30/01/2019
13:15
1841
| A A A
15 yaşlı çempion: "Qazandığım pulları anamın səfər xərclərinə sərf edəcəm"

Yanvarın 24-də başa çatan şahmat üzrə Azərbaycan Çempionatının qalibi 15 yaşlı Məhəmməd Muradlı olub.  Nəsimi Şahmat Məktəbinin yetirməsi olan Məhəmməd, mart ayında Makedoniyada keçiriləcək Avropa çempionatında ölkəmizi təmsil etmək hüququnu da qazanıb.

Goal.az gənc şahmatçının Chess.az saytına müsahibəsini təqdim edir:

–Ölkə çempionatı çox gərgin keçdi. 15 yaşınız olmağına baxmayaraq son turda böyüklər arasında Azərbaycan Çempionu adını qazana bildiniz. Çempion olmaq necə hissdir?

– Turnir boyu özümü biraz gərgin hiss edirdim . İsmayıl Şahəliyeva məğlub olduqdan sonra çempionluğun artıq əldən getdiyini düşünmüşdüm. Amma sonra ardıcıl 3 qələbədən sonra özümü biraz rahat hiss etdim. İndi özümü xoşbəxt hiss edirəm ki, 15 yaşımın olmasına baxmayaraq ölkə çempionu oldum.

– Çempionatın sonu çox dramatik keçdi. Son tura qədər turnir cədvəlinə İsmayıl Şahəliyev başçılıq edirdi. Hansı anda çempion ola biləcəyinizi hiss etdiniz?

–8-ci turda Zeynalov Fəridə üzərində qələbə qazandıqdan sonra hiss etdim ki, çempion ola bilərəm. İsmayılın son turda xal itirəcəyini gözləyirdim. Belə də oldu.

– Bu sizin böyüklər arası yarışlarda ilk ciddi uğurunuzdu. Amma bildiyimiz kimi müxtəlif yaş qruplarında və məktəblilər arasında kifayət qədər ciddi uğurlarınız var. Titullarınızdan danışardız?

– 11 yaşda məktəblilər arasında Avropa çempionu , 12 yaşımda isə Dünya Çempionu olmuşdum. Bundan əlavə 11 yaşım olanda "Mosva Open" turnirində öz yaş kateqoriyamda birinci yer tutmuşdum.

– Şahmatla neçə yaşdan sonra məşğul olmağa başlamısınız və ilk müəlliminiz kim olub?

– Şahmatla 5 yaşımda məşqul olmağa başlamışam. İlk müəllimim Solmaz xanım olub. Hazırda isə Rəsul İbrahimovla məşğul oluram.

– Çoxlu kitablar oxumaq yoxsa müasir kompyüter proqramları? Hansını daha üstündür?

– Məncə 2700 səviyəyə qədər daha çox kitab oxumaq lazımdır. Mövqe cəhətdən olan vəziyyətləri daha yaxşı hiss etmək üçün kitab daha əlverişlidir. Məsələn eks-dünya çempion Vladimir Kramnik, o mövqeləri çox güclü hiss edir. Güclü hissiyatı var, intuisiyası çox güclüdür. Kompyüter proqramlarına gəlincə, məncə onlar daha çox 2600-2650 reytinqdən sonra kitabdan daha çox işə yarayır.

– Qazandığınız uğur sayəsində siz bir anda ölkədə şahmatla məşğul olan uşaqların kumirinə çevrildiz. Onlara məsləhətiniz nədir ?

- Onlara hazırda proqramlar lazımdır. Amma onlar şahmatla məşğul olduqları vaxtlarını 80%-ni kitablara həsr etsələr yaxşıdır. Məsələlər həll etmək,taktikalar və təbii ki, bədii kitablar da oxumaq vacibdir.Kitab oxumaq beyni təmiz saxlayır. Məsuliyyətli olmalı və şahmatla məşğul olarkən özlərini aldatmamalıdırlar. Müəllimin verdiyi tapşırıqları cavabına baxaraq yazan çox uşaq görmüşəm. Onlar elə bilirlər müəllimi aldadırlar, amma xeyir bu onların özlərinə ziyandır. Buna görə də belə uşaqlar irəliləyə bilmirlər. Amma özləri daha çox vaxt sərf etsələr, kitab oxusasalar təbi ki, inkişaf da olacaq.

– Bəs məktəbdə ? Maraqlıdır, Məhəmməd necə bir şagirddir ?

-Artıq biraz zəif. 8-ci sinifə qədər çox yaxşı oxumuşam, ondan sonra artıq 2300 reytinqi keçəndən sonra yarışlar da çoxaldı və başladım zəifləməyə. Amma 9-cu sinif buraxılış imtahanlarına görə şahmatı biraz kənara qoydum və dərslərimlə ciddi şəkildə məşğul oldum. Hazırlıqlara gedirdim və 9-cu sinifdə imtahanlardan uğurla çıxdım. Amma 10-cu sinifdə hələ ki, elə də güclü oxuya bilmirəm.

– Ölkə çempionluğu sizə müəyyən miqdarda pul da qazandırdı. Hər halda 15 yaşlı bir gənc üçün az sayılmayacaq qədər. Sirr deyilsə nə qədər qazandınız və qazandığınız pulu hara xərcləyəcəksiz?

– 1 350 manat qazanmışam. Mart ayında Makedoniyoda keçiriləcək Avropa Çempionatına özümlə birlikdə anamın da getməyini istəyirəm. Buna görə də qazandığım pulu anamın səfər xərclərinə istifadə edəcəm.

– Şahmatda kumiriniz kimdir? Oyun stiliniz hansı şahmatçının stilinə bənzəyir?

– Uşaqlıqdan indiyə qədər həmişə kumurum Şəhriyar Məmmədyarov olub. Onun dəlisov oyun stili mənə hər zaman çox maraqlı gəlirdi. Hər gedişində hesablama olur və rəqibi də hesablamağa məcbur edir. Şəhriyarın heç-heçəyə razılaşmamaq xüsusiyyəti xoşuma gəlir. Onda ya udmaq ya uduzmaq var. Məndə də heç-heçə oynamaq sevmədiyimdən və uşaqlıqdan Məmmədyarovun oyunlarına çox baxdığım üçün hesab edirəm ki, onun stilinə çox oxşayır oyunlarım.

– Onunla oynamısınız və ya oynamaq istərdiniz?

– 2 dəfə Şəhriyarla seans oyununda iştirak etmişəm.

– Onunla yarışda qarşılaşsanız oyun necə nəticələnər?

- Heç-heçə edə bilərəm bəlkə də,amma çox güman ki oyun Şəhriyarın qələbəsi ilə nəticələnər.

- Bəs Dünya Çempionu adı uğrunda keçirilən final matçında kimə azərkeşlik edirdiniz ? Karlsen yoxsa Karuanaya?

– Karlsena. Amma Karuana matça daha güclü hazırlaşmışdı. Karuana asan həzm ediləcək rəqib deyil çünki onun debüt hazırlığı da yüksək səviyyədə idi. Karlsen da Rossolimo debütündə çox güclü oldu. Və qaralarla heç bir oyunda məğlub olmadı, hətta bəzi oyunlarda üstün də olmuşdu.

- Bəs Dünya Çempionu adı uğrunda daha maraqlı final hansı olardı sizcə ?

-Mənə elə gəlir ki, Məmmədyarov Karlsen matçı olsaydı bu çox maraql final olardı. Və orada ən azından 4 qələbə olardı .

- Dünya Çempionatının indiki formatı darıxdırıcı deyil ki?

-Darıxdırıcı olsa da məncə matçda oyunların sayı artırılmalıdır. Çünki dünya Çempionun adını rapidnən bəlli olması biraz düzgün deyil məncə. Məncə 16, hətta 24 oyuna qədər uzadılmalıdır final matçları. Düzdür 24 oyun çoxdur, istirahət günlərini də saysaq iki aya yaxın vaxt edir. Amma 16 matç olsa yaxşıdır fikirimcə.

– Başqa idman növlərinə marağınız var?

–Bəli,var. Daha çox güləş mənə maraqlıdır. Hətta bir ara fiziki hazırlıq üçün güləşlə məşğul da olmuşam.

– Bəyəndiyiniz güləşçi kimdir?

–Hacı Əliyev

– Yəqin ki şahmat üzrə Azərbaycan çempionu olmaq uşaqlıq arzunuz idi?

-Xeyr. Arzum bundan daha böyükdür. Mənə elə gəlir ki,12 yaşlılar arasında Dünya Çempionu olmaq bu yarışdan daha çətin idi mənim üçün. Oradakı mübarizə və stress burdakından daha böyük idi.

– Siz hazırda ölkənin ən çox perspektiv vəd edən şahmatçılarından biri hesab olunursunuz. Mart ayında Makedoniyada keçiriləcək şəxsi Avropa Çempionatında nə dərəcədə uğur gözlənilir?

-Hazırlıqdan asılıdır. Təbii ki əsas yarışda taxta arxasında gücünü ortaya qoymaqdır. Yarışdan əvvəl debütləri təzələmək və şahmat biliklərimi artırmaq haqqında düşünürəm.Hər şey hazırlığımdan asılıdır.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
LIVERPOOL
%
AJAX
%
TOTTENHAM
%
10390 səs