24/08/2018
16:22
13087
| A A A
Əlil arabasında əyləşən Şumaxer ağladı

Formula-1 yarışlarının almaniyalı əfsanəvi pilotu Mixael Şumaxer 2013-cü ildə başından aldığı ağır zədədən sonra müalicəsini davam etdirir.

Britaniyada çıxan "The Mirror” qəzetində Şumaxerin səhhəti ilə bağlı xəbərlər dərc edilib. Yeddiqat dünya çempionunun qohumlarından birinin sözlərinə görə, Şumaxer emosiyalarını nümayiş etdirməklə bütün ailəni sevindirir.

"Kral yürüşləri”nin 49 yaşlı sabiq pilotunun ailəsi hazırda İsveçrənin Qland şəhərində, Cenevrə gölünə yaxın ərazidəki villada yaşayır.

Qəzet anonim mənbənin bu sözlərini sitat gətirir: "Biz onu əlil arabasına əyləşdirib dağlara və gölə açılan gözəl panoramı göstərəndə Mixael bəzən ağlayır”.

Şumaxerin keçmiş meneceri, vaxtilə gənc Mixaelin istedadına diqqət yetirərək onun yeddi dəfə çempion titulu qazanmasında mühüm rol oynamış Villa Venera bu yaxınlarda etiraf edib ki, artıq dostunun səhhətinin bərpa olunacağına ümid bəsləmir.

Veber "Bunte” jurnalına müsahibəsində deyib: "Mən uzun sürən matəmdən sonra Mixaeldən əlimi üzmüşəm. O mənim əziz və sədaqətli dostum olub. Birlikdə keçirdiyimiz 20 il mənim həyatımda ən yaxşı illər olub”.

Bu yaxınlarda KİV-lərdə belə bir məlumata yayıldı ki, Mixael Şumaxerin ailəsi İspaniyanın Mayorka şəhərində yerləşən, dəbdəbəli vaxtilə Madridin "Real” klubunun prezidenti Florentino Peresə məxsus olmuş malikanəyə köçməyə hazırlaşır. Lakin az sonra bu şayiələr təkzib edildi.

Xatırladaq ki, 2013-cü ildə Şumaxer Fransanın Meribel dağ-xizək kurortunda xizək sürərkən yıxılaraq başından ağır zədə alıb və yarım il koma vəziyyətində qalıb. O vaxtdan bəri onun ailəsi saysız-hesabsız şayiələr fonunda Mixaelin səhhəti ilə bağlı real vəziyyəti gizlədir və onun şəxsi həyatı ilə bağlı hüquqlarını pozmamağı xahiş edir. 2015-ci ilin baharında rəsmən yalnız bu məlumat elan edilib ki, Mixaelin "huşunun özünə qayıtması müşahidə olunur”. (AzərTAc)