12/04/2022
17:21
995
| A A A
Azərbaycanlı məşqçi: "Millinin uğursuz çıxışı De Byazinin günahıdır"

"Son oyunlar göstərdi ki, yığma uğursuz çıxış edir. Bu isə birbaşa baş məşqçinin günahıdır".

Goal.az xəbər verir ki, bunu Kəpəz-in sabiq baş məşqçisi, bu yaxınlarda Almaniyanın Eintracht klubu ilə anlaşan Etibar İbrahimov Azərbaycan milli komandasının yoldaşlıq görüşlərində Malta və Latviyaya 0:1 hesablı məğlubiyyətləri barədə danışarkən deyib.

Mütəxəssis bildirib ki, yığmanın oyunu haqqında deyiləsi söz yoxdur: "Komandanın çıxışı göz qabağındadır. Matçları mümkün qədər izləməyə çalışıram. Keyfiyyətli oyunçular var və əminəm ki, uğur qazanmaq olar. Bunun üçün hər cür şərait mövcuddur. Niyə alınmamasının səbəbini isə deyə bilmərəm. Çünki komandanın daxilində deyiləm və nə baş verdiyini bilmirəm".

İbrahimov italiyalı baş məşqçi Canni De Byazinin yığmadakı işini də dəyərləndirib: "Məsələn, mən təklifi qəbul edəndə hansı komandaya gəldiyimi, nələri düzəldə biləcəyimi və hansı uğurları qazanmağın mümkün olduğunu anlayıram. Lakin bu, o demək deyil ki, De Byazi zəif mütəxəssisdir və işinin öhdəsindən gələ bilmir. Albaniya millisi ilə böyük uğur əldə edib və özünü Avropada tanıdıb. Amma bu, onun getdiyi növbəti yığmada da uğur qazanacağına zəmanət vermir. Zaman keçdikcə görürsən ki, iş getmir. Hiss edirsən ki, bu, sənin komandan deyil və oranı tərk edirsən. Məşqçilərin praktikasında belə hallar çox olur. Qarşıda oyunlar var. Millimizə uğurlar arzu edirəm".

Qeyd edək ki, Etibar İbrahimov Eintracht-ın Çindəki akademiyasında çalışacaq. O, Frankfurt təmsilçisi ilə 1+2 illik müqavilə imzalayacaq.

Məşqçinin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz. (report)