Milliləşdirmə üçün ölkə xaricində axtarışlarını davam etdirən AFFA-nın geniş siyahısında olan daha iki futbolçunun adı müəyyənləşib.
Goal.az xəbər verir ki, assosiasiya İngiltərə və Fransada çıxış edən oyunçuları yaxından izləyir.
Bunlar Roterham-ın yarımmüdafiəçisi Daniel Barlezer və Renn-in hücumçusu Metehan Güçlüdür. İngiltərə Çempionatında çıxış edən Barlezerlə danışıqlarda hətta müəyyən irəliləyiş də var. Newcastle-nin yetirməsi olan 24 yaşlı orta sahə oyunçusunun növbəti toplanışa milliyə çağırılması istisna deyil.
AFFA-nın seleksiyaçıları hazırda icarə əsasında Valensyenn-də çıxış edən 22 yaşlı Metehanı da yaxından izləyirlər. Forvardın mövsümün sonunda hətta Azərbaycana köçmək və Premyer Liqada çıxış etmək variantı da nəzərdən keçirilir.
Newcastle-nin akademiyasında yetişən Daniel Barlezerin klubla müqavilə müddəti 2023-cü ilin yayına qədərdir. Bir həftə sona 24 yaşı tamam olacaq Barlezer Türkiyənin U-16, U-17 və İngiltərənin U-18 yığmasında çıxış edib.
Metehan Güçlü isə PSG-nin yetirməsidir. 2019-cu ilin yayında transfer olunduğu Renn-lə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.