04/03/2019
14:00
2054
| A A A
Elxan Məmmədov: "Gəlirlərinin 10 faizini futbola sərf edən şirkətlər vergidən azad olunacaq"

Bu gün AFFA-nın növbəti Hesabat Konfransı və İcraiyyə Komitəsinin iclası keçirilib.

Goal.az xəbər verir ki, toplantıdan sonra mətbuat konfransında AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlərin suallarını cavablandırıb.

- Tovuzdakı akademiyanın sistem proqramı necə olacaq? Məsələn, Sumqayıt akademiyası effekt vermədi. Burda necə olacaq?

- Sumqayıtda uşaq və yeniyetmə akademiyası yaratmamışdıq. Burda isə "Turan" klubunun nəzdində akademiya fəaliyyət göstərəcək və AFFA ona nəzarət edəcək. idarəetmə isə klubun tərkibində olacaq. Uşaqlar da kluba məxsus olacaqlar. Ordan gələn maliyyə gəliri də klubda qalacaq. Klubun onları digər klublara icarəyə vermək və satmaq hüquqları olacaq.

- Bu yaxınlarda UEFA-dan hər kluba maliyyə vəsaiti ayrılmışdı. Klublara tapşırmışdınız ki, uşaq futbolu ilə bağlı konsepsiya təqdim edilsin...

- Bütün klublarla mütəmadi danışırıq. Mənə də maraqlıdı ki, o pullar hara xərclənib. Qış fasiləsində klublar əcnəbi futbolçuların transferlərinə xərcləndi. Bu da xoşagəlməz haldır. Uşaq futboluna xərclənən vəsait şəffaf şəkildə açıqlanmalıdır. Klubların əksəriyyəti konsepsiyanı verdi. O demək deyil ki, 500 min avronun hamısı bu il xərclənməlidi. Bu, az məbləğ deyil. Bu pul 2 ili də əhatə edə bilər. İcraiyyə Komitəsində bununla bağlı ötən dəfə də müzakirə olmuşdu. Görsək ki, həmin məbləğ uşaq futboluna ayrılmayıbsa, növbəti mövsüm üçün uşaq futboluna ayrılan pul klublara verilməyəcək.

- Qadınlardan ibarət hansısa klubumuzun avrokuboklardakı çıxışı məsələsi necə olacaq?

- Qadınlarda artıq milli komanda təmsil olunacaq. Əvvəlki illərdə əsasən xaricdən gələn futbolçulardan ibarət olurdu. Sonra Azərbaycandakı qadınlar arasındakı turnirdən əvvəl yeni nəfəs hiss olundu. Həmin qadınlar aktiv futbol həyatını davam etdirirlər. Komandada iştirak edən üzvlər bizimlə görüşə gəldilər və xahiş etdilər ki, əsas yığma fəaliyyətə başlasın. Bölgədə yaxşı nəticə qazana bilərik. Amma Qərbi Avropa komandalarına qarşı mübarizə aparmaq çətindi. O zamanlar ideya var idi ki, həmin yığmanın nəzdində Çempionlar Liqasına gedən klub olsun. Qızlarımız özləri bunda maraqlı oldular.

- Xarici ölkələrdə akademiya yaradılanda tapşırıq verilir ki, qısa müddətdə əsas komandaya oyunçular verilsin. Sizin belə tələbiniz olacaqmı?

- Hər akademiyanın məqsədi istedadlı uşaqları üzə çıxarmaqdır. Heç kim deyə bilməz ki, akademiya eyni səviyyədə olan 11 oyunçu yetişdirə bilər. Bu, Tovuzda, bölgədə yaşayan uşaqlar üçün imkandır. Klubun özündə də maraq olacaq ki, yaxşı futbolçular yetişdirsin və əsas komandada oynatsın. Və ya satıb, gəlir əldə etsin.

- Lisenziyalaşdırma ilə bağlı birinci divizion klublarından növbəti mövsüm Premyer Liqada iştirak üçün ancaq "Turan" klubu müraciət edib. Akademiya yaradılmasının klubun Premyer Liqada iştirakına müsbət təsiri ola bilərmi?

- Bəli, uzunmüddətli ola bilər. Premyer Liqanın qapıları açıqdır. Tovuzda da, digər bölgələrdə də iş adamları maraqlı olsalar, onlara Premyer Liqanın qapıları açıqdır.

- Növbəti mövsüm üçün Premyer Liqa iştirakçılarının sayı barədə müzakirə oldumu?

- Hesabat zamanı qeyd etdiyimiz kimi, hər iclasımızda bu məsələ müzakirə olunur. Biz də 10 komanda istəyirik. Amma bu gün hər şey bizdən asılı deyil. Onsuz da birinci divizionda iştirak edən komandaların bəzilərini AFFA maliyyələşdirir. Premyer Liqanın da bəzi klubları AFFA və ya SOCAR tərəfindən maliyyələşir. Gəlin, prosesləri izləyək. Görək, neçə komanda sənədlərini qaydalara görə uyğunlaşdıracaq.

- Müsahibələrinizdə apreldə iş adamları ilə görüşəcəyinizi demisiniz. Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərlə görüşünüz planlaşdırılıbmı?

- UEFA ilə bu barədə müzakirə aparılıb, onların da nümayəndəsi burda olacaq. Yerli və xarici şirkətləri həmin iclasa dəvət edəcəyik. Vergilər Nazirliyi yeni qaydalara görə, güzəştlər tətbiq edib. Buna görə də, iş adamlarını futbola cəlb etmək istəyirik. Mənfəətdən 10 faiz futbola sərf edən vergidən azad olacaq. Bu dəyişiklik əlavə motivasiya olmalıdı.

- Region Liqasının əhatə dairəsi genişdir. Ordan birinci diviziona yüksələn komanda olacaq?

- Bir komanda maraq göstərir. Onlarla görüş də təyin etmişik. Planımız məhz Region Liqasından birinci diviziona komandanın gəlməsi idi. Sevindirici haldır ki, Region Liqasına bölgələrdə böyük maraq var. Bu liqanın ən yaxşı qapıçısı da dünən dünya ulduzları ilə bir yerdə oynadı.

- Bu mövsüm "Kəpəz"də maliyyə ilə bağlı problemlər üzə çıxdı. Bununla bağlı problem nədən qaynaqlanırdı?

- Maliyyə problemi yoxdur. Ödənişlərdə gecikmələr oldu. Rəhbərlik dəyişdiyi üçün sənədləşdirmə prosesləri oldu. Əvvəlki rəhbərliyin imza hüququ var idi. İcra Hakimiyyəti ilə danışmışıq, növbəti mövsüm üçün dəyişikliklər tətbiq olacaq.

- Region Liqasına yaş limiti tətbiq etmək olarmı?

- Bu, həvəskar statuslu turnirdi. Bir tərəfdən sevindirici haldır ki, 40 yaşdan sonra 90 dəqiqə oynamağa imkanı olan futbolçular var. Həvəskar həyatı yaşayırlar. Bu o deməkdir ki, həmin insanlar sağlamdır. Region Liqasına limit tətbiq etsək, o zaman onu peşəkarlığa doğru apara bilərik. Əvvəlcə bir neçə il gözləyək, bu qaydada davam etdirək. Yeni yaradılmış liqadır, iki il də gözləyək. Ehtiyac olarsa, ondan sonra mütəxəssislərlə məsləhətləşib, limit tətbiq edə bilərik.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
MANCHESTER UNITED
%
LIVERPOOL
%
PORTO
%
JUVENTUS
%
AJAX
%
MANCHESTER CITY
%
TOTTENHAM
%
2984 səs