12/12/2017
18:00
5112
| A A A
Ölkə ağır atletikasının gələcəyi parlaq olacaq

Azərbaycan Ağır Atletika Federasiyası dövlətimizin göstərdiyi gündəlik qayğı sayəsində ildən-ilə öz uğurlarını artırır. Ölkədə son zamanlar ağır atletika böyük populyarlıq qazanaraq, sevilən idman növlərindən birinə çevrilib.

Bu ilin ən böyük idman bayramı olan “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan ağırlıqqaldıranları 1 qızıl və 3 bürünc medal qazanıblar. Beş gün davam edən ağır atletika yarışlarında Azərbaycan 8 qadın və 8 kişi idmançı ilə təmsil olunub. İdmançılarımız yarışlarda 1 qızıl və 3 bürünc medal qazanıblar. Qızıl medalı millimizin aktivinə Anastasiya İbrahimli (69 kq), bürünc medalları isə Səbinə Əzimova (53 kq), Elnurə Abbasova (63 kq) və Rövşən Fətullayev (94 kq) yazdırıblar.

İslamiadadan sonra Rusiyanın Soçi şəhərində yeniyetmə, gənclər və kişilər arasında Ağırlıqqaldırma (Powerlifting), Bencpress (sinədən qaldırma) və Dedlift növləri üzrə Avropa çempionatı keçirilib. Yarışda Azərbaycanı 10 idmançı təmsil edib. Baş məşqçi Şəmsi Bayramovun rəhbərliyi ilə yarışa hazırlaşan atletlərimiz Powerlifting növündə 3, Dedliftdə 1, Bencpresdə isə 6 qızıl medala sahib çıxıblar.

Powerlifting-də xanım idmançımız 60 kq çeki dərəcəsində Zərifə Hüseynova Avropa çempionu olmaqla yanaşı yeni dünya rekordu müəyyənləşdirib. O, buna yerdən qaldırmada, 3 hərəkətin cəmində nail olub. 75 kqda Rövşən Xəlilov 622,5 kq nəticə ilə qitənin ən güclüsü olub, kubok və medalla təltif edilib. Qeyd edək ki, Xəlilov Xüsusi Riskli Xilasetmə xidmətinin əməkdaşıdır. Powerlifting növündə son qızıl medalı Vüsal Mərdanov boyunundan asıb. Dedlift idman növündə yerdən qaldırmada Namiq Mehdiyev 100 kq çəki dərəcəsində 270 kq nəticə ilə yarışın çempionu olub. Bencpresdə isə Namiq Cəfərov, Aqşin İsmayılov, Eldar Məmmədov, Vaqif Məmmədov, Nicat Huseynov qalib adını qazanıblar. Gənclər arasında isə 75 kq çəki dərəcəsində Aydın Hüseynov qızıl medala sahib çıxıb.

Daha sonra 22-30 sentyabr tarixlərində Kosovonun paytaxtı Priştina şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyi keçirilib. Yarışda 40-a yaxın ölkədən 264 atlet (117 oğlan və 147 qız) medallar uğrunda mübarizə aparıb. Onların arasında Azərbaycanın yığma komandası da olub. AAA yığmasının 7 üzvü yaşı 15-ə qədər olan atletlərin mübarizəsində gücünü sınayıb. Onların birdən və təkanla qaldırma hərəkətləri, həmçinin toplamda qazandıqları medal sayı 11-ə bərabər olub. Bunlardan 6-sı qızıl, 2-si gümüş və 3-ü bürünc medaldır. Burada Elşən Məmmədov 50 kq çəki dərəcəsində birdən qaldırma və toplamda bürünc, Rüstəm Qasımov 56 kq çəki dərəcəsində birdən, təkanla qaldırma və toplamda qızıl, Tarmenxan Babayev 85 kq çəki dərəcəsində birdən, təkanla qaldırma və toplamda qızıl, Rəhman Kazımov birdən qaldırma və toplamda gümüş, təkanla qaldırmada isə bürünc medal qazanıblar.

Bütövlükdə, Azərbaycanın yeniyetmə oğlan ağır atletlərdən ibarət yığma komandası medal sayında Avropa birinciliyinin ən yaxşı komandası seçilib. Bu sıralamada 2-ci pillədə Gürcüstan (5 qızıl, 1 gümüş), 3-cü yerdə isə İtaliya (4 qızıl, 2 gümüş, 3 bürünc) qərarlaşıb. Ermənistan (4 qızıl, 2 gümüş) isə 4-cü olub.

Çempionatda möhtəşəm nəticələr göstərən yığma komandamızın üzvləri 7 Avropa rekordunu yeniləməklə də yadda qalıblar. Rüstəm Qasımov birdən qaldırma hərəkətində, Tarmenxan Babayev isə 3 dəfə təkanla qaldırma, 3 dəfə də toplamda Avropa rekordlarını yeniləyib. Bu yaş qrupunda yığma komandamız xal hesabında yalnız Türkiyədən geri qalaraq 2-ci pilləni tutublar. 7 atletimiz toplam 453 xal əldə edib. Lider Türkiyə 516 xal qazanıb. 3-cü olan İtaliya yığmasının aktivində cəmi 357 xal olub.

Yaşı 17-yə qədər olan atletlərin mübarizəsində 1 oğlan və 1 qız atletimiz çıxış etsə də, nəticələr uğurlu alınıb. 53 kq çəki dərəcəsində çıxış edən Səbinə Əzimova qızıl medala sahib çıxaraq 3 qat Avropa çempionu tituluna yiyələnib. Bununla yanaşı, gözəl çıxışla yadda qalan Səbinə Əzimova Sinkleyr cədvəli üzrə hesablanan reytinqdə yeniyetmələr arasında Avropa birinciliyinin ən güclü qadın atletləri arasında 2-ci yeri tutub. 260.7 xal toplayan atletimiz türkiyəli lider Levent Nuraydan (262.4 xal) çox cüzi fərqlə geri qalıb.

Beləliklə, Azərbaycanın yeniyetmələrdən ibarət yığma komandası Kosovoda tarixi nailiyyətə imza atıb. İndiyə qədər heç bir yarışda milli komandamız Avropanın ən yaxşısı adını qazanmamışdı. Bu nailiyyət Azərbaycan Ağır Atletika Federasiyasının doğru və məqsədyönlü fəaliyyətinin, dövlətimizin idmana göstərdiyi qayğının nəticəsidir. Yeniyetmə atletlərimizin bu möhtəşəm nəticəsi bütün çətinlik və problemlərə rəğmən ölkə ağır atletikasının gələcəyinin parlaq olduğunu, vaxt ötdükcə böyüklərin yarışlarında da medallar qazanacağımıza ümid və inam bəsləməyimizə imkan verir.

Saydıqlarımız bu nailiyyətlər gənc ağırlıqqaldıranların hesabına yazılıb. Lakin Azərbaycan ağır atletikasının dünya idman tarixində xüsusi yeri olan görkəmli idmançıları da olub. Onlardan biri Nizami Paşayevdir. O, 4 qat dünya və 1 qat Avropa çempionudur. Azərbaycanı 2 dəfə (2004, 2008) Yay Olimpiya Oyunlarında təmsil edib.

Nizami Paşayev 2 fevral 1981-ci ildə Gədəbəydə anadan olub. Ağır atletika karyerasına 

Rusiyada başlayıb. N.Paşayev ilk uğurlarını 2001-ci ildə qazanıb. O, dünya çempionatında 3 gümüş və Avropa çempionatında 1 qızıl medal qazanıb. Amma Nizami Paşayev buna gədər Azərbaycanı 2000-ci il  Yay Olimpiya Oyunlarında təmsil edib. Onun əsas uğurları Olimpiya Oyunları ilə yox Dünya Çempionatı ilə bağlıdır. O, 2002-ci ildə Polşanın paytaxtı Varşavada Dünya Çempionu adını qazanıb. 3 ildən sonra isə bu uğuru Qətərin paytaxtı Doha şəhərində təkrarlayıb.

2001-ci ildə Avropa çempionatında qızıl medal qazanan Nizami Paşayev 2005-ci ildə İslam Həmrəyliyi Oyunlarının bürünc medalını da əldə edib.

2004 Yay Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycan komandasının bayraqdarı Nizami Paşayev olub.

2008-ci ilin ən mötəbər yarışı olan Pekin Olimpiadasına çox yaxşı hazırlaşan Nizami Paşayev yay olimpiya oyunlarında 5-ci yeri tutur. İdmançının özünün fikrincə, bu, pis nəticə deyil, amma bundan da yaxşı ola bilərdi. Çünki, Olimpiadadan əvvəl Bakıda keçirilən “Federasiya kuboku”nda çıxış edərək 94 kq çəkidə birdənqaldırmada 189 kq-lıq göstərici ilə yeni dünya rekordu müəyyənləşdirdi. Düzdür, bu beynəlxalq səviyyədə qeydə alınmadı. Təkanla qaldırmada isə 215 kq-ın öhdəsindən gəldi. Ümumi 404 kq-lıq göstərici ilə “Federasiya kuboku”nun qalibi oldu. Bu nəticə olimpiadada 2-ci yeri tutmağa imkan verirdi. Əslində o, Pekinə olimpiya çempionu titulunu qazanmaq üçün getmişdi. Çünki bütün medallardan varıydı. Yeniyetmələr arasında dünya və Avropa çempionu, gənclər arasında dünya çempionu, həmçinin böyüklər arasında dünya və Avropa çempionu olub. Təkcə olimpiadanın qızıl medalı çatışmırdı. Lakin bu mükafatı qismət olmadı. “Federasiya kuboku”ndan sonra dizlərində yaranmış ağrılar ona tam gücü ilə məşq etməyə imkan verməmişdi. Buna baxmayaraq hamı düşünürdü ki, o, qızıl medal qazanacaq.

Yarışdan sonra bir həftə heyrət içində yaşadı. Ona elə gəlirdi ki, hələ podiuma çıxmayıb. Ardıcıl 3-cü dəfə yay olimpiya oyunlarına qatılsa da, bəxti gətirmədi. Lakin buna baxmayaraq təcrübəli idmançımız ruhdan düşmədi. Onu dəstəkləyən bütün azarkeşlərinə, şəxsi məşqçisi İsmayıl İsmayılova, Milli Olimpiya Komitəsinin prezidentinə, gənclər və idman nazirinə, Ağır Atletika Federasiyasının prezidentinə öz minnətdarlığını bildirdi.

Uğursuzluq Nizami Paşayevə ciddi maniə yaratmır və o, məşqçi kimi fəaliyyətini davam etdirir.

Lap bu yaxınlarda Kosovoda keçirilən turnirdə  85 kiloqram çəki dərəcəsində mübarizə aparan atletimiz Tərmenxan Babayev birdənqaldırma hərəkətində hər üç yanaşmasını uğurla yerinə yetirərək sonda 130 kiloqramı ram edir. O, bu nəticə ilə ən yaxın izləyicisi olan bolqar Stefço Xristovu 15 kiloqram qabaqlayaraq birinci olur. Tərmenxan təkanla qaldırma hərəkətində daha uğurla çıxış edib. O, ilk yanaşmasında 150 kiloqram çəki dərəcəsinin öhdəsindən gəlir. Bununla da, macarıstanlı atlet Adrian Terebesinin bu ilin aprel ayında Banqkokda keçirilən yeniyetmələrin dünya birinciliyində müəyyən etdiyi Avropa rekordunu (146 kiloqram) düz 4 kiloqram yeniləyir. O, eyni zamanda yunanıstanlı atlet Evangelios Qaliatsatosun 2015-ci ildə İsveçin Landskrona şəhərində keçirilən yeniyetmələrin Avropa birinciliyində bu çəkidə toplamda müəyyən etdiyi Avropa rekordunu (276 kiloqram) da təzələyir. Atletimiz ikinci yanaşmasında 155 kiloqramı qaldıraraq həm bu hərəkətdə, həm də toplamda daha 2 rekord yeniləyir. Sonuncu yanaşmasında 161 kiloqramın da öhdəsindən gələn Tərmenxan, rekordlarının üzərinə ikisini də əlavə edir. Atletimiz toplam 291 kiloqram (130+161) nəticə ilə Avropa birinciliyini çempion kimi başa vurub. Həm də o, bu uğura 6 Avropa rekordunu yeniləyərək nail olur. Gənc atletimizin uğurunda Nizami Paşayevin də payı var. Belə ki, bir neçə il əvvəl Azərbaycanın yeniyetmələrdən ibarət ağır atletika yığması təlim-məşq toplanışı keçmək üçün Şərur Olimpiya-İdman Kompleksinə gəliblər. Azərbaycan millisinin məşqçiləri Nizami Paşayev və Asif Məmmədov naxçıvanlı gənclərə seleksiya xarakterli məşqlər keçiblər. Bir neçə yeniyetmə ilə yanaşı, Tərmenxan da bu məşq prosesində özünü göstərməyə çalışıb. Böyük potensiala malik olan idmançı bir neçə ay ərzində ciddi irəliləyişlər əldə edib. Şərur rayonuna yenidən qayıdan məşqçilər qarşılarında başqa Tərmenxan görüblər. Bundan sonra 11 yaşlı idmançımız ölkə birinciliyinə dəvət alıb və özündən 5 yaş böyüklərin mübarizəsini ilk 7 pillədə başa vurub. O gündən Tərmenxan Babayev Azərbaycan yığmasının heyətinə cəlb olunur. Fərqli fiziki göstəriciyə malik olan idmançımız 12 yaşından başlayaraq beynəlxalq turnirlərdə mübarizə aparmağa başlayır. Belə faktlar kifayət qədərdir və onu göstərir ki, yaxın gələcəkdə Azərbaycanın yığma komandası bizi yeni rekordlarla sevindirəcək.

N.NOVRUZ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilir