Təbiətdən qopan insan ona necə düşmən kəsildi....
İnsan da digər canlı varlıqlar kimi təbiətin bir parçasıdır. Mağaraların evimiz, göy qübbəsinin televizorumuz olduğu zamandan səxavətli təbiətin nemətlərindən istifadə edirik. Ulu əcdadlarımızın primitiv əmək alətlərini həyati əhəmiyyətə malik əşyalar kimi saxladığı dövrlərdə ətraf mühit sadiq dost kimi onları ehtiyac duyduqları hər şeylə təmin edirdi. Tədricən ən ali varlıq, şüuru sayəsində maddi məhsullları sərbəst şəklildə əldə etməyi öyrəndi. Minilliklər ötdü və insanların sayının artması böyük yaşayış məntəqələrinin və şəhərlərin meydana gəlməsinə səbəb oldu. Əmək alətləri tarixi inkişaf mərhələlərində müxtəlif cihaz və qurğulara modifikasiya olundu. Artıq bəzi insanlar özünü təbiətdən asılı görmək istəmirdi. Ətraf mühitə düşmən münasibətisə bəşəriyyətin özünə xeyir gətirmədi. Hələ XX əsrin başlanğıcında Yer kürəsinin əhalisi təmiz hava alır, saf su içirdilər. Dünya sonsuz, təbii sərvətlər isə tükənməz hesab edilirdi. Lakin bir neçə onilliklərdən sonra dünya olduqca təhlükəli ekoloji fəlakət astanasında qaldı. Ekoloji tarazlıq bu tempdə pozulmağa davam etsə, yaxın bir neçə nəsildən sonra bütün canlı aləm ciddi təhlükə qarşısında qalacaq. Elmi texniki inqilab Yer kürəsində insanın hakimlik statusunu möhkəmləndirsə də, inanılmaz gərginliklər yaratdı. Ətraf mühitə sağalmaz yaralar vuran avtomobil nəqliyyatı, nüvə energetikası, kimya sənayesi və s. sahələr bir sıra təbii ehtiyatların tükənməsi ilə nəticələndi. Planetimizin ağciyərləri hesab olunan meşə resurslarının məhv edilməsi, torpaqların neft və digər tullantılarla çirklənməsi, içməli su mənbələrinin zərərli maddələrlə yararsız vəziyyətə gətirilməsi ekologiyaya dəyən ziyanın az bir hissəsidir. Son illər respublikamızda da ekoloji mühitin pozulması, meşələrin, otlaqların, kənd təsərrüfatına yararlı torpaqların azalması, bəzi yerlərdə tamamilə sıradan çıxarılması, şəhərlərdə atmosfer havasının sıradan çıxması müşahidə olunmaqdadır.
Təbii ki, Azərbaycanın ekoloji mühitinə insan fəaliyyətinin vurduğu fəsadlar ulu öndər Heydər Əliyevin diqqətindən kənarda qalmamışdı.
“Mən 1993-cü ildə Bakıya gələrkən, bizim əkdiyimiz, becərdiyimiz bəzi ağacların kəsilməsin igörərkən, elə bildim ki, məni yaralayıblar. Mən dəfələrlə demişəm, bir də deyirəm, kim hansı bir sağlam ağacı kəsirsə, hesab edin ki, o, mənim qolumu, barmaqlarımı kəsir.... İnsan qurmalıdır, yaratmalıdır... hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü-özünə xəyanət edir. Ona görə də siz hər bir ağacı qorumalısınız, hər bir ağacın qorunması uğrunda mübarizə aparmalısınız...” – müasir Azərbaycanın qurucusu çıxışlarının birində qeyd etmişdi. "Ekoloji təhlükəsizlik haqqında" Azərbaycan Respublikası Qanununun Ümummilli liderin dövründə, 1999-cu il 8 iyunda qəbul edilməsi təsadüfi deyil. Bu hüquqi sənəddə ekoloji təhlükəsizlik sahəsində dövlət siyasətinin istiqamətləri, yerli özünüidarəetmə orqanları, vətəndaş və ictimai birliklərin bu baxımdan hüquqları, informasiya təminatı, təsərrüfat və digər fəaliyyətə dair məhdudiyyətlər, təhlükəli ekoloji vəziyyətlərin aradan qaldırılması və digər müddəalar öz əksini tapmşdır. Yaşıllıqların mühafizəsi haqqında" (02.05.2014), "Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında " (10.12.2002), "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" (24.03.2000) Azərbaycan Respublikasının Qanunu ayrı-ayrı təbii komponentlərin və ekoloji balansın qorunmasın üzrə mühüm hüquqi baza formalaşdırıb. Prezident İlham Əliyevin 2010-cu ili ölkədə “Ekologiya ili” elan etməsi bu sahəyə diqqəti daha da artırmışdır. Dövlət başçısının müntəzəm təşkil olunan ağacəkmə aksiyalarına şəxsən qatılması, yeni parklar və yaşıllıq zonalarının salınmasına dəstək verməsi ətraf mühitin qorunmasına xüsusi diqqətin göstəricisi sayıla bilər. Ölkəmizin bir sıra təbiətin qorunması ilə bağlı bir sıra beynəlxalq konvensiya və protokollara da qoşulduğunu vurğulamaq lazımdır. Ətraf mühitin mühafizəsi ümümbəşəri vəzifə olduğundan dünya ictimaiyyətinin diqqətini bu məsələyə yönəltmək ciddi vəzifələrdən biridir. 1972–ci ildə Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin İsveçin paytaxtı Stokholmda keçirilən iclasında 5 iyun tarixinin Dünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunmasına qərar verilmişdir
Ekoloji şüur erkən yaşlardan formalaşdırılmalıdır
Ətraf mühitin mühafizəsi üçün nədən başlamaq lazımdır? Problemin qoyuluşu dialektik yanaşma tələb etsə də, ilk növbədə, insan fərdlərini kiçik yaşlarından zəruri biliklərlə silahlandırmaq və onlara ekoloji mədəniyyətin prinsiplərini aşılamaq lazımdır. Uşaqlar arasında 2 istiqamətdə maarifləndirmə aparılmalıdır. Gənc nəsil milli və qlobal səviyyədə ekoloji şüura yiyələnməli, antopogen fəaliyyətin ətraf mühitə təsirini tam mənası ilə dərk etməlidir. Hər bir şəxs vətəndaş kimi öz yurdunun, bəşər övladı kimi isə dünyanın ekoloji vəziyyəti və tarazlığı üçün məsuliyyət hiss etməli, onun pozulması hallarına barışmazlıq göstərməlidir.
Ekoloji tərbiyənin təməli ailə və uşaq bağçasında atılır. Erkən yaşlardan uşaqlarda təbiət hadisələrinə düzgün baxışlar yaratmaq, onlara təbiəti, canlıları sevdirmək, uşaq qəlbində xeyirxahlıq hissləri oyatmaq lazımdır. Əks halda qarşı ətraf mühitə, flora və fauna aləminə qarşı laqeydlik, hətta qəddarlıq, rəhmsizlik hissləri baş qaldıra bilər. Ailədə və uşaq bağçasında aparılan ekoloji tərbiyə işləri məktəbdə daha da inkişaf etdirilir və sistemli şəkil alır. Təlim prosesi ekoloji tərbiyənin çox mühüm yoludur. Ayrı-ayrı fənlərin tədrisində ekoloji təhsil və tərbiyə üçün böyük imkanlar vardır. İbtidai siniflərdə şagirdlər təbiətşünaslıq və ətraf aləmlə tanışlıq dərslərində təbiət və onun mühafizəsi haqqında ilkin təsəvvürlərə yiyələnir, onlarda təbiətə məhəbbət, onu qorumağın vacibliyi fikri aşılanır. Təhsilin daha yuxarı pillələrində isə uşaqlarda təbiəti mühafizə üzrə tələb olunan bacarıq və vərdişləri formalaşdırmaq, onları aktiv ekoloji fəaliyyətə cəlb etmək lazımdır. Ekoloji maarifləndirmə işini təbiət qoynuna, şəhərkənarı və milli parklara ekskursiyalar vasitəsilə təşkil etmək mümkündür.
Məsələ ilə bağlı fikirlərini bölüşən Coğrafiya elmləri namizədi, dosent, Bakı Dövlət Universiteti Coğrafiya fakültəsinin dekanı Şəkər Məmmədova Azərbaycanda şəhərlərin ekoloji durumunda gərginlik olduğunu xüsusi vurğulayır.
“90-cı illərə qədər Azərbaycanda emaledici sənaye sahələrinə aid müəssisələr fəaliyyət göstərdiyindən ətraf mühitin çirklənməsində neft-kimya sektorunun rolu böyük idi. İttifaq dağılandan sonar bir müddət ətraf mühitə atılan tullantıların miqdarı azalmağa başladı. 1995-ci ilə qədər ekoloji sabitlik müşahidə olunurdu. Bu vaxtdan sonar iqtisadiyyatda baş verən canlanma ilə əlaqədar xarici investorların ölkəyə axını başladı. Sənayedə müasir təmizləyici texnologiyalar atmosferin, suyun və torpaqların çirklənməsini xeyli azaltdı. Eyni zamanda ətraf mühitə atılan zərərli maddələrin miqdarına görə nəqliyyat vasitələrinin xüsusi çəkisi artmağa başladı. Ekoloji problemlərin yaranmasına səbəblər arasında avtomobillərdə istifadə olunan benzin və dizel yanacaqlarının standart göstəricilərinin aşağı olması xüsusi qeyd edilməlidir. Bu problem dünyanın bir sıra ölkələrində narahatlıq və müzakirə predmetinə çevrilib. Düzdür, Azərbaycan Avropada uzun müddət tətbiq olunan "AVO-2" standartına 2005 , "AVRO-3"-ə isə 2010-cu ildə qoşulmaqla ekoloji gərginliyin artmasına qarşı tədbirlər görməyə çalışır. Amma nəqliyyat vasitələrin sayının artması insanların stress yaşamasına, psixoloji yorğunluğuna gətirib çıxarır. Bunları, xüsusilə böyük şəhərlərdə müşahidə etmək olar. Ətraf mühitin sürətli dəyişməsi tənzimlənə bilmədiyindən yeni xəstəliklər meydana çıxır. Hava şəraiti ilə hesablaşmağa məcbur olan meteohəssas insanların sayı ildən-ilə artmaqdadır. Başqa sözlə, ekologiyanı korlayan insan, əslində özünə ziyan vurduğunu anlamalıdır".
Ş. Məmmədova ətraf mühitin mühafizəsinə hər bir vətəndaşın məsuliyyətlə yanaşmasının vacib olduğunu deyir.
"Ekoloji gərginliyi azaltmaq lokal miqyasda ailə, iş yeri, referent qruplardan başlayır. Dövlət səviyyəsində ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən istifadə ilə bağlı qanunlar qəbu olunub. Amma bu qanunlara nə dərəcədə riayət edirik və ümumiyyətlə edirikmi? İnsanlar təbii ehtiyatları çox zaman şəxsi mənafelərini rəhbər tutaraq mənimsəyir. İsrafçılıq cəmiyyətin əsas problemlərindən biridir. Hər gün minlərlə litr istifadə üçün yararlı və içməli suyun itkiyə getdiyini bilirsinizmi? Nəzərə almaq lazımdır ki, ifratçılığın da mahiyyəti eynidir. Məsələn, fermer təsərrüfatlarında kimyəvi gübrələr, pestisidlərdən istifadə olunur. Sahibkar 1 ton pestisid tələb olunursa, 2 tona qədər gübrə istifadə edir. Beləliklə, daha çox məhsul götürmək həvəsi torpağı yararsız hala salır. Azərbaycan indi qabaqcıl ölkələrdə geniş yayılan tullantıların təkrar emalı təcrübəsini tətbiq edir. Bu, müəyyən qədər ətraf mühitin saflaşdırılmasına təsirini göstərəcək. Lakin ekoloji tarazlığı saxlamaq, ilk növbədə insanların şüurundan və təbiətlə davranış mentalitetinin dəyişdirilməsindən asılı olan məsələdir. Elementar səviyyədən başlamaq lazımdır. Hər hansı vətəndaş tullantı qabları ola-ola istehlak etdiyi məhsulun qalıqlarını yerə atırsa, nə edə bilərik? Ekoloji maarifləndirməni gücləndirməliyik. Lazım gələrsə, cərimə sistemi işə düşməlidir.
Təbiətin səsinə qulaq asmaq lazımdır
Müəllifini unutduğum bir hekayə var. Sadəcə nəql edib nəticə çıxarmağı öz öhdənizə buraxıram.
"Bir dəfə Nyu-York sakini hindu dostu ilə şəhərin küçələrini dolaşırdı. Qəfildən hindu dayandı:
- Cırcıramanı eşidirsən?
Dostu ətrafa boylandı. Avtomobillər şütüyür, tikinti işləri gedir, insanlar harasa tələsirdilər. Təəccüblə soruşdu:
- Dəli olmusan? Bu səs-küydə də cırcırama səsini eşitmək olar?
Hindu isə israr edirdi. O, yaxındakı kolluğa tərəf getdi. Həqiqətən də, bankın qarşısındakı çəmənlikdən cırcırama səsi gəlirdi.
Nyu-York sakini təəccübünü gizlədə bilmədi:
-Qəribədir. Yəqin sənin fantastik eşitmə qabiliyyətin var.
Hindu gülümsədi:
- Məsələ bunda deyil. Bir bax.
O, cibindən bir ovuc xırda pul çıxarıb səkiyə səpdi. Dərhal ətrafdakılar bir nəfər kimi dayanıb boylanmağa, ciblərini yoxlamağa başladılar: bəlkə bu onların pullarıdır?!
Hindu davam etdi:
- Görürsən? Hər kəs eşitmək istədiyini eşidir".
Mütəxəsislərin də qeyd etdiyi kimi, Elmi-texniki tərəqqinin səs-küyü fonunda təbiətin fəryadını eşidə bilmiriksə, onun ağır formada intiqamı getdikcə daha çox nəzərə çarpacaq. Bunun nəticəsidir ki, texnogen qəzaların və təbii fəlakətlərin sayı, onların vurduğu ziyanlar, ölümün sayı hər il 5-10 % artır. Ətraf mühitin qayğıya müasir dövrdə ehtiyacı daha çoxdur. Gəlin, bu qayğını təbiətdən əsirgəməyək. Ən azından, kifayət qədər problemləri olan təbiətin sinəsinə daha bir yaranı biz vurmayaq. Bitki, torpaq, su, havaya şəxsi mülkiyyətimiz kimi sahib çıxaq.
Çapıb budaqlarını
Qabığını soyma sən.
Çox yemisən barını,
O ağaca qıyma sən.
Bəlkə nəyəsə möhtac,
Bəlkə su üçün acdır?!
Barlı-barsız həyatda
Ağac yenə ağacdır.
Xalq şairi Hüseyn Arifin şeirindən olan bu misralar insana, sanki bir ağsaqqal nəsihətidir. Tək ağaca yox, təbiətin bütün parçalarını özümüzə doğma bilməliyik. Ümumilikdə bəşəriyyətin gələcəyi bundan asılıdır. Əlimizdə olanları itirəndən sonra təəssüflənmək fayda verməyəcək.
Salamov Səbuhi
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün