01/07/2019
11:35
1652
| A A A
Rafael Ağayev: "Həkim Avropa Oyunlarında çıxışıma icazə vermirdi"

“Digəri ilə müqayisədə, yer aldığım qrup güclü idi. Türkiyəli Erman Eltemuru və Macarıstanlı Qabor Harspatakiilə ardıcıl iki il finalda olmuşuq. Digər rəqibim - britaniyalı Co Kellaveyi yeni idmançıdır. Onunla bir qədər çətin oldu. Qrupdan birinci yerlə çıxdım”.

Bunları “Minsk 2019” II Avropa Oyunlarında gümüş medal qazanan Azərbaycan millisinin karateçisi Rafael Ağayev “Report” a açıqlamasında deyib.

75 kq çəki dərəcəsində çıxış edən 34 yaşlı idmançı finalda uduzmasının səbəblərindən danışıb: “Yarımfinalda qarşılaşdığım estoniyalı Pavel Artamonov da gəncdir, onun döyüşlərini izləməmişdim. Hesabda geri düşsəm də qələbə qazandım. Finalda isə indiyə qədər 4 dəfə qalib gəldiyim ukraynalı Stanislav Horuna ilə qarşılaşdım. Səhv etmirəmsə, ona 1 və ya 2 dəfə uduzmuşam. Başlanğıcda 2 xallıq zərbə vurdum. Ancaq hakimlər saymadı. Bunu bəhanə etmirəm. Ardınca 1 xal geri düşdüm. Sonra isə başıma 3 xallıq zərbə buraxdım. İkinci yeri tutdum. Nədənsə bu il məndə heç gətirmir. Hələlik qızıl medalım yoxdur”.

Ağayevin sözlərinə görə, Yay Olimpiya Oyunlarının proqramına daxil edildikdən sonra karatedə rəqabət artıb: “Bura qızıl medal üçün gəlmişdim. Bunu bəhanə kimi demirəm - bu, yarışa cəmi 4 gün ərzində hazırlaşmışam. Çünki Türkiyədə lisenziya yarışında 5-ci döyüşümdə zədə almışdım. Heç həkim Avropa Oyunlarında çıxışıma icazə vermirdi. 25 gün ərzində iynə-dərman və toplardan istifadə edərək ayağa qalxdım. Cəmi 3 gün məşq edib, bura gəlmişdim. Özümə inam vardı, alınmadı. Bu il tilsimi qıra bilmirəm. Gələn yarışlara yaxşı hazırlaşmaq lazımdır. Uduzmağımın digər səbəbi yorğunluqdur. Bu yarışla birgə keçən ildən indiyə qədər 86 döyüş keçirmişəm. Bu, normadan çoxdur. Başqa idman növlərində 20-25 döyüş olur. İki ay fasiləmiz var, dincələcəm. Hədəfim 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına düşmək və qızıl medal götürməkdir”.

Əfsanəvi karateçi II Avropa Oyunlarında medal qazanan bütün Azərbaycan idmançılarını təbrik edib: “Karateçilər olaraq daha çox qızıl medal qazana bilərdik. Özümdən və Firdovsi Fərzəliyevdən də qızıl medal gözləyirdim. Amma alınmadı. Rafiz Həsənov məşqlərdə ən yaxşılardan idi. Sadəcə olaraq, aura onu sıxdı. Başda sərbəst güləşçimiz Hacı Əliyev olmaqla, medal götürən bütün idmançılarımızı təbrik edirəm. O, 26 iyunda - Silahlı Qüvvələr günüdə çempion oldu və qızıl medalını əsgərlərimizə həsr etdi. Mən də istəyirdim ki, qələbəmi həmin əsgərlərimizi dünyaya gətirən, böyüdən analara həsr edim. Qismət olmadı. Gümüş də olsa, medalsız qayıtmıram”.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22007 səs