14/09/2018
13:49
1323
| A A A
Rövnəq Abdullayev millimizin üzvləri ilə görüşdü

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rövnəq Abdullayev Bakıda keçiriləcək dünya çempionatı ərəfəsində milli komanda üzvləri ilə görüşüb.

Goal.az-ın məlumatına görə, tədbirdə əvvəlcə kişilərdən ibarət yığmanın baş məşqçisi Ruslan Maşurenko və onun qadın millisindəki həmkarı Natiq Bağırov nüfuzlu yarışa hazırlıq barədə məlumat veriblər. Onlar müxtəlif ölkələrdə yüksək səviyyədə təlim-məşq toplanışları keçdiklərini və ayrı-ayrı turnirlərdə medallar qazandıqlarını diqqətə çatdırıblar. Hər iki mütəxəssis mundialda layiqli nəticələr göstərmək üçün əllərindən gələni edəcəklərni vurğulayıb.

Öz növbəsində, R.Abdullayev dövlət səviyyəsində idmana, o cümlədən, cüdoya göstərilən qayğını xüsusi vurğulayıb. O qeyd edib ki, dünya çempionatı kimi nüfuzlu yarışın Azərbaycana həvalə olunması bunun bariz nümunəsidir. ACF prezidenti cüdoçulara dünya çempionatında uğurlar arzulayıb.

Görüşdə federasiyanın vitse-prezidentləri Mikayıl İsmayılov, Sadıq Sadıqov, Elnur Məmmədli, həmçinin cüdo üzrə ikiqat paralimpiya çempionu İlham Zəkiyev iştirak ediblər.

Qeyd edək ki, dünya çempionatı 20 - 27 sentyabrda Milli Gimnastika Arenasında keçiriləcək.