24/03/2022
14:06
1039
| A A A
Olimpiya medalı əlindən alınan azərbaycanlı idmançı apellyasiya şikayəti verəcək

Qazaxıstan millisində çıxış edən azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimov olimpiya medalının əlindən alınması və 8 il müddətinə diskvalifikasiya olunması ilə bağlı apellyasiya şikayəti verəcək.

Goal.az xəbər verir ki, bu barədə 29 yaşlı idmançı şəxsi instaqram hesabında bildirib.

Rəhimov bir çox suallar cavabsız qaldığı üçün qərarla qətiyyən razı olmadığını vurğulayıb: "Bu məsələdə ən dəhşətlisi odur ki, onlar olimpiada vaxtı göndərilən nümunəmlə bağlı heç bir sual olmadan mənim və Qazaxıstanın əsas mükafatı hesab edilən Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qızıl medalını əlimdən almaq istəyirlər".

Qeyd edək ki, Beynəlxalq Dopinq Test-Agentliyi (ITA) 2021-ci ilin yanvarında Rəhimova qarşı antidopinq qaydalarının pozuntusu ilə bağlı ittiham irəli sürüb və idmançını yarışdan kənarlaşdırıb. Qərardan narazı qalan ağırlıqqaldıran CAS-a müraciət edib. O, araşdırma müddətində yarışlardan müvəqqəti uzaqlaşdırılmışdı.

Təcrübəli idmançı 2014-cü ildə Azərbaycan yığmasını tərk edərək, Qazaxıstan vətəndaşlığına keçib. O, növbəti il dünya çempionu, 2016-cı ildə isə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qalibi olub.

Nicat Rəhimov Azərbaycan millisində ikən 2013-cü ildə orqanizmində steroidlər tapıldığı üçün 2 il müddətinə diskvalifikasiyaya məruz qalıb. (report)