21/11/2016
12:26
1512
| A A A
Milliləşdirmə ənənəsi, yoxsa ənənəvi növlərdə millilik? - LAYİHƏ

Olimpiya Oyunlarında iştirak tariximizə nəzər salsaq, dördilliyin ən nüfuzlu turnirində ilk medalın sərbəst güləşdə qazanıldığını görə bilərik. Güləş "Olimpin fətində" ilk azərbaycanlı Rəşid Məmmədbəyovun Helsinkidən, Namiq Abdullayevin isə Atlantadan gümüş medal gətirdiyi ənənəvi növüdür. Olimpiya yığmamızda legioner idmançıların artım tendensiyası bizim üçün ənənəvi hesab edilən növlərdə də müşahidə olunur.

2008-ci ildə Olimpiya yığmasındakı 44 idmançının 15-i legioner olub. 2012-ci ildə Londonda Azərbaycanı təmsil edən 53 idmançının 27-ni legionerlər təşkil edib. 2016 Rio-de-Janeyro Olimpiadasında isə milliləşdirilmiş idmançıların sayı 35-ə çatıb.

Goal.az güləş, boks kimi dman növlərində milliləşdirmə strategiyasının səbəbləri, legionerlərin medal kolleksiyamıza verdiyi fayda və növbəti Olimpiya oyunlarına kimi milliləşdirilmə tempinin potensial dinamikasını araşdırıb.

Güləşdə legionerlərdən ilk dəfə Pekin - 2008 Olimpiadasında istifadə olunmuşdu. Çamsulvara Çamsulvarayev (74 kq), Novruz Termezov (84 kq), Xetaq Qazyumov (96 kq), Əli İsayev (120 kq) sərbəst, Şalva Qadabadze (84 kq) və Anton Botev isə (120 kq) Yunan-roma güləşi üzrə yarışlarda ölkəmizi təmsil etmişdi. Bunlardan ən yaxşı nəticə, heç şübhəsiz, Xetaq Qazyumova məxsusdur. Şimali osetiyalı legioner yarımfinalda Şirvani Muradova uduzsa da, təsəlliverici görüşdə Qeorqi Tibilova (Ukrayna) qalib gəlməklə bürünc medala sahib olmuşdu. Digər legionerlər isə maksimum 1/4 finala qədər irəliləmişdi.

Çamsulvara Çamsulvarayev - 1/8 final, Murad Heydərov (Belarus)

Novruz Termezov - 1/4 final, Qeorqi Ketoev (Rusiya)

Şalva Qadabadze - 1/4 final, Zoltan Fodor (Macarıstan)

Anton Botev - 1/8 final, Yalmar Syöberq (İsveç)

Çamsulvarayev Pekin Olimpiadasına dünya (2007, Bakı) və Avropa (2008, Tampere) üçüncüsü kimi gəlmişdi. Onun çıxış etdiyi 74 kq çəki dərəcəsində Afina Olimpiadasında Elnur Aslanov mübarizə aparmış və təsnifat mərhələsində Yusup Abdusalomova (Tacikistan) uduzmuşdu. Dağıstanlı idmançıdan isə medal gözlənilirdi. Çamsulvara Belarusu təmsil edən həmyerlisinə ilk periodda 4:0 qalib gəlsə də, konsentrasiyanı itirdi. Sonrakı hissələrdə 0:2 və 0:1 uduzan milliləşdirilmiş pəhləvan mübarizəni erkən dayandırmalı oldu.

Novruz Termezov sözügedən turnirə Avropa çempionatının (2008) bürünc mükafatçısı kimi qatılmışdı. Onun mübarizə apardığı 84 kq çəki dərəcəsində öncəki Olimpiya oyunlarında təmsilçimiz olmamışdı. Qaraçay-çərkəzli legionerimizi 1/4 finalda adlı-sanlı Ketoevə uduzmaqda (4:0, 0:2, 0:2) elə də qınamaq olmazdı.

Pekin Olimpiadası güləş tarixmizdə yeni bir səhifə də açmış oldu. Belə ki, Azərbaycan ilk dəfə təmsil olunduğu qadın güləşində də medal qazandı. Bu növdə hər 3 təmsilçimiz - Mariya Stadnik, Yelena Komarova, Olesya Zamula legionerlər idi. Onlardan Mariya Stadnik (48 kq) ümidləri doğrultmaqla aktivinə bürünc medal yazdıra bilmişdi.

2012 London Olimpiadasında legioner güləşçilərin sayı və tərkibi dəyişdi. 4 il əvvəl güləş yığmamız 9 nəfər legionerlə Pekinə yollanmışdısa, Britaniyada bu göstərici iki vahid azalmışdı. Sərbəst güləşdə 84 kq çəki dərəcəsində Novruz Termezovu əvəzləyən Şərif Şərifov Olimpiya çempionu oldu. Ən ağır çəkidə (120 kq) Cəmaləddin Məhəmmədov təsnifat görüşündə Bilal Maxova təslim oldu. Yunan-Roma güləşində Saman Təhmasibi (84 kq) mübarizəyə qoşulsa da, 1/8 finalda mübarizəni dayandırdı.

Qadın güləşçilərdən hər iki legioner medal qazandı. Mariya Stadnik (48 kq) gümüş, Yuliya Ratkeviç (55 kq) isə bürünc medala sahib çıxdı.

2016 Rio-de-Janeyro Olimpiadasında Azərbaycanı 8 milliəşdirilmiş güləşçi təmsil etdi. Onların 5-i bayrağımızı Rio-de-Janeyroda dalğalandırdı : 2 gümüş, 3 bürünc. Sərbəst güləşdə Cəmaləddin Məhəmmədov (125 kq) növbəti dəfə 1/8 finalda uduzmaqla Olimpiadanı 12-ci yerdə başa vurdu. Şərif Şərifov (86 kq) bürünc, Xetaq Qazyumov (97 kq) karyerasındakı son Olimpiadada gümüş medala sahib çıxdı.

Yunan-roma güləşində Sabah Şəriəti 3-cü yerə çıxdı. Qadınlardan Mariya Stadnik (48 kq) gümüş, Natalya Sinişin (53 kq) bürünc medal qazandı.

Azərbaycanın müstəqil dövlət kimi iştirak etdiyi Olimpiya oyunlarını təhlil etsək, ən çox medalın güləşdən (23) gəldiyi aşkar görünür. Milliləşdirilmiş güləşçilərdən istifadənin müsbət aspekti müxtəlif çəki dərəcələrində təmsilçimizin mübarizə aparması ilə bağlıdır. Pəhləvanların sayı artır ki, bu da medal qazanmaq şanslarını artırır. Digər tərəfdən, tarixən güləş ölkəsi kimi tanınan Azərbaycanda ağır çəki dərəcələrində beynəlxalq uğurları olan yerli idmançımız yox dərəcəsindədir. Xetaq Qazyumovun idmançı karyerasını başa vurduğu bir vaxtda 96 kq çəki dərəcəsində yeni simaya ehtiyac var. Ehtiyac olan kateqoriyalara yerli güləşçiləri düzgün aparılan seleksiya işləri nəticəsində üzə çıxarmaq olar. Azərbaycan Güləş Federasiyası bu məqsədlə bölgələrdə müntəzəm turnirlər keçirir. Təkcə bununla kifayətlənmək olmaz. Özünü yaxşı tərəfdən göstərən gənc güləşçilər, xüsusilə ağır çəki dərəcələrinin nümayəndələri təlim-məşq toplantısı, nüfuzlu yarışlarda təcrübə toplamalıdır.

Azərbaycanın Əməkdar məşqçisi, "Şöhrət" ordeni laureatı Yaqub Məmmədov legionerlərdən istifadə edilməsini seleksiya işlərinin zəif aparılması, rəqabət amili ilə əlaqələndirir.

"Güləş Federasiyası təkbaşına bu problemi həll edə bilməz. Qurum yığma komandaya cavabdehdir. Bununla uşaq-gənclər məktəbində çalışan məşqçilər məşğul olmalıdır. Onların bəzisi də oturduğu yerdə sayırlar. Ağır çəkili, uyğun parametrləri olan pəhləvanları axtarmırlar. Bölgələrdə seleksiya işləri zəif gedir. Azərbaycanda 15 min sərbəst, 8 min nəfər Yunan-roma güləşi ilə məşğul olur. Yeniyetmə güləşçilərin hazırlanmasına cavabdeh məşqçi idmançının onun yanına gəlməsini gözləməməlidir. SSRİ dövründə seleksiya işlərini icra etmişəm deyə həmin prosesdən xəbərdaram. Dünya arenasında özünü sübut edən legioner vətəndaşlıq dəyişmir. Bir legioner cəlb edəndə onların təcrübəsini yerli idmançılara ötürməsi, rəqabəti artırmasını nəzərdə tuturuq. Bəzən yerli idmançılar lazımi səviyyədə hazırlıqlı olmadıqları üçün legionerlərə rəqabəti uduzur. Təbii ki, yarışlara da ən güclü pəhləvan gedir. Potensialı böyük olan yerli güləşçilər var. Fərdi məşqçilər onları lazımi şəkildə hazırlamır. Toğrul Əsgərov, Cəbrayıl Həsənov, Hacı Əliyev niyə rəqiblərinin öhdəsindən gələ bilir? Onların çəki dərəcəsinə gələn legionerlər də Azərbaycanda çox qalmayıb. Adları çəkilən idmançılarla fərdi və yığmanın məşqçiləri lazımi istiqamətdə iş aparıb. Təsəvvür edin ki, yığmanın məşqçisi hazır materialdan istifadə edir. Bu materialı ortaya çıxarmaq isə regionlarda çalışan mütəxəsislərin vəzifəsidir. Onlar güləşçini pisxoloji, taktiki, texniki cəhətdən yaxşı hazırlamırsa, yığmanın məşqçisi bu keyfiyyətlərə malik legionerə etimad göstərməli olur. Yerli güləşçilərimizin məişət durumu da yaxşılaşdırılıb. Buna baxmayaraq Namiq Abdullayev, Fərid Mansurov səviyyəsində atletlərimiz az yetişir. Azyaşlı uşaq güləş məktəbinə gəldiyi andan onun potensialı müəyyənləşdirilməli və qarşısına məqsəd qoyulmalıdır".

Y. Məmmədov legionerin yığmada daimi yeri olmadığını vurğulayıb. O, fikrini belə əsaslandırıb:

"Pekin Olimpiadasında 74 kq çəki dərəcəsində Çamsulvara Çamsulvarayev güləşirdi. Londonda bu kateqoriyada Əşrəf Əliyev mübarizə apardı. 2008-ci ildə Çamsulvaranın çəkisində Quliyev Aqil də kifayət qədər tanınırdı. Bakıda keçirilən "Qızıl Qran Pri" turnirində qalib də olmuşdu. Londonda 74 kq-da Emin Əhmədov güləşdi və bürünc medal qazandı. Yəni legioneri yerli idmançı ilə əvəzləmək təcrübəmiz də var".

Boks müstəqil Azərbaycanın bütün Olimpiya oyunlarında təmsil olunduğu növlərdən biridir. 1996 Atlanta Olimpiadasında iştirak edən hər iki boksçu - İlham Kərimov (81 kq) və Ədalət Məmmədov (+91 kq) mükafatçılar sırasına düşə bilməmişdi. 2000-ci il Sidney Olimpiadasında 3 çəki dərəcəsində Dağıstan mənşəli boksçularla təmsil olunduq : Maxaç Nuriddinov (60 kq), Ruslan Xairov (67 kq) və Maqomed Aripqadciyev (91 kq). Dünya və Avropa çempionatının bürünc medalçısı Xairova ümidlər böyük olsa da, onun qarşısını 1/4 finalda Oleq Saitov (Rusiya) kəsmişdi. Maraq üçün qeyd edək ki, Azərbaycanın "Yaşıl qitə"də yeganə bürünc medalını boksçu Vüqar Ələkbərov (75 kq) qazanmışdı.

2004 Afina Olimpiadasında iştirak edən 9 boksçudan cəmi biri - Ruslan Xairov legioner idi. Bu turnirdə Fuad Aslanov və Ağası Məmmədov fəxri kürsünün 3-cü pilləsinə çıxmışdı. 4 ildən sonra Pekində 2 çəki dərəcəsində mübarizə aparan boks yığmamız Şahin İmranovla növbəti bürünc medala sahib çıxdı.

2012 London Olimpiadasında 4 milliləşdirilmiş boksçudan Məhəmmədrəsul Məcidov superağır çəki dərəcəsində bürünc medala sahib oldu. Rio-de-Janeyro Olimpiadasına qədər boks yarışlarından Azərbaycanın aktivində 5 bürünc medal vardı. Okeanın o tayında 10 çəki dərəcəsində 4 legionerlə mübarizə aparan boks yığmamız 2 medal əldə etdi. Legionerimiz Lorenzo Sotomayor (64 kq-dək) Olimpiya gümüşünə sahib çıxdı. Dünya şöhrətli Albert Səlimov isə 1/4 finalda fransalı rəqibinə uduzdu. Abdulqadir Abdullayev və Məhəmmədrəsul Məcidov da medal arzusunu həyata keçirə bilmədi.

Boks idmanında legionerlərin çıxışı müzakirə mövzusu ola bilər. 2 Olimpiya oyunlarında sırf yerli boks məktəbimizin nümayəndələri mübarizə aparıb. Digər olimpiadalarda 12 milliləşdirilmiş boksudan 1 gümüş, 1 bürünc medal gəlib. Azərbaycanın boks üzrə milli komandasının baş məşqçisi Nəriman Abdullayev bəzi çəki dərəcələrində legionerlərin olmasını qaçılmaz hesab edir.

"Legioner idmançı təsadüfən yığmaya cəlb olunmur. Onlar yerli boksçulardan bir baş üstündür, rəqabəti udurlar. Boksçu Azərbaycan vətəndaşı olandan sonra ölkə birincilyində iştirak edir. Özünü sübut edəndən sonra heyətə daxil olunur. Götürək Məhəmmədrəsul Məcidovu. Respublika çempionatında onun qarşısında duran yoxdur. Bizim uşaqlar da pis deyil, amma işləmək lazımdır. Yerlərdə federasiyanın da dəstəyilə məşqçilər çalışır, yeni istedadlar axtarırlar. Yaşı az olan boksçularımız yavaş-yavaş çıxır. Boks yığmasında tədricən yenilənmə gedir. Tokio Olimpiadasında indiki uşaqların bir neçəsini görməyə ümid edirəm".

Ağır atletika da Azərbaycan üçün ənənəvi idman növüdür. Təsadüfi deyil ki, 1996-cı il Atlanta Olimpiadasında ağırlıqqaldırma üzrə Tofiq Heydərli ilə təmsil olunmuşduq. Turan Mirzəyev (69 kq) və Nizami Paşayevin (85 kq) mübarizə apardığı Sidney Olimpiadası medal baxımından əlamətdar olmamışdı. 4 ildən sonra Afinada 2 legioner atlet də Azərbaycanı təmsil edirdi. Əlibəy Səmədov (94 kq-dək) ümumi hesabda 15, Alan Naniyev (105 kq-dək) isə 6-cı olmuşdu. Ellada torpağında Olimpiya yığmamızın bayraqdarı Nizami Paşayev isə uğursuz çıxış etmişdi.

2008 Pekin Olimpiadasına legionersiz yollanan ağır atletika komandasında Nizami Paşayev və Turan Mirzəyev 5-ci oldu. 2012 London Olimpiadasında ağırlıq qaldırma üzrə yığmada 3 milliləşdirilmiş idmançı nəzərə çarpırdı. Valentin Hristov (56 kq) bu növdə ilk Olimpiya medalımızı (bürünc) qazandığı halda Veliçko Çolakov (105 kq) və Boyanka Kostova (58 kq) mükafatçılar sırasına çıxa bilməmişdi.

Rio-de-Janeyro Olimpiadasında Azərbaycan ağır atletika üzrə idmançı göndərmədi. Belə ki, turnirə 1 ay qalmış Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) komandamızın bütün lisenziyalarını ləğv etdi. Hyustonda keçirilən dünya çempionatı zamanı 6 ağırlıqqaldıran - Elxan Əliquluzadə, Silviya Angelova, Firudin Quliyev, Valentin Xristov, Dadaş Dadaşbəyli və İntiqam Zairovun dopinq testi müsbət nəticə verdiyindən komandanın aktivindən 83 xal silinmişdi. 4 ağırlıqqaldıranın Braziliyaya getməsi gözlənilsə də, nəticədə heç bir atletimiz Olimpiadada iştirak etmədi.

Göründüyü kimi Olimpiya oyunlarında 5 milliləşdirilmiş ağır atletdən yalnız biri - Valentin Hristov bürünc medala sahib çıxıb. Rio-de-Janeyroda Azərbaycan ağırlıqqaldıranları dopinqə görə buraxılmadığı üçün bu məsələni xüsusi diqqətdə saxlamaq tələb olunur. Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş katibi Rizvan Rəsulov bu sahədə daxili nəzarəti gücləndirmək üçün Milli Antidopinq Agentliyinin tövsiyəsi ilə ölkəmizdə müstəqil komitələrin (Terapevtik İstifadəyə İcazə Komitəsi, İntizam Komitəsi, Apellyasiya Komitəsi) yaradılması təşəbbüsünü müsbət qiymətləndirir.

"Bu barədə qanun layihəsi Milli Məclisdə ikinci oxunuşdan keçib və hələlik təsdiq olunmayıb. Təsdiq olunsa, Milli Olimpiya komitəsi və federasiyalar bu yöndə iş aparacaq. Ümid edirəm ki, Azərbaycanda dopinq problemi kökündən həll olunacaq və bu risk minimuma endiriləcək".

R. Rəsulov AAAF-in gələcəkdə yerli atletlərin yetişdirilməsinə daha çox diqqət yetirəcəyini də qeyd etdi. Onun sözlərinə görə, gənclərin üzə çıxarılması üçün intensiv iş aparılır.

"Boyanka Kostova, Valentin Hristov, Anastasiya İbrahimlini tam mənada legioner hesab etmək olmaz. Hazırda milliləşdirilmiş idmançıların sayını artırmaq gündəmdə deyil. Paytaxt və bölgələrdə ağır atletika kütləviləşir, kifayət qədər istedadlı uşaqlar var. Milliləşdirmə şəxsi istəyə bağlı məsələdir. Azərbaycanda bədən tərbiyəsi və idman sahəsinə dövlət başçısı tərəfindən xüsusi qayğı göstərilir. Yaradılmış şərait legionerləri cəlb edir. Onlar beynəlxalq arenalarda Azərbaycanı təmsil etmək arzusunda olduqlarını bildirirlər. İndinin özündə də əcnəbi idmançılar öz xidmətlərini bizə təklif edirlər. Bunlar ölkədə idmanın inkişafı ilə əlaqədardır. Gənclər də yetişir. Ehtiyatda pespektivli uşaqlar var.10-13 noyabrda keçirilən Azərbaycan kuboku bunu aydın göstərdi. Federasiya çalışır ki, onları müəyyən proqram əsasında yetişdirməkdə məşqçilərə kömək etsin".

Azərbaycanın bütün idman növlərində gənclərin yetişdirilməsi, yerli məktəblərin imkanlarının genişləndirilməsi qarşıya məqsəd qoyulub. Ölkədə güləş, boks, ağırlıqqaldırma, cüdo kimi növlərdə tam yerli potensialdan yararlanmaq mümkündür. Bunu üçün milli ənənələr, təcrübə, peşəkar kadrlar mövcuddur. 

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Ən çox fanatı olan yerli klub?

QARABAĞ
%
QƏBƏLƏ
%
KƏPƏZ
%
SUMQAYIT
%
ZİRƏ
%
İNTER
%
NEFTÇİ
%
AZAL
%
1447 səs