22/09/2022
10:52
2740
| A A A
Türkiyə B Liqasına, Danimarka və Niderland final mərhələsinə vəsiqə qazana bilər

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start veriləcək.

Goal.az xəbər verir ki, A, C və D Liqalarında ümumilikdə 10 oyun keçiriləcək.

A Liqasında Danimarka və Niderland seçmələri bu tur final mərhələsinə vəsiqəni təmin edə bilər. Bunun üçün 1-ci qrupda yer alan skandinaviyalılar Zaqrebdə Xorvatiyaya, "narıncılar" isə Varşavada Polşaya qalib gəlməlidir.

Bundan başqa, 1-ci qrupda Fransa millisi evdə Avstriyaya uduzsa, sona 1 tur qalmış A Liqası ilə vidalaşacaq.

Gecənin maraqla gözlənilən matçlarından biri C Liqasında olacaq. Türkiyə yığması Lüksemburqu qəbul edəcək. "Ay-ulduzlular" evdə rəqibinə uduzmasa, vaxtından əvvəl B Liqasına vəsiqə qazanacaq.

Azərbaycan millisinin yer aldığı 3-cü qrupda da bir məsələlərə aydınlıq gələ bilər. Slovakiya evdə Canni De Byazinin baş məşqçi olduğu komandaya uduzsa, Qazaxıstan Belarusla matçın nəticəsindən asılı olmayaraq, qrup qalibi olacaq və B Liqasına yüksələcək.

D Liqasında isə Latviya millisi bu tur qrup birinciliyini vaxtından əvvəl təmin edə bilər. (report)