Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində Manchester United və Milan klubları arasında keçirilmiş ilk oyun iki futbolçu üçün əlamətdar olub.
Goal.az xəbər verir ki, Samuel Kastilyexo Milan-da, Erik Bayi isə Manchester United-də yubiley matçına çıxıb.
Hər iki futbolçu öz klubunun heyətində 100-cü matçını keçirib. Bu barədə sözügedən klubların mətbuat xidmətləri məlumat yayıb.
Kastilyexo 2018-ci ildən Milan-ın uğurları üçün çalışır. 26 yaşlı ispan yarımmüdafiəçi bu komandanın heyətində indiyə qədər 10 qola imza atıb, 12 məhsuldar ötürmə müəllifi olub.
Bayi isə 2016-cı ildən “qırmızı şeytanlar”ın sıralarındadır. Fil Dişi Sahili yığmasının 26 yaşlı mərkəz müdafiəçisi bu müddət ərzində Manchester United-də 1 qol vurub, 1 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Manchester United - Milan matçında qalib müəyyənləşməyib - 1:1. Tərəflər arasındakı cavab görüşü martın 18-də İtaliyada keçiriləcək.