04/05/2022
21:42
389
| A A A
Səid Mollayinin Azərbaycan millisində çıxış etməsinə razılıq verilib

Beynəlxalq Cüdo Federasiyası (IJF) Səid Mollayinin Azərbaycan bayrağı altında çıxış etməsinə rəsmi razılıq verib.

Goal.az xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən idmançı mayın 2-dən ölkəni təmsil edə biləcək.

IJF-in qəbul etdiyi yeni qaydalara əsasən, cüdoçu ölkəni dəyişərkən əvvəllər olduğu kimi, onun reytinq xalları sıfırlanmayacaq. Mollayi hazırda öz çəkisində dünya reytinqində 7-ci pillədə qərarlaşıb.

ACF-nin baş katibi Rəşad Rəsullu Səid Mollayinin yığmaya cəlb edilməsinə münasibət bildirib: "81 kq millidə problemli çəki dərəcəsi hesab edilib. Bu çəkidə çoxsaylı ümidverici idmançılarımız olsa da, təəssüf ki, yüksək səviyyəli yarışlarda olimpiya çempionumuz Elnur Məmmədlidən sonra mükafat qazanan olmayıb. Səid 81 kq-da dünyanın aparıcı cüdoçularından hesab edilir və onun milliyə qatılmağı ilə bu problemi qısa müddət üçün aradan qaldırmağa nail olmağı hədəfləyirik. Hesab edirik ki, onun kimi intizamlı və zəngin təcrübəyə malik olan idmançının komandada olması bu çəkidə rəqabəti artırmaqla yanaşı, istedadlı və gənc cüdoçuların inkişafına da müsbət təsir göstərəcək”.

Səid Mollayinin sözlərinə görə, Azərbaycan bayrağı altında çıxış etmək onun ən böyük arzularından biri olub: “Ona görə Monqolustan Cüdo Assosiasiyası ilə müqaviləm bitdikdən sonra özüm ilk təşəbbüsü göstərərək ACF-ə müraciət etdim və Azərbaycan adından çıxış etmək niyyətimi bildirdim. Çox sevinirəm ki, bundan sonra doğma Azərbaycan bayrağı altında yarışlara qatılacağam. Qarşıda bizi dünya və Avropa çempionatları, 2024-cü ildə Paris Yay Olimpiya Oyunları gözləyir. Vaxtımız azdır, əlimdən gələni edəcəyəm ki, yüksək nəticə göstərim və bayrağımızı yüksəklərə qaldırım”.

Qeyd edək ki, əslən Azərbaycandan olan Səid Mollayi 2018-ci ildə Bakıda keçirilmiş dünya çempionatında qızıl medal qazanıb. Təcrübəli idmançı Tokio-2020 Yay Olimpiya Oyunlarının və Asiya Oyunlarının gümüş mükafatçısıdır. Mollayi həmçinin, 1 dəfə dünya, 3 dəfə isə Asiya üçüncüsü olub. Onun aktivində Asiya çempionatının bürünc medalı da var.