05/08/2017
19:00
4528
| A A A
Bu gün Hərbi Donanma Günüdür

1992-ci il iyunun 26-da "Bakılı" keşikçi gəmisində Azərbaycan Respublikasının dövlət bayrağı qaldırıldı. 1996-cı ildə Ali Hərbi Dənizçilik Məktəbi əsasında Dəniz Akademiyası təşkil olundu. Azərbaycan Prezidenti H. Əliyevin fərmanına əsasən hər il avqustun 5-i Azərbaycan Respublikası Hərbi Donanma Günü kimi qeyd olunur 

Bu gün Azərbaycan ordusunun inkişafı çox sürətlə gedir. Belə ki, Azərbaycan ordusu həm peşəkarlıq, həm də maddi-texniki bazasının üstünlüyü baxımından bölgədə ən güclü ordudur. Azərbaycan hərbi gücünü artırmaq üçün hər il milyardlarla dollar vəsait sərf edir. Təbii ki, bu yüksəliş hərbi qulluqçuların və onların ailə üzvlərinin həyat tərzinin daha da yaxşılaşdırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə də müsbət təsir göstərir. Taktiki və strateji planlaşdırmalar, yüksək səviyyəli hərbi təlimlərin keçirilməsi də ordumuzun qüdrətindən xəbər verir.

Hər bir müstəqil dövləti dünya birliyində layiq olduğu yerə gətirən faktorlar sırasında ölkənin silahlı qüvvələrinin döyüş qabiliyyəti, texniki təchizatı, zabit kadrlarının hazırlıq səviyyəsi, əsgərlərin mənəvi-psixoloji durumu mühüm yer tutur. Bu amil həm də geopolitik faktor kimi dövlətin beynəlxalq aləmdə qlobal və regional yerini müəyyənləşdirir. Təsadüfi deyil ki, ölkə başçısı İlham Əliyev bu strateji sahəyə çox böyük önəm verir. Elə buna görə də müasir Azərbaycan ordusu keyfiyyətcə yeni mərhələyə yüksəlib. Əminliklə deyə bilərik ki, bu gün Azərbaycanın güclü ordusu var. Ölkəmiz sözün əsl mənasında, bölgədə ən yüksək mövqelərə malik ölkədir. Bu mövqeni şərtləndirən mühüm amillər isə böyük iqtisadi potensial və güclü ordudur.

Zəngin təbii sərvətlərə, əlverişli və strateji coğrafi-siyasi mövqeyinə görə vətənimiz tarix boyu güclü dövlətlərin təzyiqlərinə, hərbi təcavüzünə məruz qalıb. Bununla belə xalqımız öz mövcudluğunu qoruyub saxlaya bilib, ən qüdrətli düşmən ordularına qarşı mübarizədə hünər, qəhrəmanlıq nümunələri göstərib.

1918-ci il iyunun 26-da diviziya statusunda hərbi korpusun yaradılması barədə qərarın qəbul olunması ilə Azərbaycanda milli ordunun təməli qoyulub. Bu tarix Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının başlanğıc tarixidir.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycanın hərbi-dəniz donanması da yaradıldı. Belə ki, 1919-cu ilin yayında ingilislər Bakıni tərk edərkən şəhər limanının idarəçiliyini və və hərbi gəmilərin bir hissəsini Azərbaycan hökumətinə təhvil verdilər. Bu gəmilərin əsasında Azərbaycan Xəzər hərbi-dəniz donanması təşkil olundu. Azərbaycan hökumətinin  bu tədbiri ölkənin dəniz sərhədlərinin qorunmasında mühüm addım oldu.

1919-cu ilin sonlarında general İbrahim ağa Usubovun başçılıq etdiyi Azərbaycanın hərbi missiyası donanma üçün xaricdən 6 toplu qırıcı kater , 12 qırıcı kater , 6 sualtı qayıq ,92 gəmi toru,  10 sahil toru,  simsiz teleqraf qurğuları və s. almışdı.

Azərbaycan hökuməti rus donanmasının admiralı ,Şimal qütbündə ekspedisiyanın  iştirakçısı, türk əsilli İslamovu milli donanmanın yaradılması işinə kömək göstərmək üçün  1919-u ilin yayında Azərbaycana dəvət etmişdi.

 “Astrabad”, “Qars” və “Ərdahan” hərb gəmilərinin komandirliyi azərbaycanlı kapitanlara tapşırıldı.Hərbi donanmanın maddi-texniki bazasının və kadr təminatının gücləndirilməsi planları aprel işğalı nəticəsində həyata keçirilmiş qaldı.Az sonra bolşeviklərin gəlişi ilə Azərbaycanın hərbi donanması ləğv olundu.

SSRİ dağılandan sonra Azərbaycanda da hərbi-dəniz donanmasının təşkilinə şərait yaradıldı.1992-ci ilin aprelin 7-də Azərbaycan Respublikası Hərbi-Dəniz Qüvvələri Qərargahı , mühafizə və təminat rotası yardıldı. Xəzər hərbi-dəniz donanmasıin 25%-i və Ali Hərbi Dənizçilik Məktəbi Azərbaycan Respublikasının ixtiyarına verildi.1992-ci il iyunun 26-da “Bakılı” keşikçi gəmisində Azərbaycan Respublikasının dövlət bayrağı qaldırıldı.  1996-cı ildı Ali Hərbi Dənizçilik  Məktəbi əsasında Dəniz Akademiyası təşkil olundu. Azərbaycan Prezidenti  H.Əliyevin fərmanına əsasən,  hər il avqustun 5-i Azərbaycan Respublikası Hərbi Donanma Günü kimi qeyd olunur.­­­­­

1992-ci ildə keçmiş SSRİ-nin Hərbi Dəniz Donanmasının Qırmızı Bayraqlı Xəzər Donanması Bakı və Moskva arasında bölünmüşdür. O vaxtdan etibarən Azərbaycanın milli hərbi dəniz qüvvələrinin yeni tarixi başlamışdır. Keçmiş müttəfiq respublikalardakı milli kadrların müstəqil Azərbaycana gətirilməsində ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Ulu öndərin müdrik rəhbərliyi sayəsində ölkəmizdə ordu quruculuğu sahəsində mühüm işlər görülmüş, tədbirlər həyata keçirilmişdir.  İndi Azərbaycan Hərbi Dəniz Qüvvələrinin kadr təminatını Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi (AAHDM) həyata keçirir. Dənizçi zabitlərin ixtisaslarının artırılması məqsədi ilə AAHDM-nin nəzdində xüsusi kurslar fəaliyyət göstərir.

Azərbaycanın hərbi donanması 2000-ci ildən geniş hərbi təlimlərdə iştirak edir. Bu təlimlər hərbçilərimizin peşəkarlığını artırmaqla yanaşı, donanmanın gücünü bütün dünyaya nümayiş etdirir. Hərbi donanma ən müasir hərbi texnika ilə təchiz edilmişdir.

Hazırda ölkəmizin Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun, o cümlədən hərbi dəniz donanmasının daha da gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli tədbirlər görülür. Bunun nəticəsidir ki, qüdrətlənən Azərbaycan ordusu ölkəmizə qarşı yönələn istənilən həmlələri dəf etməyə, torpaqlarımızı erməni tapdağından azad etməyə qadirdir.

Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hələ 2003-cü ildə andiçmə mərasimindəki nitqi zamanı Prezident İlham Əliyev demişdi: “Azərbaycanda ordu quruculuğu sahəsində də böyük işlər görülmüşdür. Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir”. Ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması cənab Prezidentin öz vədinə sadiq olduğunu təsdiq edir. Azərbaycan Prezideni, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Onun bariz nəticəsidir ki, Azərbaycan Ordusu sürətlə güclənir, yeni texnikalar, təyyarələr alınır, ən müasir silah-sursat ordunun arsenalına daxil edilir, hərbi hissələrdə komplektləşdirilmiş silah-sursat və texnika daha müasirləri ilə əvəz olunur. Orduya ayrılan vəsaitin artımı həm də hərbi qulluqçuların sosial təminatının gücləndirilməsi, maaşlarının artırılması, mənzil şəraitlərinin daha da yaxşılaşdırılması deməkdir.

Azərbaycan xalqı, hər bir Azərbaycan vətəndaşı qürurla deyə bilər ki, müstəqil Azərbaycan Respublikasının Nizami Ordusu, Hərbi Dəniz Donanması, Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə Qoşunları, Sərhəd Qoşunları, Daxili Qoşunları, Milli Qvardiyası, Fövqəladə Hallar Nazirliyinin hərbi birləşmələri və digər silahlı birləşmələri var. Eyni zamanda sevindirici haldır ki, son dövlər yaradılmış Müdafiə Sənayesi Nazirliyi bu birləşmələri təmin edə biləcək səviyyədə silah və texnika istehsal edir.

Azərbaycan Hərbi Dəniz Qüvvələri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin xüsusi qoşun növlərindən üçüncüsüdür. Bu gün Azərbaycan HDQ-nin kadr təminatını Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi həyata keçirir. Xəzər dənizində Rusiyadan sonra imkanlarına görə, ikinci hərbi donanma sayılan Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) şəxsi heyətinin sayı 3000 nəfər göstərilir. HDQ tərkibinə su rayonunun mühafizəsi divizionu, desant gəmiləri divizionu, tral divizionu, axtarış-xilasetmə gəmiləri divizionu, təlim gəmiləri divizonu daxil olan əsasən suüstü gəmilər briqadasından ibarətdir. Bundan başqa, yardımçı gəmilər dəstəsi mövcuddur. HDQ tərkibinə həmçinin Bakı ətrafında yerləşən dəniz piyada taburu və xüsusi təyinatlı diversiya – kəşfiyyat mərkəzi daxildir.

Azərbaycanın NATO ilə uğurlu əməkdaşlığı da Azərbaycan Ordusunun modernləşməsində mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki, Azərbaycanın NATO ilə əməkdaşlığının əsası 1994-cü ildə, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizin “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulması ilə qoyulmuşdur. Son 15 ildə Azərbaycan hərbçiləri NATO-nun hərbi təlimlərində, sülhyaratma əməliyyatlarında, seminarlarında fəal iştirak etmiş, ən müasir hərbi təcrübələri mənimsəmişlər.  Bütün bu amillər və faktlar Azərbaycan Silahlı Qüvvələri ilə fəxr etməyə əsas verir.

 

N.NOVRUZ

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilir