24/04/2018
14:37
37283
| A A A
"Mən yoxluqdan gəlirəm" - Salahın hekayəsi öz sözləri ilə

Futbola ilk dəfə aşiq olanda uşaq idim; 7-8 yaşım olardı. Çempionlar Liqasını izləyərdim, sonra da, küçədə dostlarımla futbol oynayanda özümü braziliyalı Ronaldo, Zidan və Tottiyə bənzətməyə çalışardım. Bu tip sehrli oyunçuları sevərdim...

Qardaşımla futbol oynayardım, ancaq o, bu işdə o qədər də yaxşı deyildi - ən azından, mənim qədər. Eyni zamanda, həmişə futbol oynadığım dostlarım da var idi. Yaşca böyük bir dostum var idi, həmişə deyərdi ki, bir gün böyük futbolçu olacaqsan. Ən yaxşı dostum idi, indi də bir şey dəyişməyib: hələ də ən yaxşı dostumdur.

İlk dəfə 14 yaşım olanda Mokawloon'la müqavilə imzaladım və beləliklə, peşəkar karyeram başladı. Düzü, ağır günlər idi.

 

İlk oynadığım klub kəndimizdən yarım saat uzaqlıqda idi. Sonra Tantadakı bir kluba keçdim, bu səfər evlə olan məsafə 1 saat yarıma bərabər idi. Nəhayət, ordan isə Qahirəyə - Mokawloon'a transfer oldum. Artıq həftədə 5 dəfə məşqə yetişmək üçün gündə təxminən 4 saat - 4 saat yarımlıq yol getməliydim.

 

Məşqə çatmaq üçün dərsdən tez çıxardım. Səhər saat 7-9 arası məktəbdə olardım, sonra məktəbdən kluba təqdim etmək üçün, “Məhəmmədin saat 2-də məşqə yetişməsi üçün məktəbi erkən tərk etməsinə icazə veririk” yazılan rəsmi kağız alardım. Yəni həmin dönəmdə məktəbdə gündəlik cəmi 2 saatımı keçirərdim. Düşünürəm ki, futbolçu ola bilməsəydim, indi mənim üçün çətin olardı.

 

Həftədə 5 gün, 3-4 il ərzində hər həftə bu rutin təkrarlanmalı idi. Səhər 9-da məktəbdən çıxırdım ki, saat 14:00, uzağı 14:30 üçün məşq meydançasında ola bilim. Məşqlər həmişə 15:30-16:00 arası başlayar, 18:00-da bitərdi. Evə gedib çatanda isə saat 22:00, 22:30 olardı. Yemək, ardınca yatmaq – hər gün eyni şey.

 

Bir avtobus belə, yetməzdi. 3-4, hətta bəzən məşqə yetişmək, geri qayıdanda isə evə dönmək üçün 5 avtobus dəyişdiyim olurdu.

Dediyim kimi, çətin zamanlar idi, ancaq cavan idim və futbolçu olmaq, xüsusi bir şeylər etmək, özümü tanıtmaq istəyirdim. Baş verənləri əvvəlcədən hiss etdiyimi, “mütləq belə biri olacam” deyə düşündüyümü deyə bilmərəm. Mən yoxluqdan gəlirəm, sadəcə, xəyalları olan 14 yaşlı bir uşaq idim. Hadisələrin bu formada cərəyan edəcəyini bilmirdim, sadəcə, bütün ürəyimlə xəyal qurur və onların reallaşmasını çox istəyirdim.

 

Yeniyetmə illərimi çox yaxşı xatırlayıram. Ancaq dəqiq hansı yaşda professional futbolçu ola biləcəyimin fərqinə vardığımı deyə bilmərəm. 16-17 yaşlarda məsələ mənim üçün daha ciddi forma aldı. O zaman artıq əsas komandada idim və artıq futbolçu olmağa yaxınlaşmışdım. Amma ondan öncə yaşım az idi, sadəcə futbol oynamaq və ondan həzz almaq istəyirdim. Qorxurdum ki, birdən futbolçu ola bilmərəm, eyni zamanda, əlimdən gələnin ən yaxşısını edib, sonda hər şeyin yaxşı olacağına ümid edirdim. 16 yaşda əsas komandada debüt edəndə isə işlər artıq daha real forma aldı.

 

Futbolçu olmasaydın, nə olardın? – bu suala cavab verə bilmərəm, çünki 14 yaşımdan - oynamağa başladığımdan - bəri ağlımda olan tək şey futbolçu olmaq idi. Yaxşı futbolçu olmasaydım, əminəm ki, indi həyatım çətin idi, çünki futbol naminə hər şeyi qurban vermişdim.

 

Geriyə dönüb baxanda, “podratçılar”la – “Mokavlun” – bağlı xatirəm çox yaxşıdı. Gənc idim və bir xəyalım var idi.

 

                                                 Yığmada debüt

 

19 yaşım olanda artıq yığma komandanın üzvü idim – buna inana bilmirdim. Situasiyanı tam olaraq anlamaq çətin idi, çünki o zamanlar bu yaşda birinin millidə oynaması üçün çox erkən idi – xüsusilə də, bizim generasiya üçün, çünki bizdən öncəki nəsil 30 yaş həndəvərində idi.

 

Normalda, futbolçular 27-28 yaşlarında milliyə çağırılırdılar, ancaq mənim 19 yaşım var idi. Odu ki, təəcüblü, bir o qədər də qavraması çətin situasiya yaranmışdı. Buna rəğmən, qısa bir zaman ərzində alışmalı idim.

 

Artıq 1-2 il keçdikdən sonra insanlar düşünürlər: “Yığma üçün hazırdı. Hər oyun ortaya bir şey qoymalıdı”. O dönəmlərdə üzərimizdəki təzyiq böyük olur, ancaq yığma komandada oynamaq sanki yuxu idi.

Yığmadakı ilk dönəmlərlə bağlı ən yaddaqalan xatirəm 2012-ci il Yay Olimpiya Oyunlarına yollanmağımdı. “Bazel”lə yeni anlaşmışdım, yaxşı günlər idi.

 

Turnirdəki hər üç qrup oyununda – Braziliya, Yeni Zelandiya, Belarus – fərqləndim və ¼ finala vəsiqə qazandıq. Qolları sıralamağım “Bazel” fanatlarının mənə qarşı münasibətlərinin formalaşması baxımından işimə gəlirdi. Yəqin ki, mən Olimpiadada fərqlənəndə, onlar düşünürmüşlər: “Qol ardınca qol vurur – bizə uyğun biridi”.

 

Bu, yüksək səviyyəli oyunçu kimi nələrə qadir olduğumu bilməyim üçün özümü məcbur etməyimə və daha çox qüvvə sərf etməyimə səbəb oldu. Yay Olimpiya Oyunlarında həmişə yaxşı oyunçular çıxış edir, odu ki, mənim üçün önəmli dönəm idi.

 

                                                  Avropa macərası

 

Gənc yaşda başqa qitədəki bir kluba transfer olmaq çox çətindi – tək deyəcəyim budu.

 

Misirdə böyümüşdüm, Misir haqda hər şeyi bilirdim, ancaq İsveçrə haqqında heç məlumatım yox idi. Dillərini başa düşmürdüm, çünki ingiliscə və almancaya bələd deyildim. Yemək üçün, başqa işlər üçün hara üz tutacağımı bilmirdim.

 

İsveçrəyə yollandım və tək yaşamağa başladım. Çətin dönəm idi, çünki nə edəcəyimi bilmirdim. Məşq bitdikdən sonra növbəti məşqə qədər 15 saatım olardı. Bunun 10-u yatmaqla keçirdi, qalan bir neçə saat ərzində isə küçələri gəzir və yenidən otelimə qayıdırdım.

 

Oteldəki otağımda baxacağım televiziya kanalı belə, yox idi – TV-də Misir kanalına rast gəlmək mümkün deyildi. Dediyim kimi, başlanğıc çətin idi, ancaq tez bir zamanda adaptasiya olacağımı bilirdim. Tez uyğunlaşan biriyəm, öz-özümə deyirdim: “Bu situasiya ilə indi başa çıxmalıyam, yoxsa vəziyyət daha da betər olacaq”. Dediyimi də elədim.

 

Orda tək olsam da, bütün zamanımı özümü necə inkişaf etdirə biləcəyim, digər oyunçularla, həmçinin ordakı misirlilərlə necə daha fərqli formada ünsiyyət qura biləcəyim üzərinə düşünməklə keçirirdim. Həmişə ağlımda bu düşüncə var idi, dediyim kimi, elə buna görə də, tez bir zamanda fikirlərimi dəyişib, uyğunlaşa bilirəm.

 

Ünsiyyət prosesini asanlaşdırmaq üçün ingilis dili kurslarına başlamışdım. Qaydasında gedirdi, ancaq bir müddət sonra dayandırmalı oldum, çünki məşqdən sonra hazırlaşmaq üçün kifayət qədər vaxtım qalmırdı. Chelsea sayəsində İngiltərəyə yollandıqdan sonra ingiliscəmi bir az inkişaf etdirə bildim. Sonra İtaliyaya getdim və italyanca öyrəndim, – bu dildə çox yaxşıyam – indi isə yenidən İngiltərədəyəm və hazırda heç də pis olmadığımı düşündüyüm ingiliscəmi inkişaf etdirirəm.

Meydana gəlincə, irəliyə doğru addım atmışdım. Xüsusilə də, Çempionlar Liqasında bunu hiss edirdim. Bu turnirdə oynamaq inanılmazdı. Basel-ə keçmə səbəblərimdən biri də Çempionlar Liqası idi. İlk ilimdə qrup mərhələsinə çıxa bilmədik, çünki təsnifat mərhələsindəcə mübarizəni dayandırdıq.

 

Ancaq həmin il Avropa Liqasında çox yaxşı çıxış etdik. Nəticədə, yarımfinala yüksəldik. Fərdi baxımdan da yaxşı oynayırdım; səhv etmirəmsə, 5-6 məhsuldar ötürmə etmişdim, turnirin assist-liderlərindən biri idim.

 

Çox xoşbəxt idim, ancaq Çempionlar Liqasına qayıtmaq üçün komandaya kömək etməkdə qərarlı idim. Növbəti mövsümdə elə bu vəzifənin öhdəsindən gəldik.

 

Nə deyə bilərəm, Basel fantastik klub idi. Hətta indi belə, klubun prezidenti, eks-prezidenti və demək olar ki, klubdakı hər kəslə yaxşı münasibətlərim var. Hələ də mənim dostlarımdılar və onları çox sevirəm.

 

Nə etdikləri ilə maraqlandığımdan, həmişə nəticələrini izləyirəm. Xüsusilə də, orda misirli futbolçu oynayır – mənim dostum Omar Qaber. Onunla çox yaxınıq, hər gün danışırıq.

 

Afrikalı futbolçunun Avropada karyerasına başlaması üçün Basel ideal yerdir: böyük klub, təşkilatı baxımdan, hər şey yaxşıdı, professionaldılar və Çempionlar Liqasında/Avropa Liqasında çıxış edirlər.

 

Basel karyeram üçün böyük addım idi. Əminliklə deyə bilərəm ki, Basel olmasaydı, futbolçu kimi indiki mən olmazdım – 100%.

 London çağırır

 

Chelsea'yə keçdiyim dönəmdə Liverpool da mənimlə maraqlanırdı. Ancaq düşünürəm ki, bəlkə də, o zaman Liverpool'a keçsəm, işlər mənim üçün indiki kimi olmazdı. Kim bilir? Ancaq mən Chelsea'yə keçdim, olmalı olan hadisələr baş verdi, indi isə doğru anda Liverpool'dayam.

 

Həmişə harasa keçəndə, öz-özümə deyirəm: “Getdiyim yerdən bir şeylər öyrənməliyəm”. Əminliklə deyə bilərəm ki, Chelsea'dən çox şey öyrəndim. Daha professional olmağı, həm insan, həm futbolçu kimi daha yaxşı biri olmağı orda öyrəndim. Karyeram üçün böyük addım idi və ordakı futbolçularla yaxşı əlaqələrim var – “Enfild”də onlarla oynayanda bunun şahidi ola bilərsiniz.

 

Yaxşı xatırlayıram, Chelsea'də ikən “Enfild”də Liverpool'la oynayanda, atmosferi gördükdən sonra özümə demişdim: “Bir gün bura gəlməliyəm və oynamalıyam”.

 

Atmosfer həqiqətən də inanılmaz idi. Burda Liverpool'a qarşı oynamaq şansım olduğu üçün xoşbəxtəm, ancaq indi “Enfild”də Liverpool üçün oynadığım üçün daha da xoşbəxtəm.

 

                                               İtaliyaya doğru

 

Fiorentina'da keçirdiyim dörd ay mənim üçün yaxşı xatirələrlə yadda qalıb. Həm mən, həm də komanda üçün yaxşı dövr idi. Avropa Liqasında və İtaliya A Seriyasında uğurlu çıxış edirdik. Ora getməmişdən öncə özlüyümdə qətiləşdirmişdim: oynamağa layiqəm. Bacarığıma inanırdım, düşünürdüm ki, Fiorentina'da futbolumu və nələrə qadir olduğumu göstərəcəm.

Sonra Roma'da iki mövsüm keçirdim. Orda çox xoşbəxt idim. Roma oynamaq üçün asan bir yer deyil – xüsusilə də evdə. Həmişə üzərində təzyiq olur və bu, tamamilə fərqli haldır. Bunu tam olaraq izah edə bilmərəm, ancaq içində digər klublardan fərqli bir situasiya ilə üz-üzə olduğunu anlayırsan. Orda hər şey möhtəşəm idi: klub yaxşı idi, fanatlar inanılmaz. Onlarla yaxşı əlaqələrim var, çünki mənə qarşı həmişə sevgi və hörmət nümayiş etdirirdilər.

 

Luçano Spallettinin mənə çox köməyi dəyib. Çox ağıllı biri idi. Həmişə məşqdən sonra onla danışardım: “Boss, bu cəhətimi inkişaf etdirmək istəyirəm”. Və ya: “Filan şeyi etmək istəyirəm”. Heç vaxt “yox” deməzdi – heç vaxt. Hətta yorğun olduğunu görsə belə, “ok” deyib keçərdi. Həmişə futbolçuları hansı tərəflərini inkişaf etdirməli olduqlarına dair tövsiyələr verərdi. İnsan olaraq xarakterimi inkişaf etdirmək baxımından mənə çox faydası dəyib. Müdafiə tərəfdən də mənə çox kömək edib. Mənə komanda ilə birgə necə müdafiə olunacağımı öyrətdi və bu aspektdən nə qədər “artırdığımı” görürəm.

 

Məncə, Fiorentina və Roma'da keçirdiyim dönəmdə insanların mənim haqqımdakı düşüncələrini dəyişdim.

 

 

                                               Növbədə - “Enfild”

 

İngiltərəyə qayıtmaq istəyirdim. Həmişə beynimin bir tərəfində bu fikir var idi. Burada oynamaq və hamıya öz futbolumu göstərmək niyyətindəydim. Biləndə ki, Liverpool'a keçməyə yaxınam, çox sevinmişdim. Müqaviləni razılaşdırdıqdan sonra baş məşqçi ilə görüşmək imkanım oldu. Hələ ondan sonra sevincimin həddi-hüdudu yox idi.

 

Liverpool'un mənim üçün doğru klub olmasının bir çox səbəbi var. Hələ 18-19 yaşım olanda FİFA-da – “PlayStation” – Stiven Cerrardlı, Sami Hyupiyalı, Ceymi Karragerli, Maykl Ovenli və Xabi Alonsolu Liverpool'u seçərdim. Həmçinin “Enfild”dəki atmosfer də ağlımda idi.

 

Burdakı oyun tərzimiz Roma'dan fərqlidir. Bu səbəbdən də, 2-3 həftəyə ancaq uyğunlaşa bildim. Nəticədə, hər şey qaydasındadı və komanda halında çox yaxşıyıq. Ancaq daha yaxşı yerdə olmağımız üçün daha bir neçə qələbəyə ehtiyacımız var.

Oyunçularla çox yaxınam, hər şey əladı. Bir-birimizlə maraqlı zaman keçiririk. Hamısı təvazökardılar, məni daha da yaxşılaşdıran faktorlardan biri budu. Klubdakı atmosfer, oyunçular və məşqçi ilə yaxın münasibətlər – bunlardı məni mən edən.

 

                                                    Liverpulda həyat

 

Burda xoşbəxtəm. Ancaq düzü, o qədər də çox çölə çıxmıram, daha çox ailəmlə birlikdə evdə oluram, onlar da Liverpulu çox xoşlayırlar. Bir-iki dəfə şəhərdə ətrafı gəzdiyim də olub.

 

Evdə olanda televizora baxmağı, kitab oxumağı xoşlayıram. Əhvalım dəyişilir. Təkcə futbol izləmək və düşünməklə kifayətlənmirəm. Ailəmlə keçirdiyim zamandan zövq alıram. Bura gələndən bəri daha çox ingilis telekanallarını seyr edirəm. Son günlərdə ərəb kanallarını da quraşdırmışam, artıq onlara da baxa bilirəm. Əslində, televizora o qədər də çox baxmıram. Daha çox “YouTube”də videoları izləyirəm və kitab oxuyuram.

 

Gülməyi sevdiyimdən, komediya filmlərini xoşlayıram. Tez-tez uçuşlar zamanı komediyalara baxıram. Həmçinin, fərdi inkişaf videolarını da çox izləyirəm.

 

Skauz ləhcəsini başa düşürəm. Ancaq etiraf edim, ləhcəni tam olaraq anlamaq çox çətindir. Heç nə başa düşə bilmədiyim Flanno ləhcəsi, məncə, aralarında ən çətin olanıdır.

 

Azarkeşlər mənim adımı səsləndirəndə çox sevinirəm. Meydanda səslərini eşidə bilirəm və bu, məni məmnun edir. Emosiyaların dəyişir, öz-özünə “vau” deyirsən. Adıma bəstələr qoşduqları üçün onlara təşəkkür edirəm. Qısa bir müddətdi burda olmağıma baxmayaraq, azarkeşlərin adıma hər oyun bəstələr səsləndirməsi, mənə qarşı sevgi və hörmət nümayiş etdirməsi – bunlar mənim üçün böyük anlamlar ifadə edir.

 

Oxumaq məsələsinə gəlincə, Almaniyadakı təlim-məşq toplanışı zamanı mahnı oxuduğum doğrudur. Ancaq ərəbcə oxuduğumdan, heç kim heç nə anlamadı. Bura gələndən bəri bütün komanda yoldaşlarımla ünsiyyət qurmuşam. Çox sürətli bir şəkildə hamıya alışdım.

 

Burda hər şey mənim üçün qaydasında gedir, ancaq həmişə işlərin tez bir zamanda əksinə gedə biləcəyi ehtimalını düşünürəm. Oyunumu daha da yaxşılaşdırmalıyam. Bir neçə tərəfdən inkişaf etməliyəm, odur ki, çox çalışmağa davam...

 

Uzun müddətdi Premyer Liqanın qalibi ola bilmirik, bu səbəbdən Liverpool'da çempionluq yaşamağı çox istərdim. Əla komandaya, əla məşqçiyə sahibik, komandada hər şey yaxşıdır. Əminəm ki, birlikdə kuboklar qazana bilərik.

 

Tərcümə: Apasport.az