23/12/2017
18:00
5528
| A A A
Rəqiblərinə göz açmağa imkan verməyən azərbaycanlı dünya çempionu

Rövşən Cənnət oğlu Bayramov 1987-ci il mayın 7-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunudur. Yunan-Roma güləşi üzrə beynəlxalq dərəcəli və əməkdar idman usatsıdır (2009).Olimpiya Oyunlarının ikiqat gümüş mükafatçısı (Pekin-2008, London-2012), Dünya çempionu (2011), ikiqat gümüş (2006, 2015) və bürünc medalçısı (2009), ikiqat Avropa çempionu (2007, 2008) və bürünc medalçısı (2006), Hərbçilərin Dünya çempionatının qalibi (2006), Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qızıl Qran Pri” beynəlxalq turnirinin üçqat qalibi (2006, 2008, 2011), gənclər arasında Dünya çempionu (2003) və bürünc medalçısı (2005), yeniyetmələr arasında Avropa çempionatının ikiqat bürünc medalçısı (2002, 2003), 2011-ci ildə İstanbulda dünya çempionu adını qazanıb. Beynəlxalq Güləş Federasiyası (FİLA) yunan-Roma güləşi üzrə Azərbaycan pəhlavanı Rövşən Bayramovu 2008-ci ilin ən güclü idmançısı elan edib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə 2008-ci ildə “Tərəqqi” medalı, 2012-ci ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.

Rövşən Bayramov ilk uğurunu 2006-cı ildə Rusiya paytaxtında qazandı. O Avropa Çempionatında Moskvada bürünc medal qazandı. Elə həmin ildə Dünya Çempionatında Çin Xalq Respublikasının Quançjou şəhərində gümüş medala layiq görüldü. Bir ildən sonra isə Bolqarıstanın Sofiya şəhərində Avropa Çempionu oldu. O finalda Rusiyalı Zaur Kurməhəmmədova qalib gəldi.

Rövşən Bayramov 2007-ci ildə Bakıda Dünya Çempionatında iştirak etdi. 2006-cı ildə finalda məğlub olaraq gümüş medal qazanan Rövşən Bayramov bu Dünya Çempionatında qızıl medalı qazanmağı qarşısına məqsəd qoymuşdu. 1/16 finalda erməni Roman Amoyana qalib gələn Rövşən Bayramov növbəti mərhələdə Çin Xalq Respublikasının nümayəndəsinə qalib gələrək 1/4 finala adladı. Rövşən Bayramov bu mərhələdə Cənubi Koreyalı Park Eun Çolla qarşılaşdı və rəqibinə məğlub oldu. Bu məğlubiyyətə baxmayaraq Rövşən Bayramovun medal qazanmağ şansı var idi. O təsəlli verici oyunda Rusiyalı Nazir Mankiyevlə qarşılaşdı. Amma bu oyundada məğlub olan Rövşən Bayramov Çempionatı medalsız başa vurdu.

2008-ci ildə Rövşən Bayramov Finlandiyanın Tampere şəhərində keçirilən Avropa Çempionatında iştirak etdi. Finala qədər bütün rəqiblərini məğlub edən Rövşən Bayramovu finalda Ermənistanlı Roman Amoyan gözləyirdi. 2007-ci ilin Avropa Çempionu Rövşən Bayramov erməni rəqibini də məğlub etməyi bacardı və ikiqat Avropa Çempionu oldu.

2008-ci ildə Rövşən Bayramov ilk dəfə Olimpiya Oyunlarında iştirak etdi. Pekində Rövşən Bayramov ilk olaraq 1/8 finalda Misirli Mustafa Məhəmmədlə qarşılaşdı. Rövşən Bayramov rəqibinə 12-0 hesabı ilə qalib gəldi. 1/4 finalda Kubalı Yaqniyer Ernandeslə qarşılaşan Rövşən Bayramov bu qarşılaşmada da çətinlik çəkmədi: 10-2. Rövşən Bayramov yarımfinalda Ermənistanın “məşhur” güləşçisi Roman Amoyanla qarşılaşdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın stadiondan izlədiyi qarşılaşmada Rövşən Bayramov rəqibinə 11-3 hesabı ilə qalib gəldi. Finala qədər inamla addımlayan Rövşən Bayramov bu mərhələdə Rusiya Federasiyasının idmançısı Nazir Mankiyev gözləyirdi. Yalnız finalda rəqibinə 5-6 hesabı ilə uduzan Rövşən Bayramov  iştirak etdiyi ilk Olimpiya Oyunlarında gümüş medal qazandı.

Rövşən Bayramov 2009-cu ildə Dünya Çempionatı üçün Danimarkanın Herninq şəhərinə üz tutdu. O,  mübarizəyə 1/16 finaldan başladı. Bu mərhələdə İsveçli Emil Sundberqlə qarşılaşan Rövşən Bayramov rəqibini 2-0 hesabı ilə məğlub elədi və növbəti mərhələyə adladı. Bu mərhələdə o, rəqibinə məğlub olsa da Danimarkadan vətənə medalla dönə bildi. Növbəti qarşılaşmalarda misirli Mustafa Məhəmmədi və Cənubi koreyalı Ço Gyu-Jini məğlub eləyərək bürünc medal uğrunda oyuna vəsiqə qazandı. Bürünc medal üçün o Rumıniyalı Virgil Munteanu ilə qarşılaşdı və onu 2-0 məğlub eləyərk Dünya Çempionatında özünün ikinci mükafatını qazandı.

Rövşən Bayramov ilk dünya çempionluğunu 2011-ci ildə qazandı. O, qardaş ölkə Türkiyənin İstanbul şəhərində keçirilən yarışda Bolqarıstanlı Venelin Venkov, Yaponiyalı Kohe Haseqava və Macarıstanlı Petr Modosu məğlub edərək yarımfinala vəsiqə qazandı. O, finala çıxmaq üçün Çin Xalq Respublikasının idmançısı Li Sujinlə qarşılaşdı və ona 2-0 hesabı ilə qalib gəldi. 12 sentyabrda finalda Rövşən Bayramov Belaruslu Əlbəy Tojiyevi məğlub edərək gümüş və bürünc medallardan sonra dünya çempionatında ilk qızıl medalını qazandı.

Rövşən Bayramov özünün ikinci Olimpiya Oyunlarında 2012-ci ildə iştirak etdi. İlk görüşdə Rusiyalı Mingiyan Semenovla qarşılaşan Rövşən Bayramov rəqibini 2-0 hesabı ilə məğlub elədi və 1/8 finala vəsiqə qazandı. Bu mərhələdə Amerika Birləşmiş Ştatlarının idmançısı Spenser Manqo ilə qarşılaşan Rövşən Bayramov yenə də rəqibindən üstün oldu. İlk hissəsi 4-0 bitən görüşün ikinci hissəsində də 4-0 hesabı ilə qalib gələn Rövşən Bayramov 1/4 finala vəsiqə qazandı. Bu dəfə Çin Xalq Respublikasının nümayəndəsi Li Şujinə qalib gəlməklə Rövşən inamla yoluna davam etdi. Finala çıxmaq üçün isə Rövşən Bayramov Cənubi Koreyalı Ço Gyu-Jinlə qarşılaşdı. Çətin keçən oyundan Rövşən Bayramov qalib ayrıldı və ikinci dəfə ardıcıl finala vəsiqə qazandı. Finalda Rövşən Bayramov beşqat dünya çempionu İran nümayəndəsi Həmid Suriyanla üz-üzə gəldi və gümüş medal qazandı.

2012 Olimpiya Oyunlarından sonra Rövşən Bayramov zədələrlə üzləşir və bəzi yarışları o cümlədən 2015 Avropa Oyunlarını buraxmaq məcburiyyətində qalır. O, 2012-ci ildə qazandığı gümüş medaldan sonra növbəti medalını üç il gözləməli olur.

2015-ci ildə Las-Veqasda keçirilən dünya çempionatında  ilk olaraq hindistanlı Ravinder Singə daha sonra isə Koreya Xalq Demokratik Respublikasının nümayəndəsi Yun Von-Çola qalib gələrək 1/4 finala adlayan Rövşən bu mərhələdə 3 il əvvəl Olimpiya Oyunlarının finalında məğlub olduğu İranlı Həmid Suriyanla qarşılaşır. Həmid Suriyan qarşılaşma zamanı qaydaları pozaraq özündən  üstün olan Rövşən Bayramovu iki dəfə zədələdiyi üçün yarışdan uzaqlaşdırılır. Rövşən Bayramov isə yarımfinala çıxır. Yarımfinalda daha da zədələnən Rövşən Bayramov zədəyə baxmayaraq qırğız rəqibinə qalib gəlir və finala çıxır. Finalda isə Kubalı İsmayıl Borrero ilə qarşılaşan Rövşən Bayramov bir neçə saniyə ərzində rəqibinə 0-8 uduzur. Buna əsas səbəb isə onu zədəli olması idi. Güləşçimiz dünya çempionatında həm ikinci gümüş medalını qazanır.   

Uşaqlığını Bakının Binəqədi rayonunda keçirən Rövşən o dərəcədə nadinc olub ki, heç kim öhdəsindən gələ bilməyib. Nəhayət bibisi onu  güləşə yazdırıb ki, bəlkə idman ona enerjisinə səef etməyə kömək edər. Həmin vaxt 12 yaşım varmış. Bundan valideynlərinin də xəbəri olmayıb. Amma idmanla məşğul olduğunu biləndə getdiyimi bilib seviniblər ki, bəlkə sakitləşər. Dərs oxumaqla arası olmayıb, uşaqlıqdan şəkil çəkməyi xoşlayıb. Söz düşəndə deyir ki, bəlkə də idmanda olmasaydım güləşi yox, rəssamlığı seçərdim.

Rövşənin təbirincə, idman məsuliyyətsizliyi sevmir. Deyir, bir balaca məsuliyyətsizlik etsən, hər şey alt-üst olacaq. Amma məsuliyyətli olmaq da həe şeyi həll etmir. Çox əziyyət çəkmək gərəkdir. İnsan əziyyət çəkir, yorulur. Özü də fiziki yorğunluqdan çox psixoloji yorğunluq adamı üzür. Bu da idmançını təngə gətirir, idmanıdan uzaqlaşmaq istəyirsən, lakin nə sirdirsə, hər şeyi birdən atıb getmək də olmur. Çəkdiyin əziyyətin bəhrəsini dadmamış getmək olmur. Ümumiyyətlə, idman çətin, maraqlı və güc tələb edən sahədir. İş belə gətirib ki, Rövşən yarışlarda tez-tez zədələnib. Çəkisini dəyişəndə  uyğunlaşma prosesində problemi yaranıb. Əvvəllər 60 kq-da güləşib. Zədələrsə.., ona özünü yenidən göstərməyə imkan verməyib.  Daşkənddə keçirilən dünya çempionatından öncə Türkiyədə əzələsi dartıldığından məşqdən bir aya yaxın qalıb. Bakıda bərpa olduqdan sonra qasıq nahiyyəsində dartılma baş verib. Daha 20 gün intensiv məşqlərdən əl çəkib. Fransada keçirilən yoldaşlıq görüşündə rəqibinə 4 xal üstünlüklə qalib gəlsə də, qabırğasından zədə alıb və qarşılaşmanı davam etdirə bilməyib. Güləşdə zədələr qaçılmazdır. Beləcə, idmançı bütün gücü ilə hazırlıq keçə bilmir. Çalışır özünü qorusun. Bu üzdən bəzən yarışda uğurlu çıxış etmək alınmır. Rövşən yarışa hazırlaşanda istirahətin nə olduğunu yaddan çıxarır, çünki hər gün məşq olur. Amcaq istirahətini bağda ailəsi ilə keçirməyə daha çox  üstünlük verir. İndi idmançımız olunun tərbiyəsilə də məşğul olur. Oğlunun güləşçi olub-olmayacağını bilmir. İstəyir ki, hər şeyi onun öz öhdəsinə buraxsın. Özü idmana məcburən gətirilsə də, oğlunun seçimini onun öhdəsinə buraxıb. Nə bilmək olar, bəlkə bir neçəildən sonra Azərbaycan güləş məktəbinə Bayramov soyadlı daha bir idmançı da qoşulacaq.

N.NOVRUZ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilir