıstanın Videoton və Belarusun BATE klublarının qərarlaşdığı L qrupunu lider kimi başa vuran Chelsea növbə ilə 1/16 finalda İsveçin Malmö, 1/8 finalda Ukyaynanın Dinamo Kiev, 1/4 finalda Çexiyanın Slavia, 1/2 finalda Almaniyanın Eintracht kimi klublarını sıradan çıxarıb. Bu mövsüm zadəganların heyətində ən məhsuldar oyunçu 10 qolla yadda qalan Olivye Jirudur.

Arsenal-ın geridönüşləri...

Chelsea-dən fərqli olaraq Arsenal bu mövsüm UEFA Avropa Liqasında o qədər stabil çıxış etməyib. Belə ki, klub BATE və Rennes ilə səfər matçlarında məğlub olub. Amma topçular evdə oynadıqları cavab matçlarında geridönüşlər edərək mərhələni adlayan tərəf olublar. Portuqaliyanın Sporting, Ukraynanın Vorskla və təmsilçimiz Qarabağ-ın yer aldığı E qrupunu lider kimi tamamlayan Unay Emerinin yetirmələri növbə ilə 1/16 finalda Belarusun BATE, 1/8 finalda Fransanın Rennes, 1/4 finalda İtaliyanın Napoli, 1/2 finalda İspaniyanın Valencia klublarını məğlub edib. Arsenal-ın heyətində ən məhsulada futbolçu rəqib qapıçıları 8 dəfə məyus edən Pyer-Emerik Aubameyanqdır.

Petr Çex və Olivye Jiru

Bu iki futbolçu müxtəlif vaxtlarda həm Chelsea-nin, həm də Arsenal-ın heyətində çıxış edib. Hazırda Arsenal-da çıxış edən çexiyalı veteran qapıçı Petr Çex 2004-cü ildən 2015-ci ilin yayınadək Chelsea-nin qapısını qoruyub. 2015-ci ildə Arsenal-a transfer olunan təcrübəli qapıçının Unay Emeri tərəfindən final oyununda oynadılacağı gözlənilir. Hazırda zadəganların ən məhsuldar futbolçularından biri olan Olivye Jiru Çexdən fərqli olaraq Arsenal-ı Chelsea-yə dəyişib. 2012-ci ildən 2018-ci ilədək Arsenal-ın şərəfini qoruyan fransız ulduz Chelsea -yə transfer olduqdan sonra əsas heyətin üzvünə çevrilib. Sarrinin Bakıdakı finalda Jiruya əsas heyətdə şans verəcəyi gözlənilir.

Картинки по запросу petr cech

Sarri “sinifdə qalıb”

Arsenal-ın baş məşqçisi Unay Emeri həmkarı Mauritsio Sarridən yaşca kiçik olsa da, avrokuboklarda ondan daha uğurlu nəticələr əldə edib. İspan məşqçi Sevilla-ya rəhbərlik etdiyi dövrdə 2013/2014, 2014/2015, 2015/2016-cı illər mövsümlərində ardıcıl olaraq 3 dəfə UEFA Avropa Liqasının qalibi olub. İspaniyalı həmkarından fərqli olaraq Mauritsio Sarrinin çalışdığı müxtəlif klublarda heç bir avrokubok uğuru yoxdur. Bu cəhətdən italyan məşqçinin “sinifdə qaldığını” deyə bilərik.

Arsenal-ın Çempionlar Liqası şansı

Cari mövsüm 72 xal toplayan Chelsea Manchester City və Liverpool-un ardından Premyer Liqanı 3-cü pillədə bitirib. Bu da zadəganlara gələcək mövsüm Çempionlar Liqasının qrup mərhələsində iştirak hüququ verir. Arsenal isə 70 xal toplayaraq Premyer Liqanı Tottenham-in ardından 5-ci pillədə bitirib. Topçular bu nəticə ilə ən yaxşı halda gələcək mövsüm UEFA Avropa Liqasının qrup mərhələsində çıxış edə bilərlər. Əgər Unay Emerinin yetirmələri bu mövsüm Avropa Liqasının qalibi olarsa, 5-ci pillədə qərarlaşmasından asılı olmayaraq gələcək mövsüm Çempionlar Liqasının qrup mərhələsinə vəsiqəni avtomatik təmin edəcək. Məhz final matçını prinsipial edən amillərdən biri də budur.

İngilis futbolu və Azərbaycan

Futbolun yaradıcılarının tarixdə ilk və tək dünya çempionluqlarına (1966-cı il mundialı) azərbaycanlı hakim Tofiq Bəhramovun “sayəsində” qazandığını nəzərə alsaq, Azərbaycan ingilis futbolsevərləri üçün heç də yad ölkə deyil. Bundan əlavə İngiltərə və Azərbaycan milli komandaları rəsmi oyunlarda 2 dəfə üz-üzə gəlib. Hər iki görüş Dumanlı Albion təmsilçisinin xeyrinə yekunlaşıb. Klub səviyyəsində Qarabağ-ın avrokuboklarda Chelsea, Arsenal və Tottenham ilə matçlarını qeyd etmək olar. Ən maraqlı məqamlardan biri də həm Chelsea-nin, həm də Arsenal-ın Bakı Olimpiya Stadionda oyun keçirməsidir. Ötən mövsüm UEFA Çempionlar Liqasının qrup mərhələsində təmsilçimiz Qarabağ-ın qonağı olan Chelsea rəqibi 0-4 hesabı ilə məğlub etmişdi. Cari Avropa Liqasının qrup mərhələsində Qarabağ-ın qonağı olan Arsenal isə rəqibini 0-3 hesabı ilə məğlub etmişdi.

Həmidağa Məcidov

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33190 səs