"Qarabağ üzərində qələbə bizə psixoloji impuls verdi".
Goal.az xəbər verir ki, bunu Gent-in baş məşqçisi Heyn Vanhazebruk Belçikada Qarabağ-a əsas vaxtda 1:0, penaltilər seriyasında isə 5:3 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu barədə danışarkən deyib.
59 yaşlı mütəxəssis bildirib ki, bu qalibiyyət növbəti matçlarda komandaya kömək edəcək: "Amma realist olmaq lazımdır. Bizi gözləyən problemlərdən də xəbərdarıq. Son matçda komandamızda olan 21 oyunçudan 10-u yaxşı vəziyyətdə idi. Bu, bir komandanı meydana çıxarmaq üçün kifayət edir. Amma Qarabağ-la oyunda 5 futbolçumuz zədələndi. Onların Brügge-yə qarşı çempionat matçında meydana çıxmaları sual altındadır. Onların adlarını çəkməyəcəyəm. Çünki bu, rəqibin əlinə oynamaq olar".
Qeyd edək ki, Bakıdakı ilk oyunda Qarabağ-a məğlub olan (0:1) Gent cavab görüşündə eyni hesabla qalib gəlib. Əlavə vaxtda nəticə dəyişmədiyindən penaltilər seriyasına keçilib. Zərbələri daha dəqiq yerinə yetirən meydan sahibləri adını 1/8 finala yazdırıb. (report)