23/01/2023
22:47
516
| A A A
Azərbaycan çempionatının liderindən daha iki qələbə

Həftəsonu qadın həndbolçuların Azərbaycan çempionatında növbəti turun oyunları keçirilib.

Goal.az xəbər verir ki, 9-cu turun “Azəryol” – “Azərsu” görüşündə nominal ev sahibinin qələbəsi şübhə doğurmurdu.

İlk dəqiqələrdən təşəbbüsə yiyələnən “Azəryol” etimadı doğruldaraq, oyunu böyük hesablı qələbə ilə başa vurub – 46:19.

“Qarabağ” – “ İdman Akademiyası” matçında da gözlənilməz nəticə qeydə alınmayıb. Oyunun favoriti sayılan “Qarabağ” rəqibin ciddi müqavimətinə baxmayaraq azarkeşlərini növbəti qələbə ilə sevindirib – 34:26.

Yarışın 10-cu turu da eyni ssenari ilə yadda qalıb. “Azəryol” “Azərsu”nu bu turda 52:13, “Qarabağ” isə “İdman Akademiyası”nı 32:23 hesabı ilə məğlub edib.

Keçirdiyi bütün oyunları qələbə ilə başa vuran “Azəryol” 24 xalla çempionatın lideridir. “Qarabağ” ondan 6 xal geri qalır. Aktivində 12 xalı olan “İdman Akademiyası” 3-cü pillədə qərarlaşıb. “Azərsu” 6 xalla 4-cü yerdədir. Autsayder “U-16” hələ ki xal qazana bilməyib.