05/09/2018
11:00
995
| A A A
Azərbaycan bayrağını dünya arenalarında dalğalandıran tələbələrin ustadı

Məşqçilərin məşqçisi, unudulmaz pəhləvan Xosrov Cəfərov Azərbaycanın idman ölkəsi olduğunu bu sahədə uğur qazanmış yüzlərlə idmançıları sübut edib. 

Üçrəngli bayrağımızı Avropa və dünya arenalarında dalğalandıran həmin idmançıların yetişməsində isə məşqçilərin zəhməti böyükdür. O məşqçilərin ki, idmanımızın inkişafı, idmançılarımızın uğur qazanması, həm fiziki, həm də taktiki cəhətdən hazır olmaları üçün gecə-gündüz böyük əziyyət, əmək sərf edirlər. Məhz peşəkar, işinə ürəkdən yanaşan, bir idmançının formalaşması üçün, sözün əsl mənasında, canını fəda edən məşqçilərin sayəsində Azərbaycanın adı dünyada ucaldılır.Belə məşqçilərdən danışarkən ağıla ilk gələnlərdən biri də mərhum pəhləvan, tanınmış məşqçi Xosrov Cəfərov olur.

Ömrünü idmanın güləş növünə həsr etmiş Xosrov Cəfərov 11 ildir həyatda olmasa da, bu gün tələbələri onun xatirəsini ehtiramla yad edirlər. Öz ustadları haqqında xoş xatirələrini bölüşürlər, gözəl fikirlər səsləndirirlər.Xosrov Cəfərovun tələbəsi olmuş, hazırda məşqçi kimi çalışan Müslüm Müslümov müəlliminin xatirəsini ehtiramla anıb, onun haqqında maraqlı məlumatlar verib:“Müəllimim Xosrov Cəfərov həm insan kimi, həm də məşqçi kimi əvəzsiz idi. Bizim güləşçi kimi uğur qazanmağımızda onun böyük rolu olub. Xosrov müəllim özü 1962-ci ildən idmanın güləş növü ilə məşğul olub. 1968-ci ildə isə, artıq, orta çəkidə Respublika Çempionu olub. Bundan sonra 1969, 1970, 1971, 1972, 1973, 1974-cü illərdə də Respublika çempionluğu titulunu qoruyub saxlayıb. O, hətta 1968-ci ildə SSRİ Silahlı Qüvvələrinin yarışında bütün rəqiblərinin belini yerə vuraraq qalib adını qazanıb. Fəxrlə deyə bilərəm ki, müəllimim Xosrov Cəfərov Almaniya və digər ölkələrin Azərbaycan ilə birlikdə keçirdikləri yarışlarda qızıl medal qazanaraq ən yaxşılardan olub. Eyni zamanda yeniyetmələr arasında SSRİ mükafatçısı, gənclər arasında SSRİ çempionu adını qazanıb”.Qeyd edək ki, Xosrov Cəfərov məşqçilik fəaliyyətinə 1969-cu ildən başlayıb. Həmin ildən etibarən yüzlərlə pəhləvan yetişdirməyi bacarır. 1969-1987-ci illərdə “İxtisaslaşmış güləş məktəbində” məşqçi işləyib və uğurlu idmançılar yetişdirib. 1974-cü ildən yeniyetmələr üzrə milli komandanın baş məşqçisi olub. 1988-ci ildən isə “Dinamo” İdman Cəmiyyətində sərbəst güləş üzrə baş məşqçi kimi fəaliyyətə başlayıb. Azərbaycan Respublikasının əməkdar məşqçisi olub. Məşhur pəhləvanın tələbələrindən Elşad Allahverdiyev 11 qat Azərbaycan çempionu, dəfələrlə beynəlxalq yarışların mükafatçısı olub:“Digər tələbəsi Asəf Əsədov isə 3 dəfə SSRİ birinciliyinin mükafatçısı olmağı bacarıb. 2001-ci ildə onun tələbələri, yeniyetmələr arasında ikiqat dünya çempionu olmağı bacaran Namiq Sevdimov (50 kq) və İbad Məmmədov (60 kq) beynəlxalq turnirin qızıl mükafatını qazanıblar. Müslüm Müslümovdan onu da öyrəndik ki, Xosrov Cəfərov nəinki çoxlu sayda tələbə, hətta özündən sonra onun yolunu davam etdirən bir neçə peşəkar məşqçi də hazırlayıb:“Mən, Ehtiram Babayev, Elman Əzimzadə, Əliyusif Əsgərov, Ağayusif Qurbanov bu gün məşqçi kimi uğur qazanmağımızda Xosrov müəllimə minnətdarıq. Xosrov Cəfərov kimi bir müəllimin tələbəsi olduğum üçün hər zaman qürur duyuram, fəxr edirəm”. Təəssüflər olsun ki, 2007-ci il 8 yanvarda Azərbaycan idmanı, güləşi 2007-ci ildə belə bir məşqçini, pəhləvanı itirib. Ancaq sevindirici bir hal var ki, Xosrov Cəfərov bu gün həyatda olmasa da, özündən sonra qoyduğu həm yaxşı ad, həm də yaxşı tələbələr, məşqçilər bu gün də var.Onun güləş idman növü üçün verdiyi töhfələri bir tarix boyu yaşayacaq. Azərbaycanda güləş idman növü var olduqca, Xosrov Cəfərovun da adı var olacaq”.