22/11/2017
15:13
3621
| A A A
Vin Çun döyüş ustaları beynəlxalq seminardan Vətənə döndülər

18-19 noyabrda Türkiyənin Antalya şəhərində Vin Çun döyüş sənəti üzrə Beynəlxalq seminar təşkil olunub. Goal.az-ın məlumatına görə bu seminarda Azərbaycan Vin Çun Döyüş Sənəti İdman klubunun 3 idmançısı və baş məşqçi Asif Sayadovla təmsil olunub. Bu tədbir Beynəlxalq Vin Çun Assosasiyasnın Prezidenti, Böyük Usta Samuel Kvok və Türkiyə Vin Çun akademiyasının rəhbəri Murat Kaplan tərəfindən təşkil edilib. İki gün davam edən seminara müxtəlif ölkələrdən 100-dən çox idmançı və digər nümayəndələr qatılıb.

"Seminarda Azərbaycanı layiqincə təmsil etməyə çalışdıq. Yeni texnikalar öyrəndik və imtahan verdik. Böyük Usta Samuel Kvok bizim hazırlıq səviyyəmiz, bacarıqlarımızdan çox razı qaldı. Təsadüfi deyil ki, Beynəlxalq Vin Çun Assosasiyasının prezidenti Samuel Kvokun şəxsi möhürü mənə təqdim olundu. Beləliklə, bu döyüş sənəti üzrə Dünya və Avropa çempionatlarını Azərbaycanda keçirmək, imtahan götürmək səlahiyyətini qazandım. Növbəti Beynəlxalq seminar aprel ayında Bakıda təşkil olunacaq. Bu münasibətlə Samuel Kvokun Azərbaycana gəlişi planlaşdırılıb. Çalışacağıq ki, ölkəmizdə təşkil olunacaq seminara bir sıra üst səviyyəli məşqçi və ustaları dəvət edək" - Respublikanın Əməkdar məşqçisi, beynəlxalq Vin Çun döyüş sənəti assosiasiyasinin ölkəmizdəki səlahiyyətli nümayəndəsi və yeganə təmsilçisi Asif Sayadov deyib.



Qeyd edək ki, Antalyada Azərbaycanı beynəlxalq dərəcəli təlimatçı Elşən Hacızadə, respublika səviyyəli turnirlərin qalibi Xələf Bəbirov, yeniyetmələrdən isə Cəlilov İsgəndər təmsil edib.