28/12/2018
09:38
367
| A A A
Şəhriyar Məmmədyarov dünya çempionatında növbəti xallarını qazanıb

Rusiyanın Sankt-Peterburq şəhərində şahmatın rapid və blits növləri üzrə dünya çempionatında ikinci yarış gününə yekun vurulub.

Goal.az xəbər verir ki, Səudiyyə Ərəbistanına rəhbərlik edən Kral Salmanın adını daşıyan yarışda rapid növündə kişilər arasında daha 5 tur keçirilib.

Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov rusiyalı Qriqori Oparini yensə də, onun həmyerlisi Yan Nepomnyaşi, çinli Yu Yanq Yi, hollandiyalı Aniş Giri ilə heç-heçə edib və daha bir rusiyalı Maksim Matlakova uduzub. Bununla da Məmmədyarov aktivinə daha 2,5 xal yaza bilib.

Azərbaycanın digər kişi şahmatçılarına gəldikdə, Qədir Hüseynov 1 qələbə qazanıb, 4 heç-heçə edib, Rauf Məmmədov 3 heç-heçə edib, 2 məğlubiyyət alıb.

Bu nəticələrdən sonra Məmmədyarov və Hüseynov hərəyə 6,5 xalla 18 - 38-ci pillələrdə yer alıblar. 5,5 xalı olan Məmmədov 64 - 91-ci yerləri bölüşür.

Qadınların mübarizəsində isə daha 4 tur oynanılıb. Azərbaycan təmsilçilərindən Gülnar Məmmədova görüşlərini 2 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət, Günay Məmmədzadə və Zeynəb Məmmədyarova hərəyə 2 qələbə, 2 məğlubiyyət, Türkan Məmmədyarova 1 qələbə, 1 heç-heçə, 2 məğlubiyyətlə başa vurub.

Bununla da Məmmədova 5,5 xalla 10 - 21-ci, Məmmədzadə 4,5 xalla 37 - 58-ci, Zeynəb Məmmədyarova 4 xalla 59 - 68-ci, Türkan Məmmədyarova 3,5 xalla 69 - 92-ci pillələrdə yer alıblar.

Qeyd edək ki, rapid növündən mübarizəyə dekabrın 28-də yekun vurulacaq. Kişilər 15, qadınlar 12 tur yarışacaqlar.

Xatırladaq ki, daha əvvəl Gürcüstanın Batumi şəhərindəki 43-cü Ümumdünya Şahmat Olimpiadasında bu gün X turun görüşləri keçirilib. Azərbaycan şahmatçıları Ukrayna və Ermənistan təmsilçiləri ilə qarşılaşıblar.