08/12/2017
16:02
3118
| A A A
Fiziki hazırlıq və mənəvi inkişaf parlaq gələcəyə zəmanətdir

     İnsanın özünü dərk etməsi şəxsiyyətin uzunmüdətli inkişafının nəticəsidir. Fərdin özü haqqında təsəvvürü yarandıqca müstəqilliyə meyli ortaya çıxır. "Mən" obrazının formalaşması, daxili imkanların və motivlərin təzahürünə təkan verir. Mənlik şüuru hər bir şəxsin daxili xarakterini, insanlara, cəmiyyətə olan münasibətini bildirir. Onda  ictimai-siyasi hadisələr, sosial sarsıntılar və milli mübarizə motivlərinin elementlərini aydın müşahidə etmək mümkündür. Məsələn, qədim əcdadlarımızın milli mənlik şüuru haqqında ilkin məlumatlara "Kitabi- Dədə Qorqud" dastanında təsadüf edilir. Tariximizin qədim dövrlərini işıqlandıran şifahi xalq ədəbiyyatımızın bu şah əsərində mənəvi sərvətlərimizin inkişaf xüsusiyyətləri, sosial-etnik cəhətləri müfəssəl əks olunub. Dastanda bir neçə dəfə təkrar olunan "Qarı düşmən dost olmaz" prinsipi müasir dövrdə belə aktuallığını itirməyib. Azərbaycan topraqlarının 20 faizi işğal altında, Qarabağın erməni qəsbkarlarının tapdağı altında olduğu bir zamanda tarixin süzgəcindən keçmiş bu məsəli unutmaq olmaz. Nəzərə almaq lazımdır ki, vətən əxlaqının olmadığı yerdə torpaq bütövlüyünü və müstəqilliyi qorumaq xülyadan başqa bir şey deyil. Milli-mənəvi dəyərlər və mənlik şüuru cəmiyyət tərəfindən hifz edilməli, fərdlər isə bundan öz nəsibini almalıdır. Hər bir xalq müntəzəm özünütənqid və özünüqiymətləndirməni apararsa, heç bir anti-milli  qüvvənin təsiri altına düşməz.

     Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi tarixin bütün dövrlərində aktual məsələlərdən biri kimi nəzərdən keçirilmişdir. Azərbaycan xalqı hər zaman öz vətənini sevən, torpağının hər qarışı uğrunda canından keçməyə hazır olan qəhrəmanlar yetirmişdir. Gənc nəslin yüksək əxlaqi keyfiyyətlərə malik olan, ahəngdar inkişaf etmiş, ictimai cəhətdən fəal olan, əxlaqi saflığı və fiziki kamilliyi özündə birləşdirən şəxsiyyət kimi tərbiyə olunması cəmiyyətin ən ümdə vəzifələrindən biridir.  Ümümmilli liderimiz Heydər Əliyev milli şüurdan danışarkən, kiçik yaşlardan hər bir vətəndaşın vətənpərvərlik hissləri ilə yetişdirilməsinin vacibliyini qeyd etmişdi:

      "Milli vətənpərvərlik prinsipi gərək körpəlikdən başlayaraq hər bir vətəndaşın həyat prinsipi, həyat "qanunu, nizamnaməsi olsun. Milli vətənpərvərlik hissləri hər bir vətəndaşda o qədər güclü olmalıdır ki, hər bir vətəndaş milli mənafeyi öz şəxsi mənafeyindən, öz şəxsi yaşayışından, öz şəxsi həyatından - hər şeydən üstün tutsun."

 

 

Vətənpərvərlik tərbiyəsinin həyata keçirilməsi yolları

 

     Cəmiyyətin əsas özəyini ailə təşkil edir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. İlkin olaraq milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin ibtidai formada tərbiyəsində də ailənin rolu ön plana çıxır. Valideynlər vətən sevgisini tərbiyə prosesinin bir elementi kimi nəzərdən keçirməli,  şəxsiyyətin formalaşmasına təsir göstərən daxili və xarici amillərin balansına diqqət yetirməlidir. Ana torpağa sədaqət, düşmənə qarşı barışmaz mövqe tutmaq kimi ideyaları təbliğ etməkdən ötrü valideynlərin özü övladlarına şəxsi nümunə olmalıdır.

     Uşaqların şəxsiyyət kimi yetişməsində məktəb və mühitin təsiri də danılmazdır. Təhsil ocaqlarında uşaq və yeniyetmələrin ardıcıl, sistemli layihələrin hazırlanması və həyata keçirilməsi məqsədəuyğundur. Uşaqlarda mənlik şüurunun oyanmasına təsadüf olunan zamanı lazımınca qiymətləndirmək mühümdür. Kütləvi tədbirlər, maarifləndirmə, təbliğat işləri vasitəsilə gənclərin mənəvi, fiziki və psixoloji hazırlığını yüksəltmək, onlarda Vətənə məhəbbət hissini tərbiyə etmək,  qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına diqqət yetirilməlidir. Orta ümumtəhsil məktəblərində vətənpərvərlik hissələrinin tərbiyəsində “Gənclərin çağırışaqədərki hazırlığı” fənni böyük həmiyyət kəsb edir. Hərbi nizamnamə qaydaları, silahlı birləşmələr, ordunun strukturu haqqında ilkin məlumatlar məktəb yaşlı uşaqlarda intizam və məsuliyyət hissini inkişaf etdirməyə yönəldilir. Son zamanlar Təhsil Naziliriyi tərəfindən icra olunan mədəni-kütləvi, vətənpərvərlik tərbiyəsi üzrə aktual məsələlərə həsr olunmuş müşavirələrin, konfransların sayı nəzərə çarpacaq dərəcədə artmışdır. 2013-2014-cü tədris ilindən başlayaraq ümumi təhsil müəssisələrinin V-XI siniflərində ilk dərsin “Mənim Vətənim – doğma yurdum” mövzusuna həsr olunması qərara alınmışdır. Ənənəvi təşkil edilən “Şahinlər”, Cəsurlar”, “Sərhəd” hərbi-idman oyunlarının əhəmiyyətini də nəzərdən qaçırmaq olmaz. Məktəblərdə Azərbaycan Respublikasının Milli Qəhrəmanları, müharibə iştirakçıları ilə təhsilalanların mütəmadi görüşlər keçirmək, məktəblilərə torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən övladlarının həyatı və qəhrəmanlıqları barədə ətraflı məlumatlar verilir..

     Gənc nəsildə milli şüur və vətənpərvərlik hisslərinin inkişaf etdirilməsi dövlət siyasətinin də prioritet istiqamətini təşkil edir. Azərbaycan gənclərinin vətəndaşlıq tərbiyəsinin gücləndirilməsi, müstəqilliyimizin şüurlu dərk edilməsi və dəyərləndirilməsi işinə xüsusi diqqət ayrılır. Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı  təsdiq edilmişdir. Proqramın həyata keçirilməsindən sonra gənclərin azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətəndaşlıq tərbiyəsinin gücləndirilməsi, vətənpərvərlik ruhunun yüksəldilməsi vəzifələrinin icrası da nəzərdə tutulur.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 fevral 1999-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş “Gənclərdə vətənpərvərlik və  vətəndaşlıq hisslərinin yüksəldilməsi Proqramı” bu sahədə bir sıra tədbirlərin həyata keçirilməsini nəzərdə tutmuşdur.  1999-cu ildən uğurla icra olunan Proqramın əsas məqsədi gənclərdə vətənə dərin məhəbbət, vətənin tərəqqisi üçün çalışmaq və vətənin bütün maddi və mənəvi sərvətlərini  daima qorumaq və artırmaq, onu müdafiə etmək hissləri aşılamaqdan ibarətdir.

     Vətənpərvərlik hisslərini inkişaf etdirmək üçün idmanın tərbiyəvi rolundan da yararlanmaq lazımdır. Azərbaycanın ən titullu idmançılarından biri, dəfələrlə peşəkar turnirlərin qalibi Eduard Məmmədov fiziki sağlamlığın mənəvi inkişafa təsiri barədə bunları deyir: "İdmanla məşğul olan gənc nəslin nümayəndələrinə vətənpərvərlik hisslərini ilk növbədə məşqçisi aşılamalıdır. Onları ruhlandırmaq, məşqin mahiyyətini aydınlaşdırmaq lazımdır. Uşaqlar, yeniyetmələr gələcəkdə vətən yolunda xidmətə həmişə hazır olmalıdır. Bu gün rinqdə ölkənin bayrağını qaldırmaq üçün mübarizə aparırsansa, vaxtı çatanda doğma torpağa sevgini qazandığın fiziki hazırlıqla sübuta yetirməlisən. 20-25 il öncə əcnəbi kino ulduzlarından stimul alıb idmana gəlirdilər. Artıq Olimpiya çempionlarımız, müstəqil Azərbaycanın milli qəhrəmanları var. Azyaşlılar bizim vətənin övladlarından nümunə götürməli, onların şəkillərini evdə divara asmalıdır. Fiziki inkişaf və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi arasında vəhdət mövcuddur. İdmançı dürüst, mətin, vətənə və dostluğa sadiq olur. Fiziki hazırlıq insanı cismi cəhətdən möhkəmləndirməklə yanaşı, onun mənəvi inkişafına da şərait yaradır. Dünya və Avropa çempionu olmaq şərt deyil. Əsas məsələ sağlam bədəndə sağlam ruh daşıyan yeniyetmələrin müsbət keyfiyyətləri daha rahat mənimsəməsi, zərərli vərdişlərdən uzaq olmasıdır".

 


Aprel döyüşləri mübarizə ruhunun yaşadığına sübutdur

 

     Hər bir Azərbaycan vətəndaşı öz milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir. Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Torpaqlarımızın qorunmasında hünər göstərən şəhidlərimiz gənclərə gözəl örnəkdir. Mübariz İbrahimov, Fərid Əhmədov başda olmaqla vətənə arxa duran igid oğullarımızın düşməndə yaratdığı qorxu saatlı bomba kimi 2016-cı ilin 2-5 aprel tarixində baş tutan döyüşlərdə partlamış oldu. Bu döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qarşıya qoyulan tapşırıqları lazımınca yerinə yetirmək iqtidarında olduğunu göstərməklə yanaşı, xalqmızın mübarizə əzmini bədbin nöqteyi-nəzərdən qiymətləndirən kəslərə də yerində verilmiş cavab oldu. Səfərbərlik qərarı gözləyən, cəhbə xəttinə can atan gənc nəslin nümayəndələri isə milli şüurun, qan yaddaşının unudulmadığını sübut etdi. Hərbi ekspert, ehtiyatda olan polkovnik Xətai Baxışov bu döyüşlərin insanlarda yaratdığı ruh yüksəkliyini xüsusi vurğulayır:

     “Aprel döyüşləri zamanı hospitalda idim. Cəbhədən döyüşlərin canlanması xəbəri fonunda yaralılar gətirilirdi. İnsanlar dəstə-dəstə hospitala axşırı, qan verir, digər təxirəsalınmaz tədbirlər üçün köməyini təklif edirdi. Valideyn himayəsində olan uşaqların belə qan vermək üçün gəlməsi məni sevindirməyə bilməzdi. Xalqımız döyüş əhval-ruhiyyəsində idi. İnsanlar vətənə görə canından keçməyə hazır idi. Amma ordumuz işinin öhdəsindən layiqincə gəldiyindən Ali Baş Komandanın səfərbərlik əmrinə ehtiyac qalmadı".

Azərbaycan əsgərinin şücaəti sayəsində azad olunan "Lələ Təpə" yüksəkliyi Cəbrayıl rayonunun Cocuq-Mərcanlı kəndinə yenidən həyatın qayıtmasına imkan verdi. Gənclərin vətəpərvərlik ruhunda tərbiyəsində aprel döyüşləri və onun məntiqi nəticəsi - Cocuq Mərcanlı dəyərli nümunələrdir.

 

Vətənpərvərlik şüurunun inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməlidir

 

     Gənc nəsildə vətənpərvərlik hisslərinin yüksəldilməsi istiqamətində müvafiq orqanlar tərəfindən həyata keçirilən tədbirlərin ənənəvi, kütləvi hal alması vacibdir. Dövlət qurumları, qeyri-hökumət təşkilatları vətənə bağlı gənclərin yetişdirilməsinə təxirəsalınmaz iş, mənəvi borc kimi yanaşmalıdır. Gənclərin üzərinə də tarixini unutmamaq, keçmişin acı təcrübəsindən ibrət götürmək kimi məsuliyyətli vəzifə durur. Mətbuat, televiziya kanalları vətənpərvərlik mövzusuna maraq oyatmaq üçün əsas vasitələrdir. Televiziyanın böyük insan qrupları üzərindəki nüfuzunu nəzərə alaraq təkcə  tariximizə qara hərflərlə yazılan günlərdə deyil, hər zaman vətənpərvərlik ruhu və milli şüurun inkişaf etdirilməsini gündəmdə saxlamaq zəruridir. Hərbi ekspert Xətai Baxışov bu məsələdə boşluqların olduğu qənaətindədir.

     “Orduda xidmət etdiyim vaxtlar erməni kanallarını, verilişlərini izləyirdim. Azərbaycanın televiziya kanallarımıza baxanda məndə elə təsəvvür yaranırdı ki, sanki biz Ermənistanın 25 % torpağını zəbt etmişik. Düşmən vətənpərvərlik tərbiyəsinə geniş yer verirdi. Bizim kanallarda isə bu baxımdan vəziyyət acınacaqlıdır. Hərbi-vətənpərvəlik proqramları mütləq artırılmalıdır. Həftədə bir dəfə 1-2 saatlıq vətənpərvərlik mövzusuna həsr olunmuş verilişlərlə gənc nəslin milli mənlik şüurunu inkişaf etdirmək çox qəlizdir. Mübarizə əzmi, vətənə məhəbbət ideyalarının təbliğinə geniş diqqət ayrılmalıdır" - X. Baxışov qeyd edir.

     Milli şüurun ən əhəmiyyətli elementlərindən biri dilimizdir. Xoşagəlməz hallardan biri gənc nəslin bəzi nümayəndələrinin Azərbaycan dilinə etinasız yanaşmasıdır. Doğma torpağa bağlılıq etnogenezin yagidarı olan ana dilinə hörmətdən başlanır desək, yəqin ki, yanılmarıq. Bu səbəbdən Gənclər dilimizin saflığını qorumağa çalışmalı, ona qarşı məqsədyönlü hücumlara və yad təsirlərə qarşı mübarizə aparmalıdır. 

 

Salamov Səbuhi

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün