09/05/2022
13:31
546
| A A A
Azərbaycan yığması Fransada ikinci oldu

Fransanın Nanter şəhərində cüdo üzrə gənclər arasında Avropa Kuboku turnirinə yekun vurulub.

Goal.az xəbər verir ki, yarışın sonuncu - ikinci günündə Azərbaycan cüdoçuları 2 qızıl, 3 bürünc medal qazanıb.

Qızıl medallara İsmayıl Zamanov (81 kq) və Vüqar Talıbov (90 kq) sahib çıxıb. Onlar həlledici görüşdə, müvafiq olaraq, Vsevolod Klimov (Ukrayna) və Aleksa Mitroviçi (Fransa) yeniblər.

81 kq-da çıxış edən digər cüdoçumuz Ömər Rəcəbli, 100 kq-da yer alan Ruslan Nəsirli və +100 kq-da yarışan Kənan Nəsibov isə turniri üçüncü yerdə başa vurublar.

Beləliklə, baş məşqçi Elxan Məmmədovun rəhbərliyi altında Fransaya 16 oğlan cüdoçu ilə yollanan Azərbaycan yığması Avropa Kubokunu 2 qızıl, 2 gümüş və 4 bürünc medalla tamamlayıb. Bu nəticə ilə ölkəmiz ümumkomanda hesabında 4-cü, oğlanların sıralamasında isə yalnız Fransadan (3 qızıl, 3 gümüş, 6 bürünc) geri qalaraq ikinci yeri tutub.

Xatırladaq ki, ilk gündə Turan Bayramov (60 kq) və Vüsal Qələndərzadə (73 kq) gümüş, Qasım Vəlizadə (66 kq) bürünc medal qazanıb.

Qeyd edək ki, turnirdə 15 ölkədən 310 cüdoçu mübarizə aparıb.