27/11/2018
11:33
1082
| A A A
Bakıda qrandmaster Samuel Kvok iştirakı ilə seminar keçirildi
Bakı Biznes Universitetinin idman zalında Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının təşkil etdiyi beynəlxalq seminar baş tutub.
Goal.az xəbər verir ki, seminarda Beynəlxalq Vinq Çun Assosiasiyasının prezidenti Qrandmaster Samuel Kvok iştirak edərək təcrübəsini tələbələrlə bölüşüb. Samuel Kvok, Federasiyanın idarə heyəti və üzvləri daha öncə Fəxri xiyabana gedrək xalqımızın ulu öndəri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad ediblər. Sonra isə Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərimizin məzarları önünə gül dəstələri qoyublar. Beynəlxalq seminara dəvət olunan fəxri qonaqlar arasında Gənclər və İdman nazirliyinin nümayəndəsi Ramin Cəlilov, Azərbaycan Şaolin Federasiyasının prezidenti Rafiq Əliyev və vitse-prezident Rauf Əliyev, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov və başqaları olub. Seminarı giriş sözü ilə açan Vinq Çun Federasiyasının prezidenti Asif Sayadov qarşıya qoyulan hədəflər barədə məlumat verib. O, Qrandmaster Samuel Kvoku ikinci dəfə Azərbaycana gətirdiklərini vurğulamaqla federasiyanın xaricdə təşkil olunan analoji tədbirlərə dəvət aldığını qeyd edib. Daha sonra federasiyanın 1-ci vitse-prezidenti Jalə Əhmədova, ümumi işlər üzrə vitse-prezident , İlqar Mustafayev, təşkilati və ictimai məsələlər üzrə sədr Mahmud Mehtioğlu çıxış edərək Vinq Çunun ölkəmizdə sürətli populyarlıq qazanmasından söhbət açıblar. Beynəlxalq Vinq Çun Assosasiyasının prezidenti Samuel Kvok ilk dəfə 2014-cü ildə təşrif buyurduğu ölkəmizdə bu döyüş sənətinə marağın artmasından məmnum olduğunu bildirib. O, hazırda Vinq Çun tələbələrinin hazırlıq və peşəkarlıq səviyyəsinin artdığını qeyd edib. Tədbirin bədii hissəsində Vinq Çun və Şaolin Federasiyası idmançılarının nümunəvi çıxışları maraqla qarşılanıb.
Sonda seminarda iştirak edən döyüş ustaları və tələbələrə sertifikatlar təqdim olunub.