28/07/2022
12:14
638
| A A A
UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib, Macarıstan irəliləyib

Azərbaycan UEFA reytinqində 2022/2023 mövsümü üçün xal ehtiyatını yenidən artırıb.

Goal.az xəbər verir ki, bu, Qarabağ-ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündə İsveçrənin Zürich klubu ilə əlavə vaxtda 2:2 hesablı səfər heç-heçəsi sayəsində mümkün olub. Qalibiyyət 4 klubla təmsil olunan ölkənin aktivinə daha 0,125 xal gətirib.

Lakin Azərbaycan bu mövsüm üzrə xal sayını 0,625-ə, son 5 mövsümdə isə 13,250-yə çatdırmasına rəğmən, 29-cu pillədə qalıb. 28-ci pillədə isə 14,750 xalla Polşa qərarlaşıb.

Azərbaycanın digər təmsilçiləri Neftçi, Zirə və Qəbələ UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki cavab görüşlərini bu gün keçirəcəklər.

Qeyd edək ki, Çempionlar Liqasının III təsnifat mərhələsində Qarabağ-a rəqib olan Ferentsvaros Slovan Bratislava komandasını əlavə vaxtda 4:1 hesablı qələbə sayəsində üstələyib və bununla da Macarıstan Slobakiyanı keçib. Hazırda Macarıstan 15,875 xalla 25-ci, Slovakiya 15,750 xalla 26-cıdır.

Eyni zamanda, Qazaxıstan aktivindəki xalların sayını 12,125-ə çatdıraraq, 30-cu pilləyə yüksəlib. 31-ci mövqeyə düşən Sloveniyanın 11,875 xalı var.

Litva 8,750 xalla 38-ci, Farer adaları 8,375 xalla 41-ci, İrlandiya 8,250 xalla 42-ci, Andorra 5,165 xalla 52-ci pilləyə yüksəlibsə, Lüksemburq 8,750 xalla 39-cu, Şimali İrlandiya 8,208 xalla 43-cü, Şimali Makedoniya 5,000 xalla 53-cü mövqeyə enib. (report)