22/12/2017
16:08
2919
| A A A
İdmana dövlət qayğısı çərçivəsində tikilən müasir qurğular

Son 14 ildə ölkəmizdə bütün sahələrdə olduğu kimi, müasir idman infrastrukturunun yaradılması istiqamətində də genişmiqyaslı tədbirlər həyata keçirilir, yeni-yeni idman obyektləri tikilib istifadəyə verilir. Dünyanın qabaqcıl idman ölkələrindən biri olan Azərbaycan hazırda beynəlxalq Olimpiya hərəkatının fəal üzvlərindən biridir. İdmanın bütün sahələrinin inkişaf etdirilməsi Azərbaycan Prezidentinin daim diqqət mərkəzindədir. Paytaxt Bakıda və regionlarda inşa edilən, ən müasir avadanlıqla təchiz olunan Olimpiya İdman komplekslərinin sayı artıq 40-ı ötmüşdür. Mövcud idman komplekslərinin əsaslı şəkildə yenidən qurulması isə beynəlxalq yarışların keçirilməsi üçün ölkəmizin imkanlarını daha da artırır.

Müasir gimnastikadan fərqli olaraq, qədim dövrlərdə idmançılar indiki hərəkətlərdən başqa, üzməyi, qaçmağı, at çapmağı və güləşməyi də bacarmalı idilər.

İdman gimnastikası üzrə ilk Olimpiya Çempionu adını 1900 ildə Güstav Sandra qazanmışdır.

İdmanın inkişafına göstərilən yüksək dövlət qayğısı nəticəsində Azərbaycan idmançıları dünyanın mötəbər yarışlarında və Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil edir, uğurlarını ildən-ilə daha da artırırlar. 2015-ci ildə Bakıda keçirilən birinci Avropa Oyunlarına hazırlıq çərşivəsində beynəlxalq standartlara uyğun mühüm layihələr icra olundu, ölkəmizdə müasir idman infrastrukturunun yaradılması işində böyük irəliləyişlər baş verdi. Prezident İlham Əliyev və Birinci virse-prezident Mehriban Əliyevanın iştirakı ilə 2012-ci ildə Bakıda açılışı olan Milli Gimnastika Arenası idmanın bu növünün daha da inkişaf etdirilməsi işində mühüm rol oynayadı.

Hazırda tərkibində idmanın dörd növünü - bədii gimnastika, kişi idman gimnastikası, akrobatika gimnastikası və tamblinqi birləşdirən Azərbaycan Gimnastika Federasiyasının son illər əldə etdiyi böyük uğurlar dünyanın idman ictimaiyyəti tərəfindən maraqla izlənilir. Bütün bu nailiyyətlər Birinci virse-prezident Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasına rəhbərliyi sayəsində mümkün olmuşdur. Belə ki, 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasının prezidenti olan Mehriban Əliyevanın fəaliyyəti nəticəsində ölkədə idmanın bu növünün yeni inkişaf mərhələsi başlamışdır.

2003-cü ildə Bakıda bədii gimnastika üzrə ilk dünya kuboku keçirilmişdir. Bakı 2005-ci ildə gimnastika üzrə dünya çempionatına ev sahibliyi etmişdir. 2007-2009-cu illərdə isə ölkəmizdə iki dəfə Avropa çempionatı keçirilmişdir. Bu işlərin nəticəsi olaraq Azərbaycan gimnastları da son illərdə böyük irəliləyişlərə nail olmuşlar. Dinara Gimatova 2003-cü ildə Afina Olimpiya Oyunlarına ilk milli lisenziyanı qazanmışdır. Aliyə Qarayeva isə 2007-ci ildə bədii gimnastika üzrə Avropa çempionu tituluna sahib çıxmışdır. Dünya çempionatında isə qızlarımız komanda hesabında üçüncü olmuşlar. Azərbaycan gimnastları növbəti illərdə ölkəmizi Olimpiya Oyunlarında layiqincə təmsil etmişlər.

Azərbaycan 2015-ci ildə keçirilən ilk Avropa Oyunlarında gimnastlarımız 1 qızıl, 3 gümüş və 2 bürünc medal qazanmaqla böyük uğura imza atdılar.  İdman infrastrukturunun daha da gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin mühüm tərkib hissəsi olan Milli Gimnastika Arenası nəinki beynəlxalq əhəmiyyətli idman yarışlarının yüksək səviyyədə təşkili üçün geniş imkanlar açır, həm də yerli idmançıların yüksək mükafatlar uğrunda yarışlara mükəmməl hazırlaşmalarına imkan verir.

Fasadı xüsusi formada işlənmiş Milli Gimnastika arenasında maraqlı illüminasiya elementləri təqdim edən ekranlar quraşdırılmışdır. Əsasən gimnastika yarışları üçün nəzərdə tutulan arenanın əhəmiyyətini artıran mühüm amillərdən biri də buranın digər idman tədbirlərinin və yarışlarının  keçirilməsi üçün uyğunlaşdırılmasıdır.

Arenanın gimnastika zalı əsas yarış və köməkçi məşq hissələrindən ibarətdir. Yarışların miqyasından asılı olaraq, arenanın əsas hissəsində oturacaq yerlərinin sayını 5 mindən 10 minə qədər artırmaq mümkündür. Dünya standartlarına uyğun inşa olunan kompleksdə mətbuat mərkəzi, ilk tibbi yardım məntəqəsi, xoreoqrafiya, trenajor zalları, dopinq nəzarəti, inzibati otaqlar, mağazalar, kafelər və digər yardımçı sahələr yerləşir. Dünyanın ən yaxşı gimnastika komplekslərindən biri olacaq bu idman qurğusunda otel də yaradılmışdır.

Burada da idmançılar üçün hər cür şərait yaradılmışdır. Avropa Gimnastika İttifaqının prezidenti də burada yaradılan şəraiti yüksək qiymətləndirmişdir. Zalda ən son gimnastika avadanlığı quraşdırılmışdır. Həmin avadanlıq Avropa Gimnastika İttifaqı, Azərbaycan Gimnastika Federasiyasının tövsiyələrinə əsasən yerləşdirilmişdir.

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Avropa çempionatı, bədii gimnastika üzrə Azərbaycan çempionatları, beynəlxalq turnirlər, I Avropa Oyunları, İslam Həmrəylik Oyunları və sairə yarışlar keçirilib. Həmin yarışlarda gimnastlar mütləq çoxnövçülükdə, o cümlədən ayrı-ayrı növlər üzrə medallar uğrunda mübarizə aparıblar. İndi Azərbaycanda keçirilən yerli turnirlərdə və çempionatlarda Bakıda təlim-məşq toplanışlarına gələn Macarıstan, Qazaxıstan və digər ölkələrin gimnastlarının müsabiqədənkənar çıxışlar edirlər. Bundan əlavə, 2019-cu ildə bədii gimnastika üzrə 2020-ci il Olimpiadasına lisenziya xarakterli dünya çempionatının burada keçirilməsi planlaşdırılıb.

Gimnastika Arenasının direktor müavini Nərminə Quliyeva idman müəssisə barədə danışanda deyir ki, “Hətta şəraitimiz yaxşı olduğu üçün buraya dünyanın bir çox ölkələrindən milli komandalar təlim məşq toplanışları üçün tez-tez gəlirlər”. 5 mərtəbədən ibarən Gimnastika Arenasında gimnastlar üçün hər bir şərait yaradılıb. İdmançılar gün ərzində çox vaxtlarını məşqə sərf etdikləri üçün Gimnastika Arenasında onlar üçün ayrılmış otaqlarda qalırlar. 23 otaqda idmançılar 2-3-4 nəfər rahat yaçaması üçün hər cür şərait var.  Burada eyni zamanda idmançıların paltarlarını yumaq üçün camaşırxana, uşaqların düzgün qidalanması üçün yeməkxana, dərs otaqları mövcuddur.

Azərbaycanlı uşaqlar məşqlərin çoxluğundan məşq bazasını tərk edə bilmirlər. Ona görə Gimnastika Federasiyası rəhbərliyinin Təhsil Nazirliyi ilə danışıqları nəticəsində həftə içi saat 13:00-16:00 arası idmançılar üçün dərslər keçirilir. 200 idmançı burada qalaraq məşq edir və təhsil alırlar”.

Digər ölkələrdən Azərbaycana gəlib yarışlara hazırlaşan idmançılar və onların məşqçiləri bizim idman qurğularından, ən başlıcası da Gimnastika federasiyasının baş arenasından razılıq edirlər. “Milli Gimnastika Arenasında fasiləsiz məşq prosesi üçün bütün şərait yaradılıb”- bu sözləri, bədii gimnastika üzrə Şərqi Qazaxıstan komandasının məşqçisi Anara Jantasova deyib.

Onun sözlərinə görə, komanda Bakıya Qazaxıstandakı yarışlara hazırlaşmaq məqsədilə tez-tez gəlir: “Bizim gəlişimizin əsas məqsədi qatılacağımız yarışlara hazırlaşmaqdır. Biz həmçinin, Asiya Çempionatı səviyyəsində yarışlara çıxmaq istəyirik və qeyd etmək istəyirəm ki, Bakı bizə bu işdə çox kömək olur”. Təlim-məşq toplanışları üçün Bakının seçilməsindən danışan A. Jantasova qeyd edir ki, Bakıda gimnastikanın bütün növləri üzrə məşqlər üçün böyük, bəlkə də regionda ən yaxşı baza mövcuddur: “Burada bizə kömək edən çox gülərüz kollektiv çalışır. Bundan başqa, sizdə mükəmməl mütəxəssislər işləyir, fikrimcə, Bakı məşqlər üçün ən yaxşı yerdir. Arenaya gəldikdə isə onu da qeyd edim ki, burada şərtlər çox yaxşıdır. Həmçinin, arenanın özündə qalmağa otaqlar da mövcuddur. Ümumilikdə hesab edirəm ki, burada fasiləsiz məşq prosesi üçün hər bir şərait yaradılıb”.

Finlandiyanı Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku yarışlarında təmsil edən Oskar Kirmes jurnalistlərə deyib: “Bakıdakı Milli Gimnastika Arenası dünyanın ən müasir arenalarından biridir və bura yenidən qayıtmaq insana sevinc bəxş edir”. O.Kirmes bildirib: “Birinci Avropa Oyunlarında iştirak edərkən artıq Bakıda olmuşam. Bakıdakı arena mənim çox xoşuma gəlir, bu arena dünyanın ən müasir arenalarından biridir və yenidən Bakıya qayıtdığıma çox şadam”.

Hər il olduğu kimi, bu yeni il ərəfəsində də Azərbaycan Gimnastika Federasiyası öz azyaşlı tamaşaçılarını düşünərək, onlara maraqlı anlar bəxş etmək üçün artıq hazırlıqlara başlayıb. Yeni il nağıllar və möcüzələr bayramıdır. Dünyanın hər yerində bu günü insanlar yeni arzular, yeni ümidlərlə qarşılayır. Sirr deyil ki, bu bayramı daha çox həyəcanla gözləyən uşaqlardır.

24 dekabr 2017-ci il - məhz bu tarixdə Milli Gimnastika Arenası əsl möcüzəvi bayram abu-havasına bürünəcək. Belə ki, gimnastika növləri üzrə yığma komandaların məşqçi və gimnast heyəti bir araya gələrək, bu dəfə hər kəsin illərdir sevə-sevə izlədiyi “Evdə tək” filmini arenada canlandıracaqlar. Xüsusi seçilmiş dekorasiyalar, rəngarəng geyimlər və sehrli qrimlərlə bəzədiləcək bu şounun iştirakçıları öz izləyicilərinə ən unudulmaz anlar yaşatmaq üçün böyük həvəslə hazırlaşırlar. Sujet xətti bədii gimnastika üzrə milli komandamızın baş məşqçisi Mariana Vasilevanın rəhbərliyi ilə qurulmuş bu şouda yarış meydançasında görməyə öyrəşdiyimiz gimnastika ailəsi öz aktyorluq bacarıqlarını məhz sizlər üçün nümayiş etdirəcəklər.

N.NOVRUZ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilir