25/02/2019
16:16
2237
| A A A
Belçika necə dünyanın ən böyük futbol güclərindən birinə çevrildi? - 7 yanaşma
Belçika ev sahibliyi etdiyi Avro-2000-də qrupda qalmaqla yerli azarkeşlərin ümidlərini puç etmişdi. Ancaq zamanla sözügedən qitə çempionatının Belçika futbolu adına hər şeyin başlanğıc nöqtəsi olduğu ortaya çıxdı. Bir zamanlar FIFA sıralamasında 66-cı olan ölkə liderliyə yüksəldi, dünya çempionatında bürünc medallara sahib çıxdı...
 
Bu transformasiyanın başında duran şəxslərdən biri Belçika Futbol Assosasiyası daxilində məşqçilərin təlimi üzrə şöbədə direktor kimi çalışan Kris Van der Haxendi. O, Belçika futbolunda baş verən inqilabın gedişində hansı detallara daha çox önəm verdiklərindən bəhs edəcək:
"2000-ci ildə Hollandiya ilə birlikdə Avropa çempionatına ev sahibliyi edirdik. Ancaq öz ölkəmizdə keçirilən turnirdə heç ikinci mərhələyə belə adlaya bilmədik. İşlər yaxşı gedəndə, adətən, insanlar bir-birlərini dinləmək istəmirlər. Avropa çempionatında isə işlər qaydasında getmədi. Ona görə də, hər kəsi masa arxasında toplayıb, nəyi səhv etdiyimizi müzakirə etməyin əsl vaxtı idi. Dəyişikliklərin əsasını məşqçi təlimi və məşq metodlarındakı dəyişikliklər təşkil edirdi.
 
 
1. Təməlində oyunçuların dayandığı yanaşma
Nə məşqçi, nə də komanda, baş rolda oyunçunun özüdü - bu, əsas prinsiplərdən biridi. Bunu dərk edəndən sonra, uşaq futbolunda onların sevdikləri şeyləri etməli olduğumuzu anlamaq da asanlaşır. Biz buna "fərdi yanaşma" deyirik. Önümdəki kimdi? - oyunçunun xarakteristikasını gözdən keçir və mühiti ona uyğunlaşdır.
2. Oyunçu sayını azalt
Uşaqlar böyüklər kimi yox, öz tərzlərinə uyğun şəkildə futbol oynamaq istəyirlər. Əgər uşağı böyüklər üçün olan velosipedə otuzdursan verəcəyi reaksiya belə olacaq: "Dəlisən?" Amma biz bunu futbolda edirik. Erkən yaşlardan etibarən onlardan 11v11 və ya 8v8 oynamaqlarını istəyirik. Bu, onların bacarıqları daxilində olan bir şey deyil.
Uşaq olanda ilk dəfə necə futbol oynamağa başlamısan? Özümdən nümunə çəkəcəm: qardaşımla birlikdə evdə, bağçada, qarajda, bir sözlə, mümkün olan və olmayan hər yerdə birə-bir futbol oynayırdıq. Driblinq və qol vurmaq - bu qədər.
Biz vəziyyətə uyğun situasiya yaratdıq. Bir nəfər qapıçı olurdu, iki nəfər isə meydanda qarşı-qarşıya gəlirdi. 1v1 oynayıb, qapıya yol tapmağa çalışırdılar. Bu formatı çox sevirdilər. Toxunuş sayı çox olurdu və qol vurmaq üçün kifayət qədər şans yaranırdı. Hər şey əyləncə mühitini formalaşdırmağa hesablanmışdı. Əyləncə isə onlar üçün qol vurmaq deməkdi.
Üç dəqiqədən ibarət iki hissə oynayırdılar. Sonra uduzanlar və udanları ayrı-ayrı meydançalarda toplayırdıq və bir-iki oyundan sonra artıq səviyyələri bir-birinə uyğun gələn uşaqlar üz-üzə gəlirdilər. Nəticədə, hamı qol vururdu, hamının qələbə qazanmaq üçün şansı olurdu, bu da onların əylənməsinə şərait yaradırdı.
Yadımdadı, yerli klubda çalışanda etdiklərimi görən valideynlərdən bəziləri deyirdilər: "Kris, sən dəlisən. Nə etmək istəyirsən? Futbol kollektiv oyundu, sən isə qapıya birini qoyursan, onları isə birə-bir oynamağa məcbur edirsən".
Belə cavab verərdim: "Hə, futbol kollektiv oyundu - ancaq yeniyetmələr və böyüklər üçün".
 
5-6 yaşında olan biri ötürmə vermək istəmir. Onlar, sadəcə, driblinq edib, qol vurmaq barədə düşünürlər. 6 yaşlılarla birlikdə 5v5 oynadığımız da olmuşdu. Problemlər yaranırdı, çünki ortada bir top var idi və bəzi oyunçular oyun boyu topa təmas edə bilmirdilər. Bir neçə həftə sonra uşaqlar şikayətlənməyə başladılar: "Bunu xoşlamırıq, əyləncəyil deyil". Ancaq U-14 səviyyəsinə çatanda 11v11 oynatmağa başlayırıq.
 
3. Motor bacarıqlarının inkişafı, hərəkətin təşviqi
Flamand hökuməti tərəfindən maliyyələşdirilən əla layihə var. Layihənin məqsədi uşaqlarda motor bacarıqlarının inkişafı, onları hərəkətə alışdırmaq və müəyyən yaşdan sonra özlərinə uyğun idman növünü seçməyə hazırlaşdırmaqdan ibarət idi. Uşaqları bir neçə idman üzrə aktivləşdirmək və onların irəli yaşlarda basketbol, futbol və ya istədikləri başqa idman növünü seçmələrini təmin etmək - bu, bizim fokuslanmaq istədiyimiz yanaşma idi. Mövzu çox önəmlidi. Adətən, valideynlər bir neçə il sonranı düşünüb məsələ ilə bağlı fikir yürütməyə üstünlük verirlər: "Uşağımın futbol oynamasını istəyirəm, o isə balon arxasınca qaçmaqla məşğuldu". Başa düşmürlər ki, hər şeyə təməldən başlamalısan. Əgər onlar bünövrədə ustalaşmasalar, mürəkkəb situasiyalardan baş çıxarda bilməzlər. Sonra hətta futbolu belə, sevməkdən boyun qaçıracaqlar.
4. Oyunçulara azadlıq vermək
45 il əvvəl ilk dəfə futbol oynamağa cəhd edəndə küçələrdən başlamışdım. Tez-tez məşqçilərdən soruşuram: "Kim küçə futbolu oynayıb?" Hakim yox idi, məşqçi yox idi, yəni istədiyini edə bilərdin, sərbəstlik var idi.
Yaradıcı oyunçu istəyirsənsə, sərbəstlik üçün şərait yaratmalısan. Müşahidə edən, yol göstərən, hədəflərinə çatmaqda uşaqlara yardımçı olan məşqçidən söhbət gedir - "Bunu elə, onu elə" deyən, onların yerinə qərarlar qəbul edən "PlayStation" məşqçisindən yox.
Şərait yarat, onları azad burax və ancaq gərəkli olanda yardım et. İmkan ver, özləri nələrisə kəşf etsinlər. Onlar düşündüyünüzdən daha ağıllıdılar.
 
5. Məşqlərdə əsl oyun situasiyaları yaratmaq
Futbol mürəkkəb oyundu və təməlində qərar vermə prosesi durur. Gənc oyunçular öz başlarına qərarlar qəbul edə biləcəkləri situasiyalara düşməlidilər. Oyun başlayandan sonra məşqçi amili itir. Futbolçu özü oyunu oxumalı və qərarlar qəbul etməlidi.
Oyunçuların öz başlarına qərarlar verəcəyi, oyunu oxuyacaqları və öyrənəcəkləri situasiyalar yaratmaq - məşqdə bu tip şeyləri təşviq etməlisiz. Bu, çox önəmlidi.
"Zona" və "zaman" anlayışlarını öyrənməlidilər. Futbol rəqibsiz oynanılmır. Ötürmə və zərbə çalışmalarına üstünlük vermək olar, ancaq sonra oyunçuların rəqiblə üz-üzə gəldiyi və "Özümə necə zona yarada bilərəm?" deyə düşündüyü situasiyalar yaratmalısız.
Bütün bu şeyləri ancaq oyun vəziyyətlərində öyrənmək mümkündü. Gənc olanda məşqdə bizdən bir fişkadan digər fişkanın yanındakı yoldaşımıza topu ötürməyimiz istənilirdi. Çox darıxdırıcı idi. Yadımdadı, məşqçiyə deyərdik: "Nə vaxt futbol oynayacağıq?" "Çalışmaları yaxşı yerinə yetirsəniz, sessiyanın sonunda futbol oynayacağıq", - deyə cavab verərdi.
Artıq biz bu konsepti tamamilə dəyişdirmişik. "Oyunçularınızın oyunu sevməyi üçün şərait yaradın" - məşqçilərin əsas şüarı bu olmalıdı. Yalnız bundan sonra onların oyunu öyrənmələrinə yardımçı ola bilərsiz. Əsl oyun situasiyalarının sayını maksimallaşdırmaqla onlara futbolu sevdirmək olur.
 
6. Qələbə önəm daşımır
U-14 səviyyəsinə qədər turnir cədvəlindən istifadə etmirik. Bunun uğrunda çox mübarizə aparmışıq. Məşqçilər turnir cədvəli, 14 yaşdan öncə titul qazanmaq barədə düşünmədən, sadəcə, oyunçularının inkişafına yönəlməlidilər.
Normalda məşqçilər qələbəyə meylli olurlar. Buna görə də, adətən, yaxşı, böyük və ya güclü oyunçulara komandada yer verirlər. 75% hallarda isə gec inkişaf edən uşaqlar əvəzedicilər skamyasında oturmalı olurlar.
Bir digər tətbiq etdiyimiz format dörd period halında oynamaq idi. Birinci və üçüncü periodların sonunda əvəzedicilər hamısı meydana çıxırdılar. Məşqçilər ancaq birinci və üçüncü periodların axırında əvəzetmə edə bilirdilər. Başqa cür olsaydı, oynamaq yerinə, əvəzedicilər skamyasında oturaraq inkişafdan qalacaqdılar.
Şüarı xatırlayın: "Əvvəlcə oyunu sevin, öyrənmə prosesi ancaq bundan sonra başlayır".
 
7. Gec inkişaf edən oyunçuların qeydinə qalmaq
Gec inkişaf edən futbolçuların, lazım gələrsə, bir yaş balacalarla oynamasında problem yoxdu. Orada özlərinə bab oyunçularla mübarizə apara, bacarıqlarını nümayiş etdirə bilərlər. Bunu etmədiyiniz təqdirdə gec inkişaf edən bir neçə böyük istedadı qaçıra bilərsiniz. Naser Şadli, Dris Mertens, Kevin De Bröyne - onlar hamısı gec formalaşan futbolçular idilər. Kevin U-18-ə kimi milli komandalara düşə bilməyib, ancaq indi o, Premyer Liqanın ən yaxşı oyuçusu hesab olunur.
İspaniyada - "Real"da və "Barselona"da, həqiqətən də, gec formalaşan futbolçulara böyük önəm verilir, çünki sözügedən klublar onların potensialının fərqindədilər. Elə oyunçulara böyüyəcək qədər zaman tanısanız, aralarından Messi və ya İnyestavari, beyinlərini, oyun zəkalarını inkişaf etdirən biriləri çıxa bilər. Oyunu oxumaq, cəld qərarlar qəbul etmək və ağlındakıları həyata keçirməyi bacarmaq - müasir futbol elə bunları tələb edir".
Mənbə: Kris Van der Haxen - Way of Champions Podcast
 
Tərcümə: Sport7.az

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
MANCHESTER UNITED
%
LIVERPOOL
%
PORTO
%
JUVENTUS
%
AJAX
%
MANCHESTER CITY
%
TOTTENHAM
%
2988 səs