Qış transfer dönəmini səssiz keçirən Qəbələ axtarışlarını davam etdirir.
Goal.az xəbər verir ki, bir neçə yerli futbolçu ilə maraqlanan “qırmızı-qaralar” hücum xəttindəki oyunçuların sayını artırmağı planlaşdırır.
Rəhbərlik Estoniyanın Narva klubunun forvardı Nurlan Novruzovdan sonra Səbail-in ön xətt oyunçusu Amil Yunanova da maraq göstərməyə başlayıb. Səbail-lə müqavilə müddəti mövsümün sonuna qədər olan 28 yaşlı Yunanov da yetirməsi olduğu komandaya qayıtmağın əleyhinə deyil.
Bu keçid reallaşarsa, Amilin karyerasında ikinci dəfə Qəbələ macərası başlayacaq. 2011-ci ildə akademiyadan əsas komandaya cəlb edilən futbolçu 2 il Premyer Liqada çıxış etdikdən sonra Qəbələ-dən ayrılıb.
Qeyd edək ki, Amil Yunanov cari mövsüm çempionatda 5 oyun keçirib, 1 qola imza atıb.