09/12/2017
18:00
4969
| A A A
Gimnastikanın inkişafına hərtərəfli dövlət qayğısı var

İlk Olimpiya Oyunlarında kişilər gimnastikanın bu növlərində çıxış edirdilər: turnik, dəstəli at, parallel qollar, dayaqla tullanma və kanata dırmanma. Sonradan alətlər dəyişməyə, texnika isə çətinləşməyə başladı. Müasir gimnastikadan fərqli olaraq, qədim dövrlərdə idmançılar indiki hərəkətlərdən başqa, üzməyi, qaçmağı, at çapmağı və güləşməyi də bacarmalı idilər. İdman gimnastikası üzrə ilk Olimpiya Çempionu adını 1900 ildə Güstav Sandra qazanmışdır. Gimnastikanın inkişafında ən yüksək təcrübi və nəzəri biliklərin əsasını alman pedaqoqu Fit (1763-1836) və Qutsmuts (1759-1839) qoymuşdular. Məhz onlar alətlərdə gimnastik hərəkətlərin metodikasının işlənib hazırlanmasına öz layiqli töhfələrini veriblər. 1881-ci ildə Beynəlxalq Gimnastika Federasiyası yaradıldı. 1896-cı ildə isə Afinada keçirilən ilk Olimpiya Oyunlarının proqramında gimnastika digər idman növləri arasında öz yerini tutdu. İdman gimnastikası üzrə ilk Dünya Çempionatı Beynəlxalq Gimnastika Federasiyasının əsasını qoyan belçikalı Nikola Kuperusun təşəbbüsü ilə 1903-cü ildə baş tutdu. 1903-1913-cü illər ərzində Dünya Çempionatı iki ildən bir, 1922-ci ildən isə Dünya Çempionatı dörd ildən bir keçirildi.1977-ci ildə Beynəlxalq Gimnastika Federasiyasının konqresində Dünya Çempionatının yenidən iki ildən bir keçirilməsi haqqında qərar qəbul edildi. Hazırda Dünya Çempionatı yarışları, Olimpiya Oyunlarının keçirildiyi il istisna olmaqla, hər il keçirilir.

 

Son illər ölkəmizdə bütün sahələrdə olduğu kimi, müasir idman infrastrukturunun yaradılması istiqamətində də genişmiqyaslı tədbirlər həyata keçirilir, yeni-yeni idman obyektləri tikilib istifadəyə verilir. Dünyanın qabaqcıl idman ölkələrindən biri olan Azərbaycan hazırda beynəlxalq Olimpiya hərəkatının fəal üzvlərindən biridir. İdmanın bütün sahələrinin inkişaf etdirilməsi Azərbaycan Prezidentinin daim diqqət mərkəzindədir. Paytaxt Bakıda və regionlarda inşa edilən, ən müasir avadanlıqla təchiz olunan Olimpiya İdman komplekslərinin sayı artıq 40-ı ötmüşdür. Mövcud idman komplekslərinin əsaslı şəkildə yenidən qurulması isə beynəlxalq yarışların keçirilməsi üçün ölkəmizin imkanlarını daha da artırır.

Azərbaycanda kişi idman gimnastikası ötən əsrin 30-cu illərindən etibarən inkişaf etməyə başladı. İlk respublika çempionatı 1939-cu ildə Bakıda keçirilmişdir. Azərbaycanın ən tanınmış gimnastı Valeriy Belenkiy 14 yaşınad SSSR yığmasına dəvət edilmişdir. Azərbacanın mütləq çempionu və ölkə kubokunun sahibi olan Belenki SSRİ yığmasının heyətində 1989-cu ildə Dünya Çempionu adını qazanıb. O, SSRİ yığmasının tərkibində 1990-cı ildə Sietldə keçirilən Xoşməramlı Oyunlarda parallel qollarda və halqalarla hərəkətlərdə çempion, sərbəst hərəkətlərdə gümüş, dayaqla tullanmada isə bürünc mükafatın sahibi olub. 1991-ci ildə Dünya Kubokunu qazanan V.Belenki 1992-ci ildə Barselonada keçirilən XXV Olimpiya Oyunlarında MDB yığmasının tərkibində Olimpiya çempionu adını qazanıb, şəxsi birincilikdə isə bürünc medala sahib olub. 1995-ci ildə keçirilən Avropa Çempionatında bürünc mükafata sahib çıxıb, dəstəkli at üzərində hərəkətlərdə isə çempion adını qazanıb. Məhz, Belenki 2012-ci ildə Azərbaycanı Londonda keçirilən Yay Olimpiya Oyunlarında təmsil edən Şakir Şıxəliyevin məşqçisi idi. Sonrakı il millimizə iki istedadlı gimnast – Oleq Stepko və Petro Paxnyuk qoşuldular. Stepko birinci qələbəsini 2014-cü ildə Xorvatiyada keçirilən Dünya Kubokunda, parallel qollarda bürünc medal qazanmaqla əldə etmişdi. 2015-ci ildə Stepko Qətərdə keçirilən Dünya Kubokunda həmin alətdə ən yaxşı nəticəni göstərmişdi. Hazırda, Azərbaycanda idman gimnastlarının yeni nəsli böyüyür, Bakı və regionlarda bu idman növü üzrə bölmələr açılıb.

İdmanın inkişafına göstərilən yüksək dövlət qayğısı nəticəsində Azərbaycan idmançıları dünyanın mötəbər yarışlarında və Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil edir, uğurlarını ildən-ilə daha da artırırlar2015-ci ildə Bakıda keçirilən birinci A. Azərbaycan dövlətinin qayğısı özünü bir də onda göstərir ki, bölgələrdə müasir idman kompleksləri tikilib. Sumqayıt, Şabran, Kürdəmir, Gəncə, İsmayıllı, Qusar və digər rayon və şəhərlərdə gimnastika dərnəkləri fəaliyyət göstərir. Hazırda idmanın bu sahəsinə böyük maraq və axın var. Respublikamızda gənc idmançılar üçün lazımi şərait, müvafiq infrastruktur yaradılıb. Prezident İlham Əliyev bölgələrdə idmanın, o cümlədən gimnastikanın inkişafı ilə bağlı lazımi şəraitin yaradılmasına xüsusi diqqət yetirir. Azərbaycan Gimnastika Federasiyası da bu işdə fəal iştirak edir. Federasiya bölgələrə həm məşqçilər göndərir, həm də regionda yetişən gənc idmançıların ölkə çempionatlarında iştirakına, beynəlxalq arenaya çıxmalarına şərait yaradır. Avropa Oyunlarının, 2017-ci ildə keçirilən İslam Həmrəylik Oyunlarının təşkilində yüksək peşəkarlıq göstərməklə yanaşı Azərbaycanın adı həm də gimnastlarımızın böyük ustalıqla yarışıb qazandıqları medallarla şöhrətləndi.  Ölkəmizin Birinci virse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Gimnastika Federasiyasının rəhbəri Mehriban Əliyevanın gördüyü işlər, yaratdığı şərait sayəsində gimnastlarımız respublika və beynəlxalq yarışlarda uğurlu nəticələr əldə edirlər. Hazırda tərkibində idmanın dörd növünü - bədii gimnastika, kişi idman gimnastikası, akrobatika gimnastikası və tamblinqi birləşdirən Azərbaycan Gimnastika Federasiyasının son illər əldə etdiyi böyük uğurlar dünyanın idman ictimaiyyəti tərəfindən maraqla izlənilir. 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasının prezidenti olan Mehriban Əliyevanın fəaliyyəti nəticəsində ölkədə idmanın bu növünün yeni inkişaf mərhələsi başlamışdır.

2003-cü ildə Bakıda bədii gimnastika üzrə ilk dünya kuboku keçirilmişdir. Bakı 2005-ci ildə gimnastika üzrə dünya çempionatına ev sahibliyi etmişdir. 2007-2009-cu illərdə isə ölkəmizdə iki dəfə Avropa çempionatı keçirilmişdir. Bu işlərin nəticəsi olaraq Azərbaycan gimnastları da son illərdə böyük irəliləyişlərə nail olmuşlar. Dinara Gimatova 2003-cü ildə Afina Olimpiya Oyunlarına ilk milli lisenziyanı qazanmışdır. Aliyə Qarayeva isə 2007-ci ildə bədii gimnastika üzrə Avropa çempionu tituluna sahib çıxmışdır. Dünya çempionatında isə qızlarımız komanda hesabında üçüncü olmuşlar. Azərbaycan gimnastları növbəti illərdə ölkəmizi Olimpiya Oyunlarında layiqincə təmsil etmişlər.

Azərbaycan Gimnastika Federasiyası əhalinin bədən tərbiyəsi və sağlamlıq fəaliyyətinə geniş cəlb olunması, milli idman kadrlarının hazırlanması, yığma komandaların formalaşdırılması və hazırlığı, onların beynəlxalq yarışlara, toplanışlara göndərilməsi ilə də fəal şəkildə məşğul olur. Federasiya xarici ölkələrin idman təşkilatları və beynəlxalq idman qurumları ilə əlaqələrini inkişaf etdirir.

Təsadüfi deyil ki, Azərbaycanda keçirilən gimnastika üzrə respublika çempionatında xarici dövlətlərin idmançıları da müsabiqədənkənar iştirak etməyə həvəs göstərirlər. Çünki, səmərəli məşq edib turnirlərdə qələbə qazanmaq üçün Azərbaycanın mükəmməl idman qurğuları və hərtərəfli şərait var. Tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarında gimnastlarımız yarışlarda 7 medal qazandılar. Amma Oyunlar elə də asan keçmədi. Birinci Avropa Oyunlarında qazanılmış təcrübə və nailiyyətlər imkan verdi ki, 2019-cu ildə bədii gimnastika üzrə 2020-ci il Olimpiadasına lisenziya xarakterli dünya çempionatı Bakıda keçirilsin.

Lap bu yaxınlarda, 2017-ci ilin noyabrında Bolqarıstanın paytaxtı Sofiya şəhərində batut gimnastikası və tamblinq (akrobatik cığırda tullanma) üzrə müxtəlif yaş kateqoriyaları arasında ümumdünya yarışları keçirilib. Azərbaycanı bu mötəbər turnirdə təmsil edən 21 yaşlı Mixail Malkin bütün rəqiblərini üstələyərək tamblinq üzrə yarışların qızıl medalına layiq görülüb.

İdmana göstərilən dövlət qayğısının bir istiqaməti də yüksək ixtisaslı idman mütəxəssislərinin hazırlanması və yetişdirilməsi ilə xaralterizə olunur. Gimnastika üzrə də indi Azərbaycanda dünyada kifayət qədər tanınan mütəxəssislər ordusu var. Bu yaxınlarda Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilib. Həmyerlimiz UEG-in Xorvatiyanın Split şəhərində keçirilən XXVII Konqresində bu hüquqa yiyələnib. Prezident seçkilərində Qayıbovun yeganə rəqibi Sloveniyanın Olimpiya Komitəsinin baş katibi Edvard Kolar olub. Konqres çərçivəsində təşkil edilən səsvermədə 28 nəfər həmyerlimizin lehinə səs verib. Kolar isə 20 nəfərin etimadını qazanıb. Beləliklə, son illərdə UEG-in vitse-prezidenti olan Qayıbov növbəti 4 ildə quruma rəhbərlik edəcək.

N.NOVRUZ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilir