31/01/2018
18:05
3633
| A A A
Olimpiya çempionluğuna doğru

Teymur Məmmədov 11 yanvar 1993-cü ildə Rusiyanın Tomsk şəhərində anadan olub. Teymurun anası milliyətcə qazax, atası ilə Azərbaycan   türküdür. Yəni, kökü etibarı ilə Teymur təmiz azərbaycanlıdır. Onun ailəsi Sovet İttifaqı dağıldığdan sonra Bakıya köçüb. Söz düşəndə Teymur  onun haqqında danışılan söz-söhbətə görə deyir  ki, bəzilərinin fikrincə, guya rusam, ləzgiyəm, dağlıyam. Bunu ona görə deyirlər ki, sarışınam və Azərbaycan dilində yaxşı xüsusi vurğu ilə danışıramm. Əslində isə mən azərbaycanlıyam və buna görə də fəxr edirəm. İstərdim ki, hamı bilsin ki, MƏN AZƏRBAYCANLIYAM. O, həmişə xahiş edir ki, azərbaycanlı  olması böyük hərflə yazılsın. İştirak etdiyi yarışlarda Azərbaycanın bayrağını qaldırmaq Teymur üçün həyatda ən böyük şərəfdir.

Azərbaycana köçəndən sonra Teymur idmana meyil edir 13 yaşından boksla məşğul olmağa başlayır. İdmanın bu növünə maraq göstərməsi onda təsadüfdən yox, zərurətdən doğur. Çünki, o, ölçüb-biçməklə yox, qəlbinin hökmü ilə boksu seçir. Amma heç demə bu həvəs onda olan istedaddan irəli gəlirmiş. Qəribədir ki, Teymurun rinqdə döyüş üslubu nədənsə həmişə mənə vaxtilə olimpiya çempionu olmuş rus boksçu Vyaçeslav Lemeşevin üslubunu xatırladır. Lemeşev əksər döyüşlərini nokautla udurdu, uzun qolları ilə rəqibini yaxına buraxmır, elə məqanlarda həlledici zərbə endirirdi ki, rəqib bundan yaxa qurtara bilmir, səntirləyib yıxılırdı. Teymurda da belə bir üslub müşahidə olunur. Onun rinqdəki rəqsi ilə zərbələrinin həmahəngliyi ritmik ardıcıllıq yaradır və döyüşü canlandırır. Mənim Teymurun üslubunun ən maraqlı cəhətlərindən biri odur ki, onun döyüşünə baxan azarkeşlər darıxmır.  Məmmədov rinqə yalnız döyüşüb qalib gəlmək üçün yox, gözəl döyüşüb qalib olmaq üçün çıxır.

O ilk qələbəsini, boksla məşğul olmağa başlayandan cəmi iki il sonra - 2008-ci ildə gənclər arasında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan “VI-cı Heydər Əliyev Kuboku” beynəlxalq turnirində qazanıb. Bakı İdman Sarayında baş tutan yarışda, 75 kiloqram çəki dərəcəsində çıxış edən 15 yaşlı Teymur Məmmədov bütün rəqiblərinə qalib gəlib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Teymur Məmmədov növbəti uğurunu elə analoji yarışda qazanıb. O, 2009-cu ildə “VII-ci Heydər Əliyev Kuboku” beynəlxalq turnirində yenə bütün rəqiblərinə qalib gəlib və qızıl medalla təltif olunub. Finalda o, Özbəkistan boksçusu Mirzəbəy Həsənova 15:3 hesabı ilə qalib gəlib və ardıcıl olaraq ikinci dəfə eyni yarışda birinci olub.

Elə həmin ildə Teymur Məmmədov növbəti zəfərini qazandı. O, Azərbaycan boksunun banilərindən hesab olunan Abbas Ağalarov xatirəsinə həsr edilən yeniyetmələrin turnirində qızıl medal qazandı. Teymur Məmmədov finalda həmin il, “VII-ci Heydər Əliyev Kuboku” beynəlxalq turnirinin finalında üz-üzə gəldiyi Mirzəbəy Həsənovu 9:0 hesabı ilə məğlub etdi və yarışın qalibi oldu.

Uğurlarını sıralayan gənc boksçu, Teymur Məmmədov həmin il dünyanın bir çox ölkəsinin qatıldığı beynəlxalq “Böyük İpək Yolu” turnirində gümüş medal qazandı. O, yalnızca finalda, gərgin idman mübarizəsi şəraətində keçən görüşdə Türkiyə boksçusu Burak Akşına məğlub oldu. Həmin görüş 4:4 hesabı ilə başa çatsada əlavə göstəricilərə görə hakimlər Burak Akşını qalib elan etdi.

Teymur Məmmədov 2010-cu ildə o dövr üçün özünün ən böyük uğurunu qazandı. O, Bakı İdman Sarayında, dekabr ayında baş tutan Azərbaycan Çempionatında qızıl medal qazandı. 17 yaşlı Teymur Məmmədov finalda Dimitri Əbülfətova 10:2 hesabı ilə qalib gəldi və ölkənin ən güclü boksçusu oldu.

Həmin il Teymur Məmmədov önəmli bir yarışa daha qatıldı. O, 2010-cu ildə Sinqapurda baş tutacaq Yeniyetmələrin I Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yeniyetmələr arasında Dünya Çempionatında iştirak etdi. Doğma rinqdə Teymur Məmmədov ilk olaraq Braziliya boksçusu Tiaqo Lima ilə rinqə çıxdı. Həmin görüşdə Teymur Məmmədov asan qələbə qazandı. Belə ki, görüşün gedişində Tiaqo Lima zədənləndi və hakimlər görüşü dayandırdı. Növbəti, 1/8 final mərhələsində o, Çin Xalq Respublikasının nümayəndəsi Janq Aolin ilə üz-üzə gəldi. Həmin görüşdə Teymur Məmmədov rinqi 9:2 hesablı qələbə ilə tərk etdi. 1/4 final mərhələsində onun rəqibi, həmin il “Böyük İpək Yolu” turnirinin finalında məğlub olduğu Türkiyə boksçusu Burak Aкşın oldu. Teymur Məmmədov həmin məğlubiyyətin əvəzini ondan çıxmağ istəsədə bu baş tutmadı. Yenə Türkiyə boksçusu Burak Akşın üstün tərəf oldu, 1:5.

2011-ci ildə kişilər arasında keçirilən Avropa çempionatında Teymur yenidın qızıl medal qazanır. O vaxta qədər 18 il idi ki, Azərbaycan boks üzrə Avropa çempionatında birinci mükafatı qazanmırdı. İlk Avropa çempionumuz 1993-cü ildə Rövşən Hüseynov olub.

Teymur Məmmədov Dünya Çempionatlarında 2011-ci ildə Bakıda gümüş, 2013-cü ildə Almatıda isə bürünc medal qazanıb. Teymur Məmmədov həmçinin Avropa Çempionatlarında 2011-ci ildə Ankarada qızıl, 2013-cü ildə Minskdə isə gümüş medal qazanıb. O, 4 dəfə (2010, 2011, 2013, 2015) Azərbaycan çempionu, 1 dəfə isə (2015) Böyük İpək Yolu beynəlxalq turnirinin qalibi  olub.

Eyni ildə, 2011-ci ildə London Olimpiadasına lisenziya verilməsiylə bağlı Bakıda boks üzrə dünya çempionatı keçirildi. Həmin dünya çempionatda gümüş medala layiq görülən istedadlı boksçu 2012-ci ildə keçiriləcək London olimpiadasına lisenziya qazanır.

2012-ci ildə Londonda keçirilmiş XXX Yay Olimpiya Oyunlarında böyük uğur qazanaraq ilk Olimpiya medalına layiq görülür. Bu möhtəşəm qələbəyə görə Teymur Məmmədov “Tərəqqi” medalına, I Avropa Oyunlarında qazanılmış yüksək nailiyyətə görə isə “Şöhrət” ordeninə layiq görülüb.

Bəzən idman həvəskarları rinqdə tez-tez hakim haqsızlığı ilə üzləşən Teymurun taleyi ilə mərhum azərbaycanlı boksçu Ədalət Məmmədovun taleyi arasında paralellər aparırlar. Bu haqda Teymur deyir: “Mən Ədalət Məmmədovu görməmişəm, amma onun haqqında çox eşitmişəm. Onun döyüşlərinə baxmışam. Bircə onu deyə bilərəm ki, Azərbaycan idman tarixində belə insan olmayıb və məncə olmayacaq da. Hazırda 91 kiloqram çəkidə olimpiya mükafatçısı və dünya çempionumuz Maqamed Rəsul Məcidov çox güclü boksçudur. Amma heç kim Ədalət Məmmədov kimi döyüşçü ola bilməz. Ədalət başqa cür döyüşürdü, mən isə başqa cür... o, 140 kiloqram çəkidə peşəkarlar arasında döyüşürdü və nəhəng idi. Fiziki baxımdan dözümlü, zərbəsi çox güclü idi. Onunla aramızdakı fərq, mənim texnikalı boksa üstünlük verməyimdir. Düzdür, müəyyən yaşa çatandan sonra peşəkarlar arasında mənim də döyüşlərim olacaq. Olimpiyada da hər şey əvvəlcədən planlaşdırılır. Əgər təsadüfü heç nə olmasa, qalib əvvəlcədən məlumdur. Nokaut etsəydim, hər şey xeyrimə dəyişilə bilərdi, amma olmadı. Ədalətlə məni yeganə bağlayan amil, olimpiadada hakimlərin bizi sıxışdırması olub. O, qalib olsaydı medal qazanacaqdı. Təəssüf ki, 5-ci yerə çıxdı. Mən isə medal qazanmışam. Amma gümüş medal uğrundakı mübarizədə məni məğlub etdilər”.

Bəzi idmançılardan fərqli olaraq, Teymur uduzmağı qəbul etməyi bacarır. Elə idmançılar var ki, ağlayar, hakimlə mübahisə edər, səs-küy salarlar. O isə oyunu təmkinlə bitirir, hakimin qərarına hörmətlə yanaşır. Teymur həmişə rinqdəki davranışı ilə seçilir. Rəqibinə hörmətlə yanaşmağı idmançı üçün şərəf sayır. Təbii ki, idmançılar arasında həmişə qarşılıqlı hörmət var. Amma rinqdə hər bir boksçu bir-birinə qarşı rəqibdir. Hətta iki qardaş rinqdə elə vuruşurlar ki, elə bil bir-birilərinə düşmən kəsiliblər. Lakin rinqdən kənarda hər şey əvvəlki kimi olur.

Bakıda keçirilmiş I Avropa Oyunlarının final yarışı Teymur Məmmədovun qəlbinə əbədi həkk olunub. Ona görə ki, qazandığı qızıl medalla o, Azərbaycanın dövlət himninin çalınmasına və  bayrağımızın dalğalanmasının səbəbkarı olub. Kişilər arasında 81 kq çəki dərəcəsində boks yarışlarında qalib gələn idmançıların mükafatlandırma mərasimində Fəxri kürsüyə qalxan Teymur Məmmədova qızıl medalı isə idmanımızın böyük dostu, ölkə başçısı İlham Əliyev təqdim edib.

İslamiadanın qalibi olmaq üçün çox əziyyət çəkdiyini deyən Teymur Məmmədov çempion olduğunu qürurla xatırlayır. “Bu qədər əziyyətin qarşılığını mütləq çempionluqla aradan qaldırmaq olardı ki, o, bunun öhdəsindən uğurla gəlib. Avropa çempionu, dünya çempionatının gümüş, London Olimpiadasının bürünc medalsçısı hazırda səylə məşq edir və qarşısında duran əsas məqsəd haqda inamla danışır: “Bütün yarışlara ciddi hazırlaşıram. Tokio Olimpiadasında Azərbaycan bayrağını ən yüksək zirvəyə qaldırmağa çalışacağam. İnşallah, qızıl medal qazanaram”.

 

N.NOVRUZ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilir