27/09/2019
15:46
2240
| A A A
Qarabağ Lüksemburqda tilsimi qıra bilər - UEFA statistik göstəriciləri açıqladı

UEFA Qarabağ-ın Avropa Liqasının qrup mərhələsinin II turunda Lüksemburq təmsilçisi Dudelange-la səfər oyunu üçün statistik məlumatları açıqlayıb.

Goal.az xəbər verir ki, ağdamlılar ilk turda İspaniyanın Sevilla komandasına Bakıda 3 cavabsız qolla uduzub. Lüksemburqlular isə Kiprdə APOEL-i 4:3 hesabı ilə üstələyiblər.

Əvvəlki qarşılaşmalar

Bu komandalar 3 mövsüm öncə Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsində görüşüblər. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv evdə Riçard Almeydanın dublu sayəsində 2:0 hesabı ilə qalib gəlib. Lüksemburqdakı görüşdə isə heç-heçə qeydə alınıb – 1:1. Azərbaycan çempionunun bərabərlik qoluna Reynaldo Silva imza atıb.

Qarabağ və Dudelange indiyədək rəqibin təmsil etdiyi ölkənin başqa komandaları ilə üz-üzə gəlməyiblər.

Komandalar haqda faktlar

Dudelange

Lüksemburq futbolunun flaqmanı ötən mövsüm ardıcıl 4-cü dəfə qızıl medallara sahib çıxmaqla 15 qat ölkə çempionu olub. Dudelange ötən mövsüm Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla, bunu bacaran ilk Lüksemburq klub kimi ölkə futbolunun tarixinə düşüb. Hərçənd orada ilk 5 oyunu uduzduqdan sonra İspaniya Betis-i ilə evdə qolsuz heç-heçə edib.

Dudelange ötən mövsüm olduğu kimi, yenə ÇL-in I təsnifat mərhələsində mübarizəni dayandırıb. Komanda Maltanın Valetta kollektivini keçə bilməyib. Ancaq bundan sonra Avropa Liqasında Shkendija (Makedoniya), Nomme Kalju və Ararat-ı (Ermənistan) üstələyərək, qrupa düşüb.

Dudelange avrokuboklarda artıq 5 oyundur evdə uduzmur – 2 qələbə, 3 bərabərlik. Özü də son 2-də qalib gəlib.

Qarabağ

Qarabağ ötən mövsüm ardıcıl 6-cı, ümumilikdə isə 7-ci dəfə Azərbaycan çempionu olub. “Köhlən atlar” ikinci yeri tutan Neftçi-ni 8 xal qabaqlayıb. Komanda ardıcıl 5 dəfə avrokubokda qrup mərhələsinə vəsiqə qazanıb. Hərçənd Ağdam təmsilçisi ötən mövsüm qrup mərhələsində 5 oyunda uduzub, yalnız Vorskla-nı Ukraynada məğlub edə bilib (1:0).

Qarabağ cari avrokubok mövsümünə ÇL-in I təsnifat mərhələsindən başlayıb. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Albaniyanın Partizani (0:0, 2:0) və İrlandiyanın Dundalk (1:1, 3:0) kollektivlərini mübarizədən kənarlaşdırdıqdan sonra Kipr APOEL-i ilə bacarmayıb (2:1, 0:2). Buna rəğmən, Azərbaycan çempionu Şimali İrlandiya təmsilçisi Linfield-i (2:3, 2:1) keçərək Avropa Liqasının qrupuna düşüb.

Qarabağ-ın Avropa Liqasının qrup mərhələsindəki statistikası bu cürdür: 3 qələbə, 1 heç-heçə və 8 məğlubiyyət. Ağdam təmsilçisi bütün hallarda ilk səfər matçında uduzublar. Bu baxımdan Lüksemburqda tilsim qırıla bilər.

Dudelange və Qarabağ ardıcıl ikinci mövsümdür ki, ölkələrinin avrokubokların əsas mərhələsində yeganə təmsilçiləridirlər.

Dudelange-ın qapıçısı Conatan Juber APOEL ilə səfər matçında 40 yaş 7 günlüyündə meydana çıxmaqala, turnirin tarixində 40-dan yuxarı yaşda buna nail olan 11-ci futbolçu oldu. Turnirin rekordu 2013/2014 mövsümündə Moldova Serif-i ilə matçda İngiltərə təmsilçisi “Tottenhem”in qapısını qoruyan Bred Firdelə məxsusdur – 42 yaş 173 gün.

Baş məşqçilər

Bertran Krasson qrup mərhələsinin startı ərəfəsində köməkçisi olduğu Emilio Ferreranın yerinə müvəqqəti baş məşqçi təyin olunub. Belçika yığmasında müdafiəçi kimi 26 oyun keçirən 47 yaşlı mütəxəssis DÇ-1998-in final mərhələsinin iştirakçısı olub. O, klub karyerası ərzində daha çox vətənində Anderlecht-in formasını geyinib. Həmçinin İtaliyada Napoli-də çıxış edib.

Qurban Qurbanov Azərbaycan millisinin ən yaxşı bombardiridir. O, 64 matça 12 qol vurub. Futbolçu karyerasında çoxlu sayda klub dəyişən 47 yaşlı mütəxəssis 11 ildir Qarabağ-a rəhbərlik edir. O, bu müddətdə ardıcıl 6 dəfə ölkə çempionu olub və 4 dəfə Azərbaycan Kubokunu götürüb. Ən önəmlisi, o, ÇL-in qrupuna vəsiqə qazanan ilk azərbaycanlı məşqçi kimi tarixə düşüb. Qurbanov 2017-ci ilin noyabrından 2018-ci ilin dekabrınadək paralel olaraq Azərbaycan millisinə də rəhbərlik edib. (report)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
36012 səs