Qarabağ-ın baş məşqçisi Qurban Qurbanov dünyada ən uzun müddət bir klubda çalışan 5-ci mütəxəssisdir.
Goal.az xəbər verir ki, 51 yaşlı məşqçi 15 ildir Ağdam klubuna rəhbərlik etməklə buna nail olub.
Hazırda fəaliyyətini davam etdirənlər arasında onu cəmi 4 həmkarı qabaqlayır. Bu baxımdan rekordçu cənubi afrikalı Como Sonodur. 68 yaşlı mütəxəssis 1983-cü ildən bəri, yəni 40 ildir ölkəsində Como Kosmos klubunun baş məşqçisidir.
İngiltərənin aşağı liqasında fəaliyyət göstərən Brent Peters 25 ildir Bakup Boro-nu oyunlara çıxarır. Şimali irlandiyalı Stefen Bakster 18, almaniyalı Frank Şmidt isə 16 ildir ki, eyni klubun sükanı arxasındadır.
ABŞ komandası Sporting Kanzas-City-yə 2009-cu ildən rəhbərlik edən Peter Vermes klubu ilə müqavilə müddətini yenicə 2028-ci ilə qədər uzadıb. O, dünyanın ən uzunmüddətli məşqçiləri siyahısında 7-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Qurban Qurbanov 2008-ci ildən Qarabağ-ın baş məşqçisidir. Komanda onun rəhbərliyi altında 8 dəfə Premyer Liqanın, 5 dəfə Azərbaycan Kubokunun qalibi olub. (report)