07/09/2021
12:25
663
| A A A
Pele əməliyyat olunub

Braziliyanın futbol üzrə üçqat dünya çempionu Pele cərrahi əməliyyat olunub.

Goal.az xəbər verir ki, o, bu barədə özünün feysbukdakı səhifəsində yazıb.

Keçmiş futbolçu qeyd edib ki, cərrahi əməliyyat yoğun bağırsağındakı şişlə əlaqədar olub.

"Şənbə günü yoğun bağırsaqda şişin aradan qaldırılması üçün əməliyyat olundum. Şiş ötən həftə keçirdiyim müayinə zamanı aşkar edildi", - deyə Pele yazıb. O, gələcəyə nikbin baxdığını, ailəsi və dostlarının əhatəsində olması ilə əlaqədar özünü xoşbəxt hiss etdiyini əlavə edib.

Pele bir neçə gün əvvəl müayinə olunması üçün San-Pauludakı özəl klinikaya yerləşdirilib. Onun nümayəndələri 80 yaşlı "futbol kralı"nın sağlamlığında problemlərin aşkarlandığını bildiriblər. Lakin onlar söhbətin hansı problemdən getdiyini açıqlamayıblar.

Pele futbol üzrə yeganə üçqat (1958, 1962, 1970-ci illər) dünya çempionudur. O, Braziliya yığmasının heyətində 92 matç keçirib və 77 qol vurub. Əfsanəvi idmançı Beynəlxalq Futbol Federasiyasının versiyasına görə XX əsrin ən yaxşı futbolçusu elan edilib.

Hücumçu Braziliyanın "Santos" (1956-1974-cü illər) və Amerikanın "Nyu-York Kosmos" (1975-1977) komandalarının heyətində çıxış edib. Pele karyerası ərzində 1 279 qolla Ginnessin “Rekordlar” kitabına düşüb. (report)