Futbol üzrə İtaliya milli komandası son 5 ildə ilk dəfə böyük hesabla uduzub.
Goal.az xəbər verir ki, "Skuadra Adzurra" Argentinaya Finalissimada 0:3 hesabı ilə yenilib.
Sonuncu dəfə 3 top fərqlə məğlubiyyət 2017-ci ilin sentyabrında eyni hesabla İspaniyadan alınıb. İtaliya ötən il əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşmış final görüşündə İngiltərəyə penaltilərlə 5:4 hesabı ilə qalib gələrək, AVRO-2020-nin qızıl medalçısı olub.
Argentina yığmasının kapitanı Lionel Messi isə milli komandada ikinci titulunu əldə edib. Bu kollektiv 2021-ci ildə finalda Braziliyanı 1:0 hesabı ilə yenərək, Amerika Kubokunu qazanıb. Messi 2014-cü il dünya çempionatında da titul əldə etməyə yaxın olub. Lakin həmin vaxt Argentina həlledici qarşılaşmada Almaniyaya 0:1 hesabı ilə uduzub və gümüş medalla kifayətlənib.
Ümumilikdə isə PSG-nin futbolçusu karyerasında 40-cı kubokunu qazanıb. Təcrübəli forvard əldə etdiyi titulların sayına görə Barcelona-dakı sabiq komanda yoldaşı Andres İnyestanı geridə qoyub.
Bu göstəricidə Barcelona-nın və Braziliya millisinin oyunçusu Daniel Alveş liderdir. 39 yaşlı cinah müdafiəçisi karyerası ərzində 47 kuboka sahib olub. (report)