26/12/2018
18:29
296
| A A A
Karateçilərimiz 114 medal qazandı

Azərbaycan karateçiləri 2018-ci ildə beynəlxalq yarışlarda 114 medal qazanıb.

Goal.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Karate Federasiyasının (AMKF) ilin yekunları ilə bağlı yığıncağında bildirilib. Qurumun prezidenti Yaşar Bəşirovun, həmçinin I vitse-prezident Fərid Əsgərov, vitse-prezident Rəhman Hətəmov, İdarə Heyətinin üzvləri, məşqçilər və digər şəxslərin iştirak etdiyi tədbirdə ilin uğurlu alındığı vurğulanıb.

Medallardan 29-u qızıl, 38-i gümüş, 47-si bürünc əyarlı olub. Yeniyetmə və gənclərin Avropa çempionatında rekord nəticə göstərməsi, İrina Zaretskanın ilk dəfə qadınlar arasında dünya çempionu tituluna da sahib çıxması, Rafael Ağayevin özünə məxsus olan medal rekordunu yeniləməsi, Sahib Əhədovun para-karate dünya çempionatında ikinciliyi yüksək qiymətləndirilib. Əldə edilən nəticələrin fonunda Azərbaycan karateçilərinin dünya reytinqində üstün mövqelərə yüksəlməsi vurğulanıb.

2020-ci il Tokio Yay Olimpiya Oyunlarına hazırlığın məsul dövrü başlandığını və yeni ildən daha böyük qüvvə ilə çalışmağın vacibliyini nəzərə çatdıran federasiya rəsmiləri etimadın doğrulması üçün daha çox işin planlaşdırıldığını söyləyiblər.

İlin yekunlarına əsasən, baş sponsor tərəfindən müxtəlif yaş qruplarında fərqlənən idmançı və məşqçilərə pul mükafatları verilib.